Azərbaycanın ilk zəfər filmi çəkildi
Bizi izləyin

Art

Azərbaycanın ilk zəfər filmi çəkildi

Azərbaycan Televiziyasında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə həsr olunmuş ikiseriyalı film istehsal olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən Publika.az-a bildirilib ki, “Beşatılan” adlı filmin hər seriyası bir saat həcmindədir və bu, Azərbaycanın ilk zəfər filmidir. Film beş dostun qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad olunması yolunda Şuşaya qədər getmələri, canlarını fəda edərək bayrağımızı Şuşada ucaltmalarından bəhs edir. “Təki Vətən sağ olsun” deyən beş dost Azərbaycanın müxtəlif bölgələrindən - şimal, cənub, şərq, qərb və düşünən beyin, döyünən ürək timsalında olan Bakıdandır. Bu beşlik rəmzi mənada “Beşatılan” adlanır.

Düşmənin üstünə müasir texnika ilə hücuma keçsək də, sonda erməni qaniçəni keçmişin qisası kimi bu “Beşatılan”dan açılan güllə ilə vurulur. “Beşatılan” həm də beş barmağın “Dəmir yumruğ”a çevrilib düşmənin başını əzməsidir. Film Azərbaycan Ordusunun, eyni zamanda, ideoloji cəbhədə də qazandığı uğurlardan bəhs edir. Çəkilişlər Tərtər, Gədəbəy və Masallı rayonu ərazilərində aparılıb.

Filmin ssenari müəllifləri Firudin Məhərrəmov, Nurəddin Ədiloğlu, quruluşçu rejissoru Elçin Məmiyev, quruluşçu operatoru isə Elşən Bədəlovdur. Ekran əsərində baş rolları Elçin Məmiyev, Anar Şuşalı, Vaqif Kərimov, Əliqulu Səmədov, Lətifə Əliyeva, Flora Hüseynova, Fidan Axundova və s. ifa ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm