• USD 1,7000 0,00% EUR 2,0117 +0,27%
    • GBP 2,2141 -0,28% RUB 0,0222 0,00%

16 nömrəli Uşaq Musiqi Məktəbi yenidən istifadəyə verildi - FOTO

  • Art
  • 18 Sentyabr 2020 23:13
  • 506 Baxış
16 nömrəli Uşaq Musiqi Məktəbi yenidən istifadəyə verildi - FOTO

Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı olub. Mədəniyyət Nazirliyi tərəfindən təmir edilən məktəbin öz qapılarını Milli Musiqi Günündə açması kollektiv tərəfindən böyük sevinclə qarşılanıb.

Publika.az xəbər verir ki, mərasimdə iştirak edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov öncə məktəbin fəaliyyəti haqqında məlumatın yer aldığı və milli musiqi alətlərimizin nümayiş olunduğu stendlə tanış olub. Anar Kərimov məktəbin əsaslı təmirdən sonra açılışının məhz Milli Musiqi Günündə keçirilməsinin rəmzi məna daşıdığını diqqətə çatdırdı və kollektivi təbrik edib.

Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsildi və məktəbin sinif otaqlarına baxış keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov məktəbdə görülən təmir və yenidənqurma işləri barədə Mədəniyyət nazirinin birinci müavininə məlumat verib. Bildirildi ki, musiqi məktəbi 1961-ci ildən fəaliyyət göstərir və o vaxtdan Yasamal rayonu, Hüseyn Cavid prospekti, 4 ünvanında, yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 449 kvadratmetrdir. Məktəbdə 56 nəfərlik zal, 27 sinif otağı, 2 inzibati otaq var.

Fortepiano, violin, fleyta, truba, tar, kamança, qanun, qarmon, nağara, violonçel, gitara, vokal ifaçılığı ixtisaslarının tədris edildiyi məktəbin 126 nəfərdən ibarət müəllim heyəti və 500 nəfərlik şagird kontingenti var.

Diqqətə çatdırıldı ki, Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin yetirmələri respublika və beynəlxalq miqyaslı müsabiqələrdə çıxışları və qazandıqları uğurlarla müəllimlərin etimadını hər zaman doğruldublar.

Mərasimdə müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edilib.

Anar Kərimov sinif otaqlarına baxdı, burada quraşdırılan müasir musiqi avadanlıqları ilə tanış olub. Tədris otaqlarında hər dərsə uyğun alətlərinin yer alması, şagirdlərin tədrisi üçün zəruri ləvazimatla təchiz edilməsi təqdir olunub.

Məktəbin foyesində Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin gənc nəslin musiqi təhsilinə göstərdiyi diqqət və qayğını əks etdirən geniş foto-stendlə də tanış olan Anar Kərimov ümummilli liderin mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin böyük hamisi olduğunu vurğuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün - 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi ilə bağlı xüsusi fərman imzalayıb. Hər il xalqımız bu bayramı qeyd edir. Ümummilli liderin mədəniyyətimizə qayğıkeş münasibəti bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir.

Sonda Anar Kərimov bir daha məktəbin kollektivinə təbriklərini çatdırdı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR