• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Cümhuriyyətin 100 illiyi şərəfinə Musiqili Teatrda premyera

  • Art
  • 10 Mart 2018 22:00
Cümhuriyyətin 100 illiyi şərəfinə Musiqili Teatrda premyera

Martın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası Milli Teatr Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda, Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunub.

Publika.az xəbər verir ki, bütün iştirakçıları milli teatrın yaranmasının 145 illiyi münasibətilə təbrik edən Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Azərbaycan teatrının çətin, lakin şərəfli bir yol keçdiyini bildirib. Qeyd edib ki, son 10 ildə Azərbaycan teatrı dünyanın 50-dən çox ölkəsində qastrollarda olub və beynəlxalq festivallarda iştirak edib.

Bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyini söyləyən sənətşünaslıq doktoru vurğulayın ki, bu tədbirlərə teatrlarımız da qoşulub və öz töhfəsini verməkdədir.

Bildirilib ki, quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb. Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəyli obrazının canlandırılacağı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin lakin, şərəfli mübarizə yolundan bəhs edir.

Sonra tamaşa təqdim olunub.

Tamaşada rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqü Hüseynov, Anton Ferşdant, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov, Şaban Cəfərov, Fərid Rzayev və Elməddin Dadaşov ifa ediblər.

Maraqla baxılan bu səhnə əsərində böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunub. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibçisi Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

"Nuri-didə Ceyhun” pyesində hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir. Tamaşada Azərbaycanı müstəqil ölkə və dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyəti önə çəkilir. Fransada Yurd həsrətli yuxuları ilə təskinlik tapan Ceyhun Hacıbəyli anasının intizarına, həyat yoldaşı Zöhrənin istəyinə, qardaşı Üzeyirin çağırış məktublarına və bütün digər təkidlərə baxmayaraq, doğma diyarına geri dönmür. Səbəb isə gün kimi aydındır. Qardaşı Üzeyir Hacıbəylinin təhdidlərə məruz qalacağından qorxur. İztirablarla dolu həyatında bir-birinin ardınca verdiyi itkilər, psixoloji cəhətdən aldığı zərbələr nəticəsində ömrünün sonuna qədər mühacir həyatı sürür. Keçirdiyi bütün sarsıntılara baxmayaraq, Ceyhun tamaşanın sonuna qədər mübariz ruhu ilə sabaha ümidini itirmir. (AZƏRTAC)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR