Qusar Dövlət Ləzgi Dram Teatrı “Vəsiyyət”i təqdim etdi - - FOTO
Bizi izləyin

Art

Qusar Dövlət Ləzgi Dram Teatrı “Vəsiyyət”i təqdim etdi - - FOTO

Mayın 26-da Qusar rayon Mədəniyyət Mərkəzində Qusar Dövlət Ləzgi Dram Teatrının tanınmış yazıçı Hüseynbala Mirələmovun "Vəsiyyət" əsəri əsasında səhnələşdirdiyi eyniadlı tamaşa nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru əməkdar mədəniyyət işçisi, Dağıstanın əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaik Qardaşovdur. Tamaşanın səhnələşdirilməsinin təşəbbüskarı və məsləhətçisi vətənpərvər ziyalı və el ağsaqqalı Mayıl Bağırovdur.

İkipərdəli qara komediya janrında hazırlanan səhnə əsərində rolları fəxri mədəniyyət işçisi Bağır Əhmədov (Dövran), Sədaqət Əlimuradova (Ceyran), Aysel Qiyasova (Röya), fəxri mədəniyyət işçisi Həsrət Nəsrullayev (Pirim), Elnur Hacıyev (Timur), Tacir Şahbazov (Bayram), Rəhilə Hacıbəyova (Zəhra), Namik Mustafayev (Elman), Tofik Mustafayev (Samir), Arzu Məmmədrzayeva (Delisay) canlandırıb.

Tamaşadan sonra Hüseynbala Mirələmov çıxış edərək teatrın yaradıcı kollektivinə sözügedən əsəri yüksək səviyyədə səhnələşdirdikləri üçün minnətdarlığını bildirib.

Quruluşçu rejissor Laləzar Hüseynova əsərin mövzusunun aktuallığını qeyd edərək “Vəsiyyət”in repertuarda daimi yer alacağını, bu səhnə əsərinin də özünə xeyli tamaşaçı auditoriyası toplayacağına əminliyini ifadə edib. Teatrın baş rejissoru həmçinin teatrın 2016-cı ildə yazıçı Hüseynbala Mirələmovun “Xəcalət” əsərini də səhnələşdirib tamaşaçılara təqdim etdiyini xatırladıb.

Uzun illər Qusarda mühüm dövlət vəzifələrində çalışmış el ağsaqqalı Mayıl Bağırov çıxışında “Vəsiyyət”in bədii məziyyətlərindən danışıb və cəmiyyəti düşündürən mühüm mənəviyyat və əxlaq məsələləri, onların həlli yollarının yazıçının təxəyyülündən keçərək əsərdə parlaq şəkildə öz əksini tapdığını vurğulayıb. Cəmiyyətdə gedən mənəvi deqradasiyanın və bundan çıxış yolunun “Vəsiyyət”in əsas süjet xəttini təşkil etdiyini deyən Mayıl Bağırov məhz bu məziyyətlərinə görə əsərin səhnələşdirilməsi təklifi ilə teatra müraciət etdiyini bildirib. Müraciətini müsbət qarşıladıqları üçün teatrın yaradıcı kollektivinə minnətdarlığını bildirən el ağsaqqalı əsərin öz uğurlu səhnə həllini tapdığını çıxışında diqqətə çatdırıb.

Daha sonra teatrın direktoru, əməkdar mədəniyyət işçisi Faiq Qardaşov əsərin müəllifinə premyerada iştirakına görə təşəkkür edib. Qusar Dövlət Ləzgi Dram Teatrının Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 saylı qərarı, Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli 177 saylı əmri ilə yaradıldığını xatırladan direktor fəaliyyət göstərdikləri 27 il ərzində teatr kollektivinin yüzlərlə tamaşanı səhnələşdirdiyini, vaxtaşırı getdikləri qastrol səfərlərində Azərbaycan mıədəniyyətini uğurla təmsil etdiklərini bildirdi.

Faiq Qardaşov Mədəniyyət Nazirliyinin teatrı daim diqqətdə saxladığını minnətdarlıqla xatırladıb və tetarın başlıca probleminin- ayrıca bina ilə təmin edilmısi məsələsinin yaxın zamanlarda öz həllini tapacağına ümidvar olduğunu diqqətə çatdırdı: “Fəaliyyətimizin daha da səmərəli olması üçün Qusar Dövlət Ləzgi Dram Teatrının özünün ayrıca binasının olması çox vacibdir. Bizim yaradıcı kollektivimiz çox böyük həvəslə çalışır, öz tamaşalarını rayon Mədəniyyət Mərkəzinin səhnəsində tamaşaçılara təqdim edir. Amma ayrıca binamız və səhnəmiz olsa, teatr heyəti bütün potensialını ortaya qoya biləcək və daha da səmərəli fəaliyyət göstərəcək. Biz xaricdəki qastrol səfərlərində doğma Azərbaycanımızı və onun zəngin mədəniyyətini layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəmirik. Çox ümid edirik ki, dövlətimiz tərəfindən teatrın ayrıca bina məsələsinə tezliklə müsbət cavab veriləcək və Qusar Dövlət Ləzgi Dram Teatrı bundan sonra da multikultural Azərbaycanımızın mədəniyyətinin təbliği istiqamətində fəaliyyətini daha da yüksək səviyyədə davam etdirəcək. Yaşasın vətənimiz Azərbaycan!”

Sonda xatirə şəkli çəkdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm