Bakıda sənədli film festivalı başladı - FOTOLAR
Bizi izləyin

Art

Bakıda sənədli film festivalı başladı - FOTOLAR

Bu gün Mədəniyyət və İncəsənət Universitetində "Üçüncü Türk Dünyası Sənədli Film Festivalı"nın açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Osmaniye Bələdiyyəsinin dəstəyi ilə hazırlanan film Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya və Bosniya Herseqovinada yaşayan analardan, onların həyat tərzindən bəhs edir. "Türk Ana" Filminin ssenarisinə "8 ölkə 8 ana" devizi altında seçilən ən maraqlı layihələr əlavə edilib.

Festivalda 8 ölkə tərəfindən 140 film təqdim edilib. Hər ölkə öz adət-ənənələri və ana obrazını canlandırmağa çalışıb. Festivala Azərbaycandan Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Fərid Kərimov da öz ssenarisini təqdim edib. O ssenaridə Azərbaycanda ana obrazını uğurla təsvir edərək seçilən layihələr sırasında yer alıb.

Tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Festival rəhbəri Menderez Dəmir, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycanın xalq artisti Oqtay Mirqasımov, Səfirliyin Mədəniyyət Turizm müşaviri İrfan Çiftçi, universitetin yaradıcı kollektivi, tələbələr, media nümayəndələri və digər qonaqla iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Universitetin rektoru Ceyran Mahmudova bildirib ki, bu festivalda uğur qazanan tələbə Universitetin ən fəal tələbələrindən biridir: "Bu festivalın çox maraqlı konsepsiyası var. Bir neçə dəqiqə ərzində bir insanın həyatını təsvir etməyə çalışmaq olduqca çətin və məsuliyyətli işdir. Filmə baxdığınız zaman bunu daha yaxşı başa düşəcəksiniz. Bu layihədə iştirak etmək tələbəmizin həyatında çox önəmli rol oynayır və gələcəkdə də bu uğuru onun karyerasına müsbət təsir edəcək. Bəlkə də bu onun gələcək karyerasının ilk mərhələsidir. Ümid edirik gələcəkdə qardaş Türkiyənin bu cür maraqlı layihələrində bizim tələbələrimiz də iştirak etməyə davam edəcək"

Festival rəhbəri Menderez Dəmir bu işin əsas məqsədinin ölkələrin ən önəmli adət-ənənələri birləşdirmək, Türk qadının, anasının həyatını işıqlandırmaq olduğunu deyib:

"Festival Türkiyə dövlətinin önəmli qurumlarının birlikdə ərsəyə gətirdiyi bir layihədir. Bu işdə bizə dəstək olan hər kəsə təşəkkür edirik. Bu layihə silsilə şəkildə davam edəcək"

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək Türk xalqının Sovet dövründən bu günə qədər qardaş münasibətində olan çox dövlətlərin olduğunu və onlar arasında hər daim çiyin-çiyinə davam edən Azərbaycanı xüsusi vurğulayıb:

"Müəyyən səbəblərdən tarix boyu bu qardaş dövlətlər bir-birindən uzaq düşüb. Azərbaycan Türkiyə münasibətləri, gənclərin geniş layihələrdə bir araya gəlməsi və digər faktorlar bizim əlaqələrimizin tarix boyu möhkəm qalmasına səbəb olub. Lakin artıq türk dünyasının türk xalqlarının hər biri azad, demokratik dövlət olub. Bu dövlətlərin bir araya gətirilməsi, ortaq tariximizi hər kəsə göstərmək üçün ən önəmli faktor isə kinodur. Bunu kino, film vasitəsilə çox gözəl və təsirli şəkildə göstərə bildiyimizə inanıram".

Tədbirin sonunda Festival rəhbəri Menderez Demir Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala Festivaldan xatirə hədiyyəsini təqdim edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm