Milyonlar lazımdır ki... - Kino xadimlərinin BÖYÜK ARZULARI
Bizi izləyin

Art

Milyonlar lazımdır ki... - Kino xadimlərinin BÖYÜK ARZULARI

Parlamentdə büdcə müzakirələri zamanı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynov bildirib ki, kino sahəsinə 1,5 milyon manat ayırmaqla bu sahəni inkişaf etdirmək mümkün deyil. O, Qazaxıstanı misal çəkərək “Köçərilər” filmini çəkmək üçün 40 milyon dollardan çox vəsait ayrıldığını deyib.

“Hesab edirəm ki, kino sahəsinə 1,5 milyon manat ayırmaqla bu sahəni inkişaf etdirmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, kino sahəsində dublyaj da var. Fikrimcə, bu vəsait artırılmalıdır. Cənab Prezident Azərbaycan dilinin qorunması ilə bağlı fərman verib. Bu, olduqca əhəmiyyətli sənəddir. Azərbaycan dilinin qorunmasında dublyaj sahəsinin də ciddi rolu var”, - deyə tanınmış ədəbiyyatşünas sözlərinə əlavə edib.

Publika.az xəbər verir ki, tanınmış rejissor və aktyor Rövşən İsax bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılmasına sevindiyini gizlətməyib:

“Rəfael Hüseynovun çıxışını ikiəlli yox, dördəlli dəstəkləyirəm. Təəssüf ki, Azərbaycan kinosunun inkişafı üçün yetəri qədər diqqət və büdcə ayrılmır. Bədii filmlərin istehsalına dövlət gərək ciddi məbləğ ayırsın. Bu mövzunun Mədəniyyət Nazirliyi və Milli Məclisin diqqət mərkəzində olmasına sadəcə sevinə bilərəm. Sözsüz ki, 3-4 ildən bir böyük layihələr həyata keçirməklə kino sektorunu inkişaf etdirmək olmaz. Təəssüf ki, özəl sektorda çəkilən filmlərin hamısı bərbad vəziyyətdədir. Çünki onları çəkən qeyri-peşəkarlardır.

Çox istərdim ki, dublyajlar bir nöqtədən idarə olunsun. Məsələn, Rusiyada Lui de Fünesi həmişə bir aktyor səsləndirib. İndi biz Amerika filmlərini dublyaj edirik, amma obrazları müxtəlif kanallarda müxtəlif aktyorlar səsləndirir. İstərdim ki, filmlərin dublyajı kinostudiyada təşkil olunsun. Azərbaycan kinoteatrlarında başqa dildə film nümayiş olunmasının qəti şəkildə əleyhinəyəm. Bütün yayımlanan filmlər Azərbaycan dilinə yüksək səviyyədə tərcümə olunmalıdır, bu işlə birbaşa peşəkarlar məşğul olmalıdır”.

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Şeyx Əbdül Rəfael Hüseynovun fikirlərini dəstəkləyib:

“Bu, mənim illərdir mübarizə apardığım məsələdir. Həmişə demişəm ki, 1,5 milyon manata kino çəkməzlər. Söhbət böyük kinodan gedir. Əllərinə video-kamera düşən qeyri-peşəkar kimlərsə pradakşnlar açıb, guya film və seriallar çəkir. Serialların və kommersiya filmlərinin böyük kino ilə əlaqəsi yoxdur. Bu prodakşnların böyük kino mədəniyyətinə aidiyyəti yoxdur. Böyük kino böyük tarix və böyük mədəniyyət deməkdir. Sözsüz ki, bunun üçün böyük texniki baza tələb olunur. Bu sahənin yenidən formalaşması və ya bərpası üçün milyonlar lazımdır.

1,5 milyon manat isə uşaqlar üçün qısametrajlı və animasiya filmlərinin çəkilməsi üçün nəzərdə tutulur. Nazir Əbülfəz Qarayev bu yaxınlarda kino işçilərinə şad xəbər verdi. O bildirdi ki, cənab İlham Əliyevin göstərişi ilə yaxın müddətdə ciddi kino sahəsi mərhələ-mərhələ bərpa olunacaq”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm