Qobustan Bədii Tarix Muzeyində inanılmaz izdiham- FOTO
Bizi izləyin

Art

Qobustan Bədii Tarix Muzeyində inanılmaz izdiham- FOTO

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və Qara Qarayevin Ev-muzeyinə media-tur təşkil olunub.

Publika.az xəbər verir ki, media-turda ölkəmizin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Tədbirin təşkil olunmasının əsas məqsədi muzeylərə, mədəniyyət ocaqlarına ictimaiyyətin diqqətini artırmaq, xalqımızın mədəni sərvətlərinin daha geniş təbliğ olunmasından ibarətdir.

Media-turun ilk dayanacağı Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Qoruğun elmi işçisi Umiyeva Arzu tədbir iştirakçılarını qoruğun ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara tanış edib. Ekskursiya zamanı məlumat verilib ki, 2012-ci ildən fəaliyyətə başlayan Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Ərazidə Daş dövründən Son Orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələri var. Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.

Qeyd olunub ki, Qobustan Milli Tarixi-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Daha sonra qoruğun direktoru Vüqar İsayev Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən bəhs edib:
"Muzeylər Günü münasibətilə bu gün Qobustan muzeyində turistlər üçün giriş sərbəst elan olunub. Azərbaycana təşrif buyuran turistlərin böyük əksəriyyəti Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edir. Təkcə yanvar ayından muzeyə gələn yerli vətəndaş və xarici turistlərin ümumi sayı 40 min nəfər təşkil edib. Bu gün muzeyi ziyarət edən məktəblilərin sayı 1200 nəfəri ötüb. Keçən illə müqayisədə bu il böyük artım müşahidə olunur”.

Direktor qeyd edib, Beynəlxalq Muzeylər Günü münasibəti ilə məktəblilər üçün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı qoruğun ərazisindəki əsas hissədə konsert proqramı ilə çıxış edib.

Turun növbəti istiqaməti Qara Qarayevin ev-muzeyi olub. Dahi bəstəkarın yaşadığı mənzillə tanış olan mətbuat nümayəndələrinə muzey haqqında ətraflı məlumat verilib və bildirilib ki, muzey ötən il istifadəyə verilib. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Dahi bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini də burada yaradıb. Onun məşhur “Yeddi gözəl” baleti də bu evdə qələmə alınıb.

Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkan kimi ölkəmizin musiqi sevərlərinin ziyarət etdiyi əsas yerlərdən birinə çevrilib.

Turun son dayanacağı isə Azərbaycan Milli İncəsənət Muzeyi olub. Muzeylə tanış olan media nümayəndələrinə mədəniyyət ocağı haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, ötən ilin sonlarında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun açılışı olub. Bu korpusda da aparılmış təmir, bərpa və bədii tərtibat işlərindən sonra muzey eksponatları ziyarətçilərin üzünə açılıb.

Muzeyin baş mühafizi Rəhimova Nailə bildirib ki, son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir.

Muzey silsilə şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarətdir. Hazırda muzeyin ekspozisiyasında dünya təsviri və tətbiqi sənətinin bütün növlərini dolğun şəkildə əks etdirən Qərbi Avropa, rus, islam, Şərq ölkələri incəsənətinin çeşidli örnəklərini görmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm