Doğum günündə dahi bəstəkarın məzarı ziyarət olundu - FOTO
Bizi izləyin

Art

Doğum günündə dahi bəstəkarın məzarı ziyarət olundu - FOTO

Noyabrın 22-də dahi bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 99-cu ildönümü tamam oldu. Bu münasibətlə I Fəxri xiyabanda dahi musiqiçinin məzarı ziyarət olundu, üzərinə tər çiçəklər düzüldü.

Publika.az xəbər verir ki, anım mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, yaradıcı təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri iştirak edirdi.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd etdi ki, Fikrət Əmirovun yaradıcılığının mayası Azərbaycan muğamıdır. Bəstəkarın yaratdığı bütün simfoniyalarda azərbaycançılıq ruhu var: “Buna görə də Fikrət Əmirov kimi dahi bəstəkarlarımızın irsinə sahib çıxmalıyıq. Çalışmalıyıq ki, Fikrət Əmirov bəstəkarlıq məktəbi davam etsin. Fikrət Əmirov Azərbaycan mədəniyyətinin böyüklüyünün göstəricisidir. Biri var Azərbaycan dilinin başqa dillərə tərcüməsi, biri də var Azərbaycan ruhunun tərcüməsi. Fikrət Əmirov məhz Azərbaycan ruhunu musiqi dili ilə beynəlxalq aləmə çatdırıb. Azərbaycan dünyada daha çox nefti ilə, yəni iqtisadiyyatı ilə tanınır. Bildiyiniz kimi, bunlar tükənən resursdur. Bizim bitməyən resursumuz mədəniyyətimizdir. Elə bir mədəniyyətimiz var ki, bütün dünyanı əhatə edə bilər. Bu mədəniyyəti yaşatmaq üçün isə ona sahib çıxmalıyıq”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirdi ki, Fikrət Əmirov möhtəşəm üçlüyün nümayəndəsidir: “Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayev Azərbaycan musiqisini hər zaman dünyada tanıdıb: "Fikrət Əmirovun simfonik muğamları ən dahi dirijorların idarəçiliyində səslənib. Bütün dünya onun əsərlərini ayaq üstə alqışlayıb. Amerikalı dirijor L.Stakovski Fikrət Əmirova yazdığı məktubda deyirdi: “Sizin əsərlərinizi bütün Amerikanın şəhərlərində ifa etdim. Sizin əsərlərinizdən sonra konserti davam etmək mümkün deyil. Ona görə ki, insanlar ayaq üstə durub sizin əsərinizi alqışlayır. Bu gündən sonra mən sizin əsərlərinizi həmişə konsertin sonunda ifa edəcəyəm”. Bu sözlər bir daha göstərir ki, Fikrət Əmirov Azərbaycan musiqisini dünya musiqi inciləri sırasına daxil edib”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli söylədi ki, gələn il bəstəkarın 100 illik yubileyidir və artıq bununla bağlı hazırlıqlara başlanılıb: “İstərdim ki, bütün dünyada Fikrət Əmirov günləri keçirilsin. Fikrət Əmirov xoşbəxt insandır, o, çünki dünyadan köçsə də, əsərləri hər zaman yaşayır”.

Sonda sənətkarın qızı Sevil Əmirova çıxış edərək bəstəkarın xatirəsinə göstərilən diqqətə görə mərasim iştirakçılarına təşəkkürünü bildirdi.

Qeyd edək ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədə anadan olub. Onun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın məşhur dirijorlarının bədii rəhbərliyi ilə orkestrlər tərəfindən ifa olunub. Görkəmli dramaturq Cəfər Cabbarlının pyesi əsasında yazdığı “Sevil” operası ilə o, Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Fikrət Əmirovun “Min bir gecə” baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir.

Bəstəkar həmçinin musiqi mədəniyyətimizə konsert janrının da yaradıcısı kimi daxil olub. Yaratdığı simfonik muğam janrı “Şur”, “Kürd-Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” sənətkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.

Böyük bəstəkar 1984-cü il fevralın 20-də vəfat edib. Hazırda Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı görkəmli musiqiçinin adını daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm