Bakının ən müqəddəs məkanlarından biri: BURADA HƏR KƏS CAVİD OLUR - FOTOREPORTAJ
Bizi izləyin

Art

Bakının ən müqəddəs məkanlarından biri: BURADA HƏR KƏS CAVİD OLUR - FOTOREPORTAJ

Bəzi dahilər olur ki, onlar təkcə öz ömürlərini yaşamırlar. Bütöv bir dövrün axını onların taleyindən keçir. Sanki hər kəsin ömrünü onlar yaşayırlar. Və əksər tarixi şəxsiyyətlərdən fərqli olaraq, bu cür insanlara heç bir qara söz, ləkə, hətta irad yapışmır. Cavid əfəndi kimi... Onun adı gələndə, sanki bütün dünya dillərindəki mənfi sözlər yoxa çıxır. Adı ilə bərabər arınma, duruluq, saflıq, ilahi gözəllik gətirir.

***

Ömrü totalitar sovet rejiminin qəddarlığının və repressiya zülmlərinin aynasına çevrilən Cavidimiz 1882-ci ildə Naxçıvanda anadan olub, 1941-ci ildə Sibirdə dünyasını dəyişib. Ancaq Naxçıvanla Sibir arasındakı böyük ərazi də onun həyat və yaradıcılığının sərhədləri içində itib-batır.

Hüseyn Cavidi canlı görmək xoşbəxtliyi bizlərə qismət olmayıb. Heç bolluca fotoları da yoxdur ki, baxıb, onu görmək kimi nəhəng mənəvi aclığı dəf edə bilək. Ancaq Bakıda bir məkan var ki, buranın qapısını açıb içəri girən kimi bu əzəmətli şəxsiyyətin yanında olduğunu, hətta nəfəs nəfəsə dayandığını hiss edirsən.

***

Hüseyn Cavidin Ev Muzeyi...

Burada ilk qarşılaşdığın şey insanın hüceyrələrinə qədər işləyən sükutdur. Ancaq özünü bu sükuta təslim etdikcə, ruhuna heç birimizin heç vaxt eşitmədiyi əzəmətli bir səs süzülür. Gün işığı kimi...

Anlayırsan ki, bu səsin sahibi hər an incidilən, kindən-küdurətdən, nifrətdən, yamanlıqdan arınmış biridir. Su kimi...

Ruhuna sığal çəkirmiş kimi pıçıldayır:

“Hər kəsin bir еşqi, bir illahı var,

Mənim tanrım gözəllikdir, sеvgidir”.

Barmağını dişləyib, dünya durduqca duracaq bu iki sözü pıçıldayırsan: “Cavid əfəndi...”

Əgər sual edələr - Cavidin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub maali-vətən”.

***

Onun misraları, fikirləri səsə çevrilib mənzilin hər küncündən beyninə dolmağa başlayır. Beləcə, fikir-fikir, söz-söz səni də Cavidləşdirir. Hüseyn Cavid olursan.

***

1920-1937-ci illərdə yaşadığı bu ev Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qızlar məktəbinin binasında yerləşir. Sonradan ümumi məktəbə çevrilən bu binada həm dərs deyib, həm yazıb-yaradıb, həm də yaşayıb. Görəsən, sonuncu sözümlə özü razılaşardımı?..

***

Muzeyin ən vacib hissəsi “repressiya otağı” adlanan guşədir. Hüseyn Cavid bu otaqda tutulub, həbsxanaya aparılıb. Keşlə zindanındakı iki illik sorğu-sualdan sonra Sibirin İrkutsk vilayətinə sürgün olunub. Bütün bunları bizə həbs olunarkən masasının üzərində qalan “Azər” poemasının yarımçıq əlyazmaları da söylədilər.

Burda bir əsa da var. Dünya şairinə dik durmaqda kömək olan əsa. Tutulanda onu götürməyib. “Daha mənə lazım olmayacaq” deyib...

Eynəklərini götürməyi isə unudub. Nə sehrdirsə bu eynəkləri görən kimi toxunmaq istəyirsən. Ancaq təəssüf ki, olmaz...

Cavid əfəndi əla nərd də oynayırmış. Bir vaxtlar onu qalib edən, uduzduran, güldürən, cırnadan zərlər də burada ömrünün “du-bir” çağını yaşamaqdadır. Heç vaxt ağlıma gəlməzdi ki, adi zər bu qədər yüksək dəyər, mahiyyət daşıya bilərmiş.

***

10 iyul 1995-ci ildə mərhum liderimiz Heydər Əliyev Hüseyn Cavidin Ev Muzeyinin yaradılması ilə bağlı göstəriş verib. 24 oktyabr 2002-ci ildə, Hüseyn Cavidin 120 illik yubileyi günündə Muzeyin açılış mərasimində iştirak edib.

Muzeyin ilk rəhbəri onun irsini qoruyub, bizə çatdıran qızı, həmişə yüksək sayğı ilə anacağımız Turan Cavid olub. Ömrünün sonuna qədər (2004-cü il) buradakı hər bir əşyanın üzərində əsib. Onun gərgin əməyi nəticəsində muzeyin əsas fonduna 5000, elmi-köməkçi fondlarına isə 300-dən artıq eksponat toplanıb. Muzeyin ekspozisiya və fonotekasını Hüseyn Cavid irsinə aid yeni audio və video yazılarla zənginləşdirib.

Hazırda bu işləri muzeyin direktoru, Cavidlər irsinin tədqiqatçısı, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı davam etdirir.

***

Muzeyin ən diqqətçəkən hissələrindən biri də Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidə ayrılmış guşədir. Bu guşədə 24 il yaşamış və vərəm xəstəliyindən nakam vəfat etmiş çox istedadlı bir gəncin rəsm əsərləri, boyaları, musiqi dəftərləri, bəstələdiyi musiqilərin valları sərgilənir.

Şeir yazan, həmçinin folklor nümunələrini toplamaqla məşğul olan bu gənc bir az da yaşasaydı, adını Üzeyir Hacıbəyovla yanaşı çəkə biləcəyimiz bəstəkarlardan, ziyalılardan olacaqdı. Buna heç kimin zərrə qədər şübhəsi yoxdur. Cəmi 24 ilə sığışdıra bildiyi yaradıcılıq fəaliyyəti də bunu sübut edir.

Onun Üzeyir bəyə yazdığı məktublar da muzeydə qorunur.

***

Sürgünə qədər Azərbaycanı heç vaxt tərk etməyən Hüseyn Cavidin nəşi Heydər Əliyevin göstərişi ilə Sibirin sıx meşəliklərində yerləşən Şevçenko kəndindəkı qəbiristanlıqda aparılan axtarışlar nəticəsində tapılıb. 59 nömrəli məzar... Dünyaya sığmayacaq şəxsiyyəti bu iki rəqəm altında dəfn ediblər.

Bundan sonra mərhum prezidentimiz Heydər Əliyev Cavidin cənazəsinin vətənə gətirilməsi ilə bağlı göstəriş verir.

Şevçenko-Tayşet-İrkutsk-Moskva-Yerevan-Naxçıvan marşrutu Ümumilli liderin götərişi ilə Şevçenko-Tayşet-İrkutsk-Moskva-Bakı-Naxçıvan marşrutu ilə əvəzlənir.

1982-ci il oktyabrın 26-da Hüseyn Cavid Naxçıvana qayıdır... Evinin qarşısında dəfn edilir. 1996-cı ildə isə qəbri üzərində məqbərə ucaldılır. İndi bu ocaqda Hüseyn Cavid, həyat yoldaşı Mişkinaz xanım, oğlu Ərtoğrlu və qızı Turan uyuyur.

***

Bu ocaq dünyada insanlara əsl iblisin kimliyini pıçıldayan, unutmağa qoymayan bəlkə də yeganə yerdir. Və dünya durduqca insanlığa bu misraları pıçıldayacaq:

Ulucay Akif

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm