Fərqanə Qasımovadan Nəsiminin məşhur qəzəlinə MÖHTƏŞƏM İFA - - VİDEO
Bizi izləyin

Art

Fərqanə Qasımovadan Nəsiminin məşhur qəzəlinə MÖHTƏŞƏM İFA - - VİDEO

Xanəndə Fərqanə Qasımova dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə yazılan mahnıya klip çəkdirib.

Publika.az xəbər verir ki, dünən Bakı Kitab Mərkəzində “Nəsimi ili” çərçivəsində növbəti ədəbi-musiqili gecə keçirilib. Gecədə Azərbaycanın tanınmış muğam ifaçısı Fərqanə Qasımovanın ifasında Nəsiminin “Sığmazam” qəzəlinə çəkilən klipin təqdimatı baş tutub.

Tədbirdə xanəndənin atası Alim Qasımov, telejurnalist Lalə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, şair və yazıçı İlqar Fəhmi, Azərbaycanın Xalq artisti Əbdül Mahmudov, İrandan gəlmiş qonaqlar və başqaları Nəsiminin ümumbəşər mədəniyyətinə bəxş etdiyi sərvətdən söz açıb, dahi şairin qəzəllərindən parçalar oxuyublar.

Fərqanə Qasımova açıqlamasında bildirib ki, Nəsiminin 650 illiyinin yubileyi ilə əlaqədar olaraq "Sığmazam" qəzəlini səsləndirmək üçün uzun müddət mahnı axtarışında olub:

“Özümə borc bilirdim ki, dünya fırlandıqca, onunla birlikdə yaşamağa davam edən Nəsimi yaradıcılığına toxunum. 25 ildən çoxdur ki, Alim bəylə Nəsiminin qəzəllərini ifa edirik. Onun sözlərinə oxunan bir çox mahnılar var. Bu layihə isə əsrimizə və cavanlarımıza Nəsimi dilindən çatdırmaq istədiyimiz bir mesaj və yeni baxışdır. Nəsimi bizim üçün canını fəda edib. Odur ki, əlimizdən gələn qədər onu yaşatmağa çalışmalıyıq.

Kompozisiyanın musiqisi və aranjimanı Tohid Noruziyə aiddir, klipin rejissoru Cəlil Didehvərdir. Nəsimi ili elan olunduqdan sonra “Sığmazam” qəzəlinə musiqi axtarışında idim. Məhz bu qəzələ müraciət etmək istəyirdim. Bəstəkar öz mahnısını təqdim edəndə duydum ki, bu, elə mənim axtardığım musiqidir. Daha sonra üzərində dəyişiklik etdik, muğam əlavə etdim, öz iç dünyamı mütləq ki, oraya qatdım”.

Firudin Qurbansoy əlavə edib ki, Allahın ruhunu özündə daşıyan Nəsimi 650 il bundan əvvəl dünyaya gəlsə də, çağdaş dövrədək öz aktuallığını qoruyub saxlaya bilən mütəfəkkirdir:

"Bu gün biz onun yaradıcılığına üz tutub özümüzü öyrənirik. Onun bütün qəzəlləri partlayıcı energetikaya oxşayır, atom bombasıdır sanki... Onun yaradıcılığı özündə insan, ruh, kainat və ilahi eşqi tərənnüm edirdi. O, insanı Allahın ruhunun daşıyıcısı hesab edirdi. Əgər Allahın bəxş etdiyi ruhu irfanımızla genişləndirə biliriksə, deməli, o ruha layiqik. Yox, əgər dünya nemətləri ilə yekunlaşıb, əyiliriksə, qozbel oluruqsa, onda əlbəttə ki, ruhumuz cırtdan olur. Nəsimi isə hər beyti və sözü ilə bizə böyük ruhlu və sınmaz olmağı öyrədir. Odur ki, Nəsimi bu gün bizə doğru yol göstərən kompas və bələdçimizdir” , - deyə Firudin Qurbansoy qeyd edib.

Daha sonra Şeyx Əbdül öz çıxışında bildirib ki, Fərqanə Qasımovanın “Sığmazam” layihəsi tarixdə qalacaq mükəmməl bir əsərdir:

“Müqəddəs bir işdir. Nəsimi şoumen deyil. Onu şoulaşdırmaq olmaz. Nəsimi Allahdan gələn böyük irfan mədəniyyətimizin, əxlaqımızın və yaradıcılığımızın bir mərhələsidir. Bu dünyanın irfan yaradılış tarixi Allah Təalanın öz rizası ilə Azərbaycan xalqına hədiyyə etdiyi möhtəşəm bir sərvətdir. Biz bu sərvətin mənəvi daşıyıcıları və övladlarıyıq. Bunu Fərqanə Qasımovanın, həmçinin əsl sənətlə məşğul olan, böyük ustad məktəbində formalaşan digər sənətkarlarımızın və alimlərimizin şəxsində biz dünyaya bir daha kim olduğumuzu sübut edəcəyik”.

Sonda Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə Nəsimi qəzəlləri üzərində muğam parçaları ifa edib. Xalq artistinin qızı ilə çıxışı Bakı Kitab Mərkəzində qonaqlara uzun müddət xatirələrdən silinməyəcək anlar yaşadıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm