Xalq yazıçısı Elçinin kitablarının təqdimatı keçirildi
Bizi izləyin

Art

Xalq yazıçısı Elçinin kitablarının təqdimatı keçirildi

Noyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin yeni işıq üzü görən kitablarının təqdimatı keçirildi.

Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə görkəmli yazıçının “Baş” romanı, “Qırx beş. Seçilmiş hekayələr”, “Daha dərin qatlara. Seçilmiş məqalə və esselər” və “Mənə niyə gülürlər” kitabları təqdim olundu.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov giriş sözündə ədibin yaradıcılığı haqqında danışdı. Yazıçının əhatəli yaradıcılıq diapazonuna malik olduğunu söyləyən K.Tahirov bildirdi ki, onun bədii irsinin janr müxtəlifliyi ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir: “Elçin Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər buraxan, çağdaş ədəbiyyatın ən tanınmış simalarındandır. Bu gün onun dörd kitabının təqdimat mərasiminə toplaşmışıq. Elçinin qəhrəmanları ona görə sevilir ki, onlar real həyatdan götürülmüş obrazlardır. Onun bir neçə əsəri səhnəyə qoyulub, filmlər çəkilib. Azərbaycanda bir sıra aktyorlar nəslinin yetişməsində Elçin yaradıcılığının rolu böyükdür”.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yazıçının əsərlərinin nəşrini ədəbiyyatımıza böyük töhfə kimi dəyərləndirdi. Diqqətə çatdırdı ki, kitablardan bir neçəsi yazıçının yubileyi ərəfəsində nazirliyin dəstəyi ilə çap olunub: “Bu kitablar arasında son vaxtlar böyük müzakirəyə səbəb olan “Başı” romanının xüsusi yeri var. Elçin müəllim Azərbaycanın ədəbiyyat mənzərəsində İlyas Əfəndiyevin davamçısı kimi dərin iz qoyub. Son illər yazıçının müraciət etdiyi mövzular cəmiyyətimizin, xalqımızın özünüdərkinə mühüm töhfədir. Düşünürəm ki, sovetlər dövründə, eləcə də müstəqilliyə keçid mərhələsində Azərbaycan xalqının üzləşdiyi problemlərin ədəbi düşüncədə təhlilini vermək çox çətindir. Bu mürəkkəb mənzərəni gözümüz önündə canlandıran müəlliflərdən biri də Xalq yazıçısı Elçindir. O, yaşadığı bütün dövrləri nəsr əsərlərində, dramaturgiyasında əks etdirərək gələcək nəsillərə ötürə bilib. Elçin müəllim bu hadisələri yazıçı fantaziyasına uyğun olaraq reallıqla birləşdirərək bizə təqdim edir”.

Əbülfəs Qarayev Elçinin Azərbaycan mədəniyyətinə, elminə də öz töhfəsini verdiyini bildirdi: “Uzun illər ərzində o, yüksək vəzifələrdə çalışsa da, heç zaman yaradıcılıqdan uzaqlaşmayıb. Elçin müəllimin yaradıcılığı bütün dövrlərdə aktual olub, hər zaman da belə olacaq. Bu gün onun əsərləri Azərbaycanla yanaşı, dünyada da tanınır, sevilir. Bu keyfiyyətləri ilə o, gənc yazarlar üçün bir nümunədir”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Elçinin yaradıcılığı və insani keyfiyyətləri barədə söz açdı. Vurğuladı ki, Elçinin əsərləri tariximizin çətin və ziddiyyətli dövrlərini əks etdirir. Anar yazıçının “Baş romanını müasir ədəbiyyatımızın nailiyyətlərindən biri kimi dəyərləndirdi. Qeyd etdi ki, üz tutduğu bütün janrlarda uğurlu bədii nümunələr yaradan müəllif bu əsərlərdə dövrün mühüm problemlərini əks etdirib.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud bildirdi ki, Elçinin hər bir kitabının təqdimatı ədəbi hadisədir. Azərbaycan ədəbiyyatşünaslığında Elçinin tənqidi məqalələrinin xüsusi yeri var. Onun tənqidlərinin mükəmməl səviyyədə alınması peşəkar yazıçılığından irəli gəlir. Bu əsərlər eyni zamanda Azərbaycan mənəviyyatının, təfəkkürünün təkamülünə xidmət edir. Yazıçının bütün janrlara müraciətinə səbəb onun vətəndaşlıq borcu, ədəbiyyata sevgi və sədaqətinin rəmzidir.

A.Məsud çıxışının sonunda dedi: “Tərcümə Mərkəzi olaraq Elçinin əsərlərinə böyük maraq göstəririk. Bundan sonra da onun əsərlərinin başqa dillərə çevrilməsi istiqamətindəki layihələrimiz davam edəcək”.

Daha sonra yazıçının yaradıcılığına həsr edilmiş qısa film nümayiş olundu. Akademik Nizami Cəfərov çıxış edərək ədibin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, Elçinin yaradıcılığı yeni ədəbiyyatşünaslar üçün açıq məktəbdir. O, həyatı olduğu kimi yazır, Azərbaycan fəlsəfi düşüncəsini olduğu kimi nümayiş etdirir. Bir sənətkar kimi Elçinin başlıca xidməti ədəbiyyatı ideoloji buxovlardan xilas edib onu həyata, insanlara, mənəviyyata yaxınlaşdırmaqdan, ədəbi fikrin adi həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmaqdan ibarətdir.

Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev, professor Qəzənfər Paşayev, Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun rəhbəri Əjdər Ol, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, professor Nizami Məmmədov, tənqidçi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova Elçini müasir Azərbaycan ədəbiyyatının dünyaya çıxışlarından biri kimi dəyərləndirdilər. Diqqətə çatdırıldı ki, o, dünya, insan problemlərini təhlil edən, fəlsəfi məzmunu daha geniş olan əsərlər yazır. Eyni zamanda o, böyük ədəbiyyatşünas və mütəfəkkirdir. Elçinin bədii əsərləri təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə sevilə-sevilə oxunur, əldən-ələ gəzərək bugünkü və gələcək nəsillər arasında mənəvi körpü yaradır.

Qeyd olundu ki, Elçin yaradıcılığının xalq sevgisi qazanmasının əsas səbəbi əsərlərindəki təbiilik və səmimiyyətdir. Ədib yaşadığı dövrün paradokslarını ustalıqla incələyir, daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kulturoloji, mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin mahiyyətinə hopdurmaqla geniş oxucu rəğbəti qazanır. Onun əsərlərinin qəhrəmanları öz mənəvi-əxlaqi keyfiyyətləri, hiss və duyğuları, fikir və arzuları ilə olduqca təbiidirlər.

Çıxışlardan sonra Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası təqdim edildi. Məlumat bazasında Xalq yazıçısı Elçinin həyat və yaradıcılığı, əsərləri, televiziya tamaşaları, dram əsərləri, əsərlərinə çəkilmiş filmlər, görkəmli şəxsiyyətlərin Elçin haqqında fikirləri, həmçinin yazıçının elmi-publisistik məqalələri yer alıb.

Tədbirin sonunda Xalq yazıçısı Elçin kitablarının ərsəyə gəlməsinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. Milli Kitabxananı mədəniyyət və mənəviyyat mərkəzi kimi dəyərləndirən yazıçı fəaliyyətinə olan diqqəti onun şəxsi yaradıcılığına deyil, ədəbi məktəbimizə sevginin ifadəsi kimi dəyərləndirdi.

Sonda tədbir iştirakçıları ədibin yaradıcılığını əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm