• USD 1,7000 0,00% EUR 1,8914 -0,07%
    • GBP 2,1218 +0,81% RUB 0,0247 +2,02%

Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu

  • Art
  • 7 Aprel 2018 16:45
  • 1 096 Baxış
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu

Bu gün Atatürk Mərkəzində yazıçı, jurnalist Qurban Yaquboğlunun "Mən yoxam" kitabının (roman və esselər) təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə millət vəkili Fazil Mustafa, APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı, "Le carrefour"-un baş redaktoru Zeynəb Kazımova, "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camal, diktor Rafiq Haşımov, Fəxri Uğurlu, Azər Qaraçənli, Zahid Sarıtorpaq, Nəriman Qasımoğlu, Fəxri Uğurlu, Şərif Ağyar, tənqidçi İradə Musayeva, "Qanun" nəşr evinin rəhbəri Şahbaz Xuduoğlu və bir sıra digər qələm sahibləri və media nümayəndləri iştirak ediblər.

Tədbiri çıxış nitqi ilə yazıçı, jurnalist Azər Qaraçənli açıb. O bildirib ki, kitab Azərbaycanın ədəbi mühitində özünəməxsus yer tutacaq: "Qurban müəllimin qələmi ədəbiyyatımızda seçilir. Onun oxucu kütləsi də bunu deməyə əsas verir ki, Qurban müəllim insanın ruhuna xitab edəcək əsərləri qələmə ala bilir. "Mən yoxam" romanını digər əsərlərdən seçən əsas cəhət də oxucularını nəşrə qədər həsrətdə saxlaması olub. Kitabın içərisindən heç bir motiv bu günə qədər mətbuatda yayımlanmayıb. Qurban Yaquboğlunu yaxından tanıyan bir insan kimi demək istəyirəm ki, o olduqca etibarlı dost, istedadlı şair, publisist, jurnalistdir. Qurban Yaquboğlunu təbrik edir, ona uğurlar arzu edirəm".

Qurban Yaquboğlu dəvətliləri salamlayıb və kitab haqqında qısa məlumat verib: "Kitab haqqında geniş danışmaq istəmirəm, oxuyuculara maraqlı olsun. Bədii ədəbiyyat heç vaxt təkrarlanmır. Mənim bu kitabı yazmaqda əsas məqsədim kitab oxucularının sayının artmasıdır. Kitabda 50 illik həyatımın müəyyən hissələri yer alıb. Acılı-şirinli 50 illik həyatımı təsvir etməyə çalışmışam. Bu gün vaxt ayırıb bu təqdimata gələn bütün dostlara təşəkkür edirəm. Ümid edirəm ki, kitab maraqla qarşılanacaq və seviləcək".

Şair Zahid Sarıtorpaq bildirib ki, ilk dəfə onun şeirini oxuyanda ondan soruşdum ki, bunu həqiqətən sən yazmısan? "Dedi hə. Dedim narahat olma, bu şeiri çap etdirəcəm. O zaman onun necə istedadlı bir qələm sahibi olduğunu anladım".

Yazarın orta məktəb müəllimi Alxan Bayramoğlu qonaqları illər əvvələ, Qurban Yaquboğlunun orta məktəb illərinə apardı: "Qurban məktəb illərindən yazıb-yaradır. Həmişə görürdüm ki, nəsə yazıb-pozur. Qurbanın çoxsaylı şeirləri "Pioner" jurnalında dərc edilirdi. Ona ailəsi dəstək olsa da, əsas dəstəyi ona Allah tərəfindən verilən istedadı olub. Qurbanı hər zaman irəli aparan onun incə ruhu, güclü qələmi olub".

Millət vəkili Fazil Mustafa Q.Yaquboğlunun yaradıcılığından danışıb: "QurbanYaquboğlu həm ədəbiyyatda, həm də mətbuatda özünəməxsus yer tutub. Yazıçı həyata baxışı, hadisələrə özünəməxsus yanaşması onu fərqləndirir. Mən onun esseleri, romanları ilə tanışam. Oxuduqlarım əsasında onu deyə bilərəm ki, yazıçılıq çox incə və qəliz sənətdi. Sözlərlə cəmiyyətə özünü sevdirə bilmək çox çətindir. Qurban Yaquboğlu isə öz hisslərini kifayət qədər gözəl şəkildə misralara köçürərək oxucu kütləsini öz yaradıcılığına aşiq edə bilib. Kitabı dərk edən kütlə, ədəbiyyatı sevən nəsil gələcəyimiz üçün yüksən perspektivlər vəd edir. İnsan oxuduqca kamilləşir. Bizlər də çalışırıq ki, bu cür dəyərləri qoruyub gələcək nəsillərə ötürək və Azərbaycanın mənəvi dəyərlərinə sahib çıxaq. Qurban Yaquboğlu bu günə qədər özünü bir qədər geridə saxlasa da, artıq bu gündən sonra onun daha irəlidə və üzdə olmasını diləyirəm".

"Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı Qurban Yaquboğlunu təbrik edərək ona uğurlar arzu edib: "Burada yığışan dostların hər biri Qurban Yaquboğlunu sevənlərdir. Mən kitabla tanış olmasam da, bilirəm ki, kitab onun özü haqqındadı. Yazıçı ilk dəfə özünü yazmağı bacarmalıdır. Qurban Yaquboğlu 50 ildə ilk kitabını dərc etdirib. O, o qədər sadə insandır ki, bu yaşına qədər ilk müsahibəsi də bu yaxınlarda mətbuatda dərc olunub. Cəmiyyət arxada dayanan, lakin toplumun problemlərini öz çiyinlərində daşıyan insanlarla zəngindir.

Qurban Yaquboğlu ilə bizim 19 illik tanışlığımız var. Onunla ilk dəfə "Şans" qəzetində tanış olmuşuq. Humanitar şöbədə mənim redaktorum olub və ilk köşə yazılarımı o, redaktə edirdi. Qurban Yaquboğlunun sözə necə qiymət verdiyini o dövrlərdən görmüşəm. Bilirəm ki, yazıçı bütün enerjisini yaradıcılığa sərf etməlidir. Təəssüf ki, bu şəraiti yaratmaq bir qədər çətindir. Məişət qayğıları insanları digər sahələrdə, eləcə də mediada çalışmağa sövq edir. Arzu edirəm elə nəşriyyatlar formalaşsın ki, yazıçılar yalnız yaradıcılıqları ilə öz dolanışıqlarını sağlaya bilsinlər. Sevindirici haldır ki, bu gün paytaxda çoxsaylı kitab mağazaları var. Bu da cəmiyyətdə oxucuların sayının artmasına işarədir. Qurban müəllim, inşallah sizin 50-ci kitabınızın təqdimatına toplaşaq. Sizə uğurlar arzu edirəm".

Kitab təqdimatında çıxış edən Vüsalə Mahirqızı da Qurban Yaquboğlunun onun da redaktoru olduğunu vurğulayıb: "Kitabla tanış olmasam da, bir neçə səhifəsini vərəqlədim. Siz hər zaman düşündürücü cümlələrlə oxuculara xitab edirsiz. Həm yaradıcılıqda, həm mətbuatda. Bu kitabı 50 il gözlədik. Ümid edirəm ki, bu kitabların sayı artacaq. Əlimizdə tutduğumuz bu kitab sizin ürəyinizdir. Düşünürəm ki, yazıçılar öz əsərlərinə ürəklərini qoyurlar. Bu istiqamətdə sizə yaradıcılıq uğurları arzu edirəm. Artıq Azərbaycanda yüksək qonararla yazıçıların yaradıcılıqları işıqlandırılır. Elə media da yazıçıların əsərlərinə geniş yer verərək onların yaradıcılığının təbliğinə diqqət ayırır. Mən çox şadam ki bu gün burda media nümayəndələri ilə yanaşı gözəl qələm sahibləri də toplaşıb".

Yazıçı, jurnalist Fəxri Uğurlu yazıçının bu kitabının nəşrini ədəbiyyatımızda böyük hadisə adlandırıb.

Nəriman Qasımoğlu da yazıçı və kitabla bağlı fikirlərini bölüşüb: "Onun yaradıcılığına hər zaman inanmışam. O, qarşıda qoyduğu məqsədinə çatmaq üçün bütün maneələri aşmağı bacarıb. Həyat 50 yaşdan sonra başlayır. Yaradıcı insanlar heç zaman qocalmır. Qurban Yaquboğlu yaradıcılıq yenilikləri ilə oxucularını kitabın əsirinə çevirəcək. Bu kitab ədəbiyyatımızın gözəl nümunələrindən biri olacaq".

Yazar Şərif Ağayar Qurban Yaquboğlunun yaradıcılığının çoxşaxəli olduğunu deyib: "Qurban müəllimin "Mən yoxam" romanı heç vaxt uduzmayacaq. Romanın bəlli bir motivi insan ruhuna xitab edir. Hekayənin finala gedən mərhələsi, müxtəlif duyğularla keçidlər onu göstərir ki, süjet birbaşa Qurban Yaquboğlunun kitabı deyil, "ömür kitabıdır".

Tənqidçi İradə Musayeva bildirib ki, ədəbi proseslərin düzgün mövqedən təsviri hər yazıçının işi deyil: "Ucqar kənd həyatından roman yazmaq qəlizdir. Arzu edərdim ki, gənc yazarlar bu məqamlara toxunsun. İstedad elə bir şeydir ki, ilk abzasdan artıq yazıçının hansı ruha sahib olması görünür. Bu, Qurban Yaquboğlunun özünü bizə təqdim etdiyi ilk kitabıdır".

Könül Cəfərli

FOTO Səfiyar Məcnun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR