Qəbələdə insanları heyrətə gətirən ukraynalı QƏRİBƏ QONAQLAR - REPORTAJ (FOTO/VİDEO)
Bizi izləyin

Art

Qəbələdə insanları heyrətə gətirən ukraynalı QƏRİBƏ QONAQLAR - REPORTAJ (FOTO/VİDEO)

Xəbər verdiyimiz kimi, Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən X Qəbələ Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

Festival çərçivəsində qonaqlara Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Macarıstan, Gürcüstan, İsrail, Türkiyə, Kuba və digər ölkələrin tanınmış müğənni və musiqiçilərinin iştirakı ilə maraqlı və rəngarəng musiqi proqramı təqdim olunub. Festivalın 10 illik yubileyi çərçivəsində təşkilatçılar əyləncə proqramına daha rəngarəng və yaddaqalan yeniliklər əlavə ediblər. Belə ki, bu tədbirin tarixində ilk dəfə olaraq festivalda fan-zona fəaliyyət göstərib. Turistlər və yerli əhali "Qəbələnd" əyləncə mərkəzinin ərazisində yerləşən fan-zonanı ziyarət edərək Musiqi Festivalı haqqında məlumat toplayıb. Fan-zonada açıq havada zövqlü musiqi və rəqslər, müxtəlif hədiyyəli müsabiqələr, fotoşəkillər çəkdirmək üçün xüsusi məkanlar, habelə uşaqlar üçün əyləncələr təşkil olunub.

Xüsusilə festivalı gözəlləşdirən canlı heykəllərin şousu həm böyüklər, həm də uşaqlarda xüsusi maraq doğurub. Uzun müddət hərəkətsiz qalan, hərdənbir qeyri-adi hərəkətlər icra edən canlı heykəllər tamaşaçıların bütün diqqətini öz üzərinə cəlb edə bilib. Yeri gəlmişkən, canlı heykəllər dünyanın bir çox ölkələrində məşhurdur. Onlar Avropa şəhərlərinin əsas meydanlarında və qızğın küçələrində tamaşaçıları əyləndirirlər.

Qeyd etmək lazımdır ki, canlı heykəllər artıq festivalın təntənəli açılış günündən böyük populyarlıq qazanmışdı. Festival çərçivəsində insanlar canlı heykəllərə yaxınlaşaraq onlarla çoxlu şəkillər çəkdirmək üçün növbəyə düzülürdü, həm də tam təmənnasız.

Məxsusi olaraq Qəbələ Beynəlxalq Musiqi Festivalı üçün Ukraynadan gələn canlı heykəllərlə söhbət etmək imkanı əldə etdik. Onlar bildirdilər ki, Kiyev Canlı Heykəllər Teatrının peşəkar aktyorlarıdırlar.

Azərbaycana ilk dəfə gəldiyini deyən aktrisa Yekaterina Xvorostinkanın sözlərinə görə, Qəbələnin təbiətinə heyran qalıb. O, qeyd edib ki, canlı heykəl kimi çalışan kiçik kollektivləri dörd nəfərdən ibarətdir. Yekaterina bildirib ki, festival onda böyük təəssüratlar oyadıb:

“Hamımız yaradıcı insanlarıq. Bizi konsert proqramları və beynəlxalq festivallar üçün dünyanın müxtəlif ölkələrinə dəvət edirlər, mütəmadi qastrollara gedirik. Hər birimiz klassik musiqiçi obrazlarını canlandırırıq. Bu obrazlar, kostyumlar və oyuncaq musiqi alətləri özəl olaraq Qəbələ festivalı üçün hazırlanıb.

Üzümüzdə gördüyünüz qrimin dəriyə heç bir ziyanı yoxdur, suya davamlıdır, onları xüsusi təmizləyici kosmetik vasitələrlə silirik.

Heykəllərin dirildiyini görən insanların reaksiyası müxtəlif olur. Kimsə qəfil hərəkət etdiyimizi görəndə qorxur, başqası isə təbəssümlə pozitiv münasibət göstərir. Tez-tez maraqlı hadisələr baş verir. Məsələn, bir dəfə bizə diqqətlə baxan bir kişi az qalmışdı ki, zibil yeşiyinə yıxılsın. Biz isə avtobusla yol gedirdik, sonra ona əl edib gülümsədik. Saatlarla hərəkətsiz qalanda uşaqlar bəzən qorxur. Odur ki, gözlərimizi açır, öpüş göndərir, oynayır və gülümsəyirik ki, onlar qorxub ağlamasınlar. Ümumiyyətlə, uşaqlarla jestlər və mimikalarla əlaqə qurmağı xoşlayıram. Axı onlar həmişə sənin energetikanı hiss edirlər və bizimlə ünsiyyətin ilk saniyəsindən sonra başa düşürlər ki, bizdən qorxmağa dəyməz. İstənilən halda hamı bizimlə şəkil çəkdirmək istəyir”.

Aktrisa canlı heykəl olmağın çətin tərəflərindən də söz açıb:

"Əlbəttə ki, sakit dayanmaqdan bəzən yoruluruq, onda yavaş-yavaş hərəkət edirik. Hərdən bu kostyumlarda bizə çox isti olur. Lakin vurğulamalıyam ki, mən və digər həmkarlarım işimizi çox sevir və yorulmuruq. Əksinə insanları əyləndirməkdən və onlara sevinc bəxş etməkdən zövq alır. Bu, bizə enerji verir. İlk dəfədir ki, Qəbələyə gəlirik, təbiəti, landşaftı, dağları və təmiz havası bizi heyran edib. Ukraynada da belə dağlar var, lakin bura inanılmaz dərəcədə gözəldir. Kanat yolu bizim çox xoşumuza gəldi. Hətta xizəkdə gəzmək üçün buraya qışda qayıtmağı düşünürəm. Daha sonra diqqətimizi ən çox insanların musiqi festivalına olan marağı cəlb etdi. Hər şey yüksək səviyyədə təşkil olunub, üstəlik giriş sərbəstdir. İnsanlar festivalın keçirildiyi məkanlara gəlib klassik musiqi əsərləri dinləmək imkanı qazanır. Yerli sakinlər çox mehriban və qonaqpərvərdir”.

Qlamour yunan heykəllərini xatırladan aktyor Aleksandr Mikitenko qeyd edib ki, o və digər həmkarları Azərbaycan milli mətbəxinin yeməklərini çox bəyənib. Daha sonra əlavə edib ki, o, skiripkaçı obrazını canlandırır və klassik musiqini çox sevir:

“İşdən əlavə, Qəbələdə istirahət etmək və Azərbaycanın gözəl təbiəti ilə tanış olmaq imkanı qazandıq. İnsanlar xeyirxah və istiqanlıdır. Heykəllərin cansız olmadığını görən insanların münasibəti bizə xoş təsir edir, yaxınlaşır və bizimlə şəkil çəkdirmək istəyirlər. Əsasən uşaqlarla işləmək daha maraqlıdır, çünki onlar emosiyalarını böyüklər kimi gizlətmir, hisslərini büruzə verməyə çəkinmirlər.

Hər kəsdə olduğu kimi, bizim də peşənin müəyyən çətinlikləri var. Ümumilikdə danışsaq, bizim işdə səbir və dözüm lazımdır, axı bir neçə saat ərzində hərəkət etmədən dayanmaq tələb olunur. Tamaşaçılar üçün işləmək çətin deyil, çünki çıxışdan əvvəl biz isinmə hərəkətləri yerinə yetiririk. Burada təcrübə də az rol oynamır. Tamaşaçıların müsbət reaksiyası, onların təbəssümü bizim ilham mənbəyimizdir. Bu, bizə imkan verir ki, ötürdüyümüz enerjini geri alaq”.

Mikitenkonun sözlərinə görə, Qəbələ festivalının özəlliyi odur ki, konsert proqramları Azərbaycan paytaxtında deyil, onun hüdudlarından kənarda - Qəbələ şəhərində açıq səhnədə keçirilir. Bu da ifadə oluna bilməyən atmosfer yaradır.

Sonda isə ukraynalı aktyor qeyd edib ki, Bakının tarixi abidələri ilə tanış olmaq, eləcə də Xəzərdə çimmək və qaralmaq üçün gələcəkdə Azərbaycana yenidən gəlməyi planlaşdırır.

Aytən,

Foto və video müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm