“Kiyev virtuozları” Qəbələdə konsert verdi - FOTO
Bizi izləyin

Art

“Kiyev virtuozları” Qəbələdə konsert verdi - FOTO

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

Publika.az xəbər verir ki, festival çərçivəsində avqustun 2-də axşam Qəbələ Mədəniyyət Mərkəzində tamaşaçılara “Kiyev virtuozları” simfonik orkestrinin konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Konsertdən əvvəl Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova “Kiyev virtuozları” simfonik orkestrinin fəaliyyəti, konsertdə çıxış edəcək ifaçıların yaradıcılıq uğurları və səsləndiriləcək əsərlər barədə qısa məlumat verib.

Bildirilib ki, “Kiyev virtuozları” simfonik orkestri Ukraynanın ən aparıcı kollektivlərindən biridir. Orkestr milli və beynəlxalq səhnədə dinləyicilərin və tənqidçilərin rəğbətini qazanıb. Musiqiçilərinin orta yaşı 30 olan bu gənc orkestr Ukraynanın beynəlxalq müsabiqələr qalibi olmuş bir çox istedadlı musiqiçilərini bir araya gətirir. Orkestr Ukraynada qərb bəstəkarlarının əsərlərini məşhurlaşdırmaqla, həmçinin K.Penderetski, V.Silvestrov və M.Skorik kimi görkəmli müasir bəstəkarlarla yaxından əməkdaşlıq etməklə nüfuz qazanıb. Orkestrin özünəməxsus səslənməsi və ustalığı bu illər ərzində bir çox beynəlxalq səviyyədə tanınmış solo ifaçıların və dirijorların diqqətini cəlb edib və birgə layihələrdə çıxış etməyə həvəsləndirib. Orkestrin son qastrol səfərlərinə İsveçrə, Fransa, İspaniya, Azərbaycan və Cənubi Amerika ölkələri aiddir.

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, dünya şöhrətli violençel ifaçısı Dmitri Yablonskinin (İsrail-ABŞ) dirijorluğu ilə gerçəkləşən konsertdə solistlər Boris Andrianov (Rusiya) və Toğrul Hüseynlinin (Azərbaycan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində avqustun 3-də günorta saatlarında Şəki şəhərində “Kiyev virtuozları” simfonik orkestrinin növbəti konserti olacaq. Həmin gün Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təqdim olunacaq. Axşam saatlarında isə Mədəniyyət Mərkəzində “Naz-nazı” muğam qrupu çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm