• USD 1,7000 0,00% EUR 1,9142 +0,21%
    • GBP 2,1315 +0,80% RUB 0,0271 +0,37%

Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edildi

  • Art
  • 14 Mart 2019 17:28
Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edildi

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Publika.az xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim etdi. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik etdi. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib. “Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir. Onun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. Bu gün təqdim olunan orden də bunun əyani sübutudur. Ədalət müəllimlə uzun müddət bərabər çalışmışıq. Bu illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına xidmət etmişik”, - deyə Əbülfəs Qarayev vurğuladı.

Nazir diqqətə çatdırdı ki, Ədalət Vəliyev mədəniyyət sahəsində çalışdığı hər bir vəzifədə öz fəaliyyətində yüksək təşkilatçılıq, peşəkarlıq nümayiş etdirib, bu sahədə mühüm layihələrin gerçəkləşməsində imzası olan bir insandır.

Əbülfəs Qarayev bir daha Ədalət Vəliyevi 60 illik yubileyi və 3-cü dərəcəli “Əmək” ordenlə təltif olunması münasibəti ilə nazirliyin kollektivi adından təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzu etdi.

Daha sonra orden Ədalət Vəliyevə təqdim olundu. Ədalət Vəliyev onun xidmətlərinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya öz minnətdarlığını ifadə etdi. Vurğuladı ki, 60 illik həyatının 42 illik əmək fəaliyyətinin 39 ili mədəniyyət sahəsində ölkəmizə xidmət etməklə keçib, ömrünün böyük hissəsini Azərbaycan teatrına, mədəniyyətinə həsr edib: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə fəaliyyət göstərmişəm, 1993-cü ildən mədəniyyət nazirinin müavini kimi fəaliyyətimi davam etdirmişəm”. Bu illər ərzində ölkəmizdə mədəniyyət sahəsinin idarə olunmasında, bu sahənin inkişafı naminə fəaliyyət göstərdiyini qeyd edən Ədalət Vəliyev bundan sonra da Azərbaycan mədəniyyətinə xidmət edəcəyini vurğuladı.

Ədalət Vəliyev sonda, başda ölkə rəhbəri olmaqla, onun fəaliyyətini, əməyini qiymətləndirən hər kəsə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, Ədalət Məqsəd oğlu Vəliyev 1959-cu ildə Bakı şəhərində anadan olub. 1966-1976-cı illərdə Bakı şəhər 102 nömrəli orta ümumtəhsil məktəbində, 1968-1973-cü illər ərzində həmçinin 21 nömrəli musiqi məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1977-ci ildə Bakı Dövlət Universitetinə daxil olub, universiteti filoloq ixtisası üzrə bitirib. Daha sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə çalışıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-2018-ci illərdə mədəniyyət və turizm nazirinin müavini olub. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

2003-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olan Ədalət Vəliyev “Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri”, “Əqidə, ruh və teatr" (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyalarının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması) adlı monoqrafiyaların, “Teatr sənətimiz : dünən, bu gün, sabah...” , “Yeni təməl” kitablarının müəllifidir. Teatrşünaslıqla bağlı kitabları ingilis dilində (“The Structure of a Modern Theatre”, Belief, Spirit and Theatre” Türkiyədə, İngiltərədə nəşr olunub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ədalət Vəliyevə teatrşünaslıq kafedrası üzrə professor elmi adı verilib.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR