“Özbək-Azərbaycan” lüğəti təqdim olundu - FOTO
Bizi izləyin

Art

“Özbək-Azərbaycan” lüğəti təqdim olundu - FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan-Azərbaycan arasında ədəbi əlaqələrin dərinləşməsi, tərcüməçilik fəaliyyəti, türk ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlər göstərmiş professor Babaxan Şərifin 70 illik yubileyi və “Özbək-Azərbaycan” lüğətinin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Mətbuat Şurası və “Kaspi” qəzetinin təşkilatçılığı ilə keçirilən tədbirdə filologiya elmləri doktoru, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkili, professor Qənirə Paşayeva, Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən S.Vəliyeva Babaxan Şərifin yaradıcılığından bəhs edib: “Bu gün canlı kitab olan B.Şərifin doğum gününü qeyd edir, ona uzun ömür arzulayırıq. O, ömrünü yazı-pozuya, kitaba bağlayıb. Millətin tarixi, ədəbiyyatı onun taleyinə çevrilib. Bu da hər adamın işi deyil. Gənc nəsil onun kitablarını oxuyursa, bu o deməkdir ki, Babaxan Şərif bu ideologiyaya düzgün xidmət edə bilib. Məhz bu xidmətləri nəzərə alınaraq ona TÜRKSOY-un “Şərəf” və “Mahmud Kaşğari” mükafatları verilib, Azərbaycan və türk dünyasından müxtəlif ödüllər alıb”. Millət vəkili Qənirə Paşayeva da çıxış edərək, B.Şərifin təkcə Özbəkistanda yox, bütün türk dünyasında tanınan bir şəxsiyyət olduğunu bildirib: “Onun həm özü, həm də ailəsi ömrünü bu böyük davaya həsr edib. Babaxan bəyin təkcə Türkiyədə nəşr olunan kitabında 10 məqalə Azərbaycana həsr olunub. Bu gün təqdimatı baş tutan lüğət bizim ziyalılarımız, gənclərimiz üçün önəmlidir. O, bu iki ölkə arasındakı münasibətlərdə böyük rol oynayan şəxsiyyətdir”.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva rəhbəri olduğu qurumun B.Şərifə hədiyyəsini təqdim edib. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Samir Abbasov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat şurasının sədr müavini Umud Rəhimoğlu, yazıçı Yunus Oğuz, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqaları da çıxış edərək, Babaxan Şərifin fəaliyyət və yaradıcılığından bəhs edib, Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf etdirilməsində gördüyü işləri yüksək qiymətləndiriblər.

Sonda Babaxan Şərif çıxış edərək, Özbəkistan-Azərbaycan əlaqələrindən danışıb: “Bizim fəaliyyətimiz türk ölkələri arasındakı qardaşlıq bağlarını sevgi bağlarına çevirməkdir. Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda “türkmüsünüz?” soruşanda deyirdilər ki, yox “türkmənəm”, “qazaxam”. Amma indi onların hamısı bir olduğumuzu anlamağa başlayıblar. Bu bağları daha da gücləndirmək lazımdır. Bu düşüncəni yaymasaq, Allah və millət qarşısında vəzifələrimizi yerinə yetirməmiş olacağıq. Görəcəyimiz işlər çoxdur, gənclərimiz də bunu anlayır. Bütün səylər türk dünyası arasındakı münasibətlərin inkişaf etdirilməsinə istiqamətlənib”.

Qeyd edək ki, tədbirdə S.Abbasov və Umud Rəhimoğlu çalışdıqları qurumun adından Babaxan Şərifə fəxri diplom, Rəşad Məcid isə AYB adından “Rəsul Rza” mükafatı təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm