“YARAT” “İnsan: özünü tanı” proqramını təşkil edir - - VİDEO
Bizi izləyin

Art

“YARAT” “İnsan: özünü tanı” proqramını təşkil edir - - VİDEO

“YARAT” Müasir İncəsənət Mərkəzi bu ilin mart ayından dekabradək özünüinkişafla bağlı ödənişsiz əlavə təhsil imkanları üçün “İnsan: özünü tanı” proqramını təşkil edir.

Mərkəzdən verilən məlumata görə, proqram çərçivəsində paytaxtımızda 10 məşhur mühazirəçi və bestseller müəllifi özünüinkişafla bağlı ödənişsiz təlimlər keçəcəklər.

Proqram şirkət rəhbərləri, habelə tələbə və müəllimlər, yaradıcı şəxslər, yaşından və təhsilindən asılı olmayaraq, hamıya çağdaş insan üçün vacib bacarıqlara yiyələnmək üçün praktik biliklər verməyə kömək edə bilər.

“YARAT” Mərkəzinin təsisçisi Aida Mahmudova proqram barədə fikirlərini bölüşərək deyib: “Nəzərdə tutulan təlim və mühazirələrin əsas mahiyyəti şüurdur. Məlumdur ki, bu bacarığın inkişafı nəticəsində insan özü-özünə qoyduğu məhdudiyyətlərdən azad olub, özünü inkişaf etdirərək həyatını kökündən dəyişə bilər. Əminəm ki, şüurun inkişafı istiqamətində atılmış hər hansı bir addım bizə daha yaxşı insani keyfiyyətlər qazanmağa və ətraf mühitlə harmoniyada olmağa yardım edəcək”.

Proqramın mövzusu çoxşaxəli özünüinkişafla bağlı 4 əsas kateqoriyanı ehtiva edir:

1. Mən indi və burada: zehni bacarıqlar

2. Mənim gələcəkdə olmaq istədiyim obraz və bu istiqamətdə etdiyim cəhdlər: planlamaq və arzulara çatmaq bacarıqları

3. Əmin-amanlıq və xoşbəxtlik: bunlara elmi baxış

4. Ətrafla qarşılıqlı münasibət: empati, minnətdarlıq və bağışlama bacarıqları

“Çağdaş dünyamız o qədər sürətlə dəyişir və inkişaf edir ki, insanın psixi və daxili tarazlığını qoruyub saxlamaq bacarıqlarını inkişaf etdirmək günbəgün aktuallaşır. Bu bacarıqları inkişaf etdirmək üçün heç də hamı əlavə təhsil almaq imkanına malik deyil. Odur ki, bu proqram boşluğu doldurmağa effektiv kömək edəcək”, - deyə proqramın direktoru Arstarulsmirus qeyd edib.

Proqrama dünyanın müxtəlif ölkələrindən fərdi inkişaf sahəsində qabaqcıl mütəxəssis və bestseller müəllifləri dəvət olunublar. Mart ayından etibarən ilboyu proqramda ABŞ, Almaniya, Rusiya, Belarus, İsveç və İrlandiyadan olan 10 müəllim və alim iştirak edəcək. Onların hər biri diqqətin yönləndirilməsi, emosional özünütənzimləmə, özünüidarə qabiliyyəti, stress müqavimətliliyi, effektiv istirahət, pozitiv psixologiya kimi sahələrin və bacarıqların inkişafı üçün tədris kursunu təqdim edəcəklər.

Məşğələlərdə insanın daxili dünyasının xüsusiyyətləri, onun vərdişləri və meyilləri, beynin neyroplastikliyi və psixoemosional vəziyyətlərin idarə olunma metodlarına baxılacaq.

Təlimçilərin gəlmə imkanlarını nəzərə alaraq, proqram ardıcıl olaraq davamlı keçirilməyəcək, təlimləri tək-tək seçərək iştirak edə bilərsiniz.

Təlim proqramına əsasən məşğələlər bu formatda keçiriləcək:

Giriş dərsləri – ümumi, tanışlıq məlumatı (2 saat)

Təlimlər – daha yüksək səviyyə, vərdişlərin transformasiyası (6 saatdan 3 günə qədər)

Proqramı məşhur amerikalı professor və müəllim Barbara Oukli açacaq və ilk tədbiri də o aparacaq. O, özünün məşhur “Öyrənməyi necə öyrənməliyik” kursunu keçəcək. Siz bu təlimlə qarşınıza qoyduğunuz hədəfə necə yönəlməyi, yaddaşınızı inkişaf etdirərək yeni və çətin materialları asanlıqla yadda saxlamağı öyrəncəksiniz. Bu təlim sizin öyrənmək prosesinə baxışınızı tamamilə dəyişə bilər.

Qeyd edək ki, proqramın təqdimat mərasimi martın 7-də, təlimlər isə martın 8-də və 9-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm