Evinə görə onunla ailə qurmağa çoxu can atıb - Əməkdər artistin HƏYAT HEKAYƏSİ
Bizi izləyin

Art

Evinə görə onunla ailə qurmağa çoxu can atıb - Əməkdər artistin HƏYAT HEKAYƏSİ

Əməkdar artist Səmayə Musayeva Moderator.az-ın suallarını cavablandırıb.

- Səmayə xanım, necəsiz?

- Çox sağ olun, babatam. Tək yaşayıram, bir övladım var idi, onu da qara torpaq aldı məndən.

- Bildiyimə görə övladınız 20 yanvar hadisələrində şəhid olub.

- Bəli. Mən 47 il Musiqili teatrda çalışmışam, indi də müqavilə ilə işləyirəm. Çox uğurlu rollar oynamışam. Kimlərlə tərəf müqabili olmamışam ki? Nəsibə xanımla, Hacıbaba müəllimlə, Siyavuş Aslanla.. Teatrda, kinolarda şəhid analarını oynayırdım.. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa həyatda da şəhid anası olacağam. Demək ki, insanın ağlına gəlməyən nə vaxtsa başına gəlir. Oğlum Mehman Həsənov 19-u günü gecəsi evdən çıxdı və bir daha geri qayıtmadı.

- Nə qədər acı olsa da o gecəni istərdim bir daha xatırlayasız.

- Mən ona üzünü qırxdıra bilmirdim, deyirdim ki, ay oğul, sən göyçək balasan, niyə üzü tüklü gəzirsən? Danışmırdı, dinmirdi. 100 sual verirdim ona, bəlkə birinə cavab verərdi, ya verməzdi. 19-u günü gecəsi 6-ya 20 dəqiqə işləmiş evdən çıxdı. Deyirdim ki, ay bala, hara gedirsən? Deyirdi ki, otur evdə, sənin nəyinə lazımdır mən hara gedirəm? O məlumat hesablama mərkəzində baş mexanik işləyirdi, bütün böyük telefon stansiyalarına o baxırdı. Deyirdi ki, haradasa telefon qırıla bilər, mən mütləq işdə olmalıyam. Çıxıb getdi, gəlmədi, nigaran qaldım.

- Nə vaxt ondan xəbər tutdunuz?

- Bizim binamızdan qonşunun uşaqları meydana gedirdilər, mən də onlara qoşulub getdim. Nə qədər axtardım, tapmadım. Yer qalmadı gəzim. O gecə elə soyuq idi ki. Nə qar var idi, nə yağış, amma şaxta qılınc kimi kəsirdi, insanın iliyini dondururdu. Kor-peşman evə qayıtdım. Anam da ağır xəstə idi. Deməli mən meydana gedəndə, o evə gəlib. Ona tikdiyim bel bağını götürüb, və bir-iki hazırladığım şirniyyatdan yeyib, çıxıb. Evdən çıxanda anam ona deyib ki, Mehman getmə, anan səni axtarır. Bu saat gələcək. Anama deyib ki, o niyə məni axtarır? Axı niyə evdə oturmur? Mən evə gələndə anama dedim ki, niyə ayağının altına yıxılıb, onun getməsinə mane olmadın? Evdən çıxıb, yenidən meydana yollanıb ki, maşını ilə camaatı yoldan çıxarsın. Maşını işə düşməyib, maşından düşüb, piyada gəzəndə güllə düz ürəyindən dəyib (ağlayır)..

- Oğlunuzun sevdiyi qız var idi?

- Bəli, hərbi xidmətdə olanda bir rus qızı ilə tanış olmuşdu. Amma rus millətindən olduğu üçün mən istəmirdim ki, o qızla evlənsin. Öz millətimi istəyirdim də. Ona deyirdim ki, ailədə valideynlər ayrı millət olanda uşaq bilmir ki, hansı dinə qulluq etsin. Qız da gəlmişdi, evə də qoymadım heç onu. Yaman sərt xasiyyətim var idi, dediyimdən dönən deyildim. O nakam getdi, məni də nakam qoydu. İndi mənim də nəvələrim, nəticələrim olacaqdı.

- Peşmansınız?

- Bəli, çox peşmanam. Sevirdi də, gərək alardı. Mənə nə var idi? Kaş özü xoşbəxt olardı. Düşünürdüm ki, neynirdimsə onun xoşbəxtliyi üçün edirəm. Amma əksinə, çox təəssüf ki, bunu gec başa düşdüm.

- Həyat yoldaşınız çətin günlərdə yanınızda oldu?

- Mən onunla Mehman dünyaya gələndə ayrılmışdım. O elə bir insan idi ki, bizimki heç cür alınmadı. Heç ailə də qurmadım, evlənmədim. Evimə görə mənimlə ailə həyatı qurmaq istəyənlər çox idi, amma mən buna şərait yaratmadım.

- Bəs niyə övladlığa uşaq götürmədiniz?

- Qardaşımın oğlunu Mehman şəhid olan günündən qanuni yolla övladlığa götürmüşəm. O zaman 7 yaşı var idi.

- Bu öz seçiminiz idi, yoxsa kimsə təklif etdi?

- Xeyr, mən özüm seçdim. Çünki havalanırdım, dəli olurdum. Bəlkə də onu övladlığa götürməsəydim çoxdan dəli olmuşdum. Ağlamaqdan gözlərim nəlbəki boyda olmuşdu. Mehman sağ olsaydı dərdim nə idi.

- Övladlığa götürdüyünüz qardaşınızın oğlu ailə həyatı qurub?

- Xeyr, hələ ki, ailə həyatı qurmayıb. O mənimlə yaşamır, qardaşımla qalır. Amma gəlib-gedir, mənə həyan olur. Onu da evləndirsəydim dərdim olmazdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm