İlham Əliyevdən Azərbaycanı qürurlandıran ADDIM: düşmənin 1 addımlığından İrəvana...
Bizi izləyin

Art

İlham Əliyevdən Azərbaycanı qürurlandıran ADDIM: düşmənin 1 addımlığından İrəvana...

“Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər.

Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür”.

Bu sözləri noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərkən deyib. Dövlət başçısı Muğam Mərkəzinin açılışı münasibətlə muğam ustalarını və bütün Ağdam sakinlərini təbrik edib.

Açılış mərasimində iştirak edən Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ağdam Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşündə muğamı nadir sənət və Azərbaycanın ən böyük sərvətlərindən biri adlandırıb:

“Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun".

Publika.az xəbərinə görə, Ağdam Muğam Mərkəzinin açılışında iştirak edən tanınmış muğam ustaları və Xalq artistləri bildirib ki, bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət göstərilir. Onlar bildiriblər ki muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var.

Xalq Artisti Mənsum İbrahimov Ağdam Muğam Mərkəzinin açılmasının Azərbaycan mədəniyyəti üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:

“Qarabağda Ağdam bölgəsi vaxtilə mədəniyyət beşiyi rolunu oynayıb. Xarı Bülbül Festivalları və digər mühüm tədbirlərə ev sahibliyi edib. Lakin işğaldan sonra Ağdamın böyük bir hissəsi düşmən əsarətinə keçdi. Buna baxmayaraq, qalan 20 faiz ərazidə 93 min əhali məskunlaşıb. Əlbəttə ki, o insanlar orada həm yaşayır, həm də yaradırlar.

Ağdam Muğam Mərkəzinin yaradılması dövlət başçısının torpağımıza, millətimizə və mədəniyyətimizə böyük diqqət və qayğısını ifadə edir. Dünən cənab prezident, Mehriban xanım və Ağdamdan olan böyük sənətkarlarla birlikdə mərkəzin açılışında iştirak etdik. Ağdam Muğam Mərkəzi həm arxitektura, həm dizayn, həm sinif otaqları, həm konfrans zalı, həm də konsert salonu baxımından çox gözəl inşa edilib. Sözsüz ki, mərkəz sadəcə Ağdam üçün nəzərdə tutulmayıb, o bütün Azərbaycan mədəniyyətinə verilən töhfədir. Mərkəzdə eyni zamanda da konsert müəssisəsi kimi fəaliyyət göstərəcək. Burada müxtəlif festivallar, müsabiqələr və böyük tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Hesab edirəm ki, bu, böyük bir işdir. İstisna deyil ki, Ağdam Muğam Mərkəzinin açılışı yerli əhalidə ruh yüksəkliyi yaradacaq.

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində görülən bütün diqqətə görə Prezidenti İlham Əliyevə və birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm”.

Tanınmış xanəndə və Azərbaycanın Xalq artisti Aygün Bayramova xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğam sənətinin inkişafı və qorunması yolunda göstərilən diqqəti yüksək qiymətləndirib:

“Ağdam Muğam Mərkəzinin təməli 2016-cı ildə qoyulub, onun tikintisinin başlanması ilə bağlı qərar veriləndə sənət yoldaşlarımla birlikdə orada olmuşduq. Artıq əvvəlcədən biz bilirdik ki, çox möhtəşəm bir bina tikiləcək. Sevindirici haldır ki, dünən Ağdam rayonunda sadəcə Ağdam Muğam Mərkəzinin deyil, həm Atçılıq zavodunun, həm də “Azərxalça”nın Ağdam filialının açılışı baş tutdu. Çox yüksək səviyyəli muğam mərkəzidir. Buna həqiqətən də böyük ehtiyac var idi. Cənab prezidentin dediyi kimi, inşallah Ağdam şəhəri işğaldan azad edildikdən sonra onun özündə də daha bir muğam mərkəzi açılacaq. Mərkəz çox geniş konsert salonundan, geniş dərs otaqlarından ibarətdir. Deyərdim ki, dünən muğam ifaçılarının unudulmaz bir bayramı idi. Qürur hissi duyuram ki, Ağdamda sayca dördüncü olan daha bir muğam mərkəzi fəaliyyətə başladı. Hamımızın arzusudur ki, belə muğam mərkəzləri işğaldan azad olunduqdan sonra bütün rayonlarımızda yaradılsın”.

Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri Arif Babayev Ağdam Muğam Mərkizinin yüksək səviyyəli memarlıq abidəsi adlandırıb:

“Milli dəyərimiz olan muğam çox böyük musiqidir. Onu bütün dünya tanıyır və alqışlayır. Azərbaycan muğamı artıq beynəlxalq səviyyəli bir sənət növü, janr olaraq dünya tərəfindən qəbul olunub. Məhz belə bir sənət növünün beynəlmiləlləşməsi əlamətdar hadisədir.

Qarabağ torpağı həmişə güclü xanəndələr və dəyərli musiqiçilər yetişdirib. Həm cənab prezidentimizə, həm də Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm. Həqiqətən də möhtəşəm binadır. Açılışda biz də iştirak etdik, gözəl və yaddaqalan bir gün keçirtdik. Belə muğam mərkəzlərinin açılması müsbət haldır. Baxmayaraq ki, sərhəddə yaxındır, hər halda əliboş oturmamalı və ruhdan düşməməliyik. 80 yaşım olsa da, inanıram ki, bayrağımız Qarabağda sancılacaq.

Ağdam Muğam Mərkəzinin açılması muğama göstərilən yüksək səviyyəli qayğı və sevginin ən bariz nümunəsi, həm də yeni iş yerlərinin açılması deməkdir. 60-dan çox ölkə gəzmişəm, bu mərkəz bir çoxundan gözəldir. Belə möhtəşəm bina tək-tək olur. Cənab Prezident və Mehriban Əliyeva muğamla bağlı çox böyük işlər görüb və görməkdədir. Xalqımızın mədəni sərvətlərini dünyaya tanıtmaq həqiqətən də çox böyük işdir, böyük bir tarixdir”.

Tanınmış musiqiçi, görkəmli tarzən və Xalq artisti Ramiz Quliyev Ağdam Muğam Mərkəzinin muğam ifaçılıq sənətinin inkişafında və təbliğində, istedadlı gənclərin aşkar edilərək yetişdirilməsində müstəsna rol oynayacağını söyləyib:

“Arzu edirəm ki, belə gözəl və möhtəşəm muğam mərkəzləri işğal altında olan torpaqlarımızı azad etdikdən sonra orada da tikilsin. Bir musiqiçi və ya vətəndaş kimi muğama və tarın inkişafına olan diqqət məni sevindirir və qürurlandırır. Muğam festivallarının və tədbirlərinin həyata keçirilməsi üçün Ağdamda gözəl mərkəz yaradılıb. Cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutan dünənki açılışda çox ruhlandım. İki km-dən uzaqda işğal olunmuş torpaqlarımızla sərhədin olmasına baxmayaraq, yerli sakinlərdə böyük ruh yüksəkliyi vardı. Bunu təqdirəlayiq addım hesab edirəm.

Muğam şərqin ən dəyərli xəzinəsidir. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşib, formalaşıb və kamilləşib. Bu gün Azərbaycanda muğam ifaçılarının uğur qazanması və fəaliyyəti üçün bütün şərait yaradılıb. Hətta deyərdim ki, Azərbaycan yeganə ölkədir ki, muğama belə yüksək dəyər verir.

Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlıdır. Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı hər il ciddi addımlar atılır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ağdam Muğam Mərkəzinin açılmasını alqışlayıram. Bu, Azərbaycan mədəni irsinə verilən qiymətdir, bu, muğamın şöhrətini bir az da artırdı. Musiqiçi kimi fəxr edirəm ki, Azərbaycanın dövlət başçısı öz milli musiqisinə qiymət verir və xalqının sərvəti sayılan muğamı qoruyur. Cənab İlham Əliyev və Mehriban xanım bizim üçün elə bir imkan yaradıb ki, muğamı istədiyimiz vaxt digər xalqlara çatdıra bilirik".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm