Məhkəmə neonasistlərə hökm oxuyacaq
Bizi izləyin

Avropa

Məhkəmə neonasistlərə hökm oxuyacaq

Almaniyada NSU qrupunun üzvü olan və bir çox səs-küylü cinayətlərin, həmçinin onlarca sui-qəsdin törədilməsində təqsirli bilinən neonasistlərin işi üzrə məhkəmə prosesi sona yaxınlaşır.

Publika.az xəbər verir ki, onların barəsində 2000-ci il sentyabrın 11-dən 2006-cı il aprelin 6-dək 8 türk və bir yunan mənşəli vətəndaşı eyni silahla qətlə yetirmələri ittihamı irəli sürülüb.

İstintaqın əvvəlində müxtəlif versiyalara baxılıb və qətllərdə neonasistlərin əli olduğu istisna edilib. 2007-ci il aprelin 26-da Haylbronda polis məmuru Mişel Kizevetterin güllələnməsinin də əvvəlki cinayətlərlə əlaqəli olduğu heç kimin ağlına gəlməyib. Bu qətldən 4,5 il sonra vəziyyət aydınlaşıb. Ayzernaxdakı bankda uğursuz qarət cəhdindən sonra cinayətdə əli olduğu ehtimal edilən iki nəfərin yanmış cəsədi tapılıb. Neonasist qrupun üzvü olan bu cinayətkarların həbsdən qurtulmaq üçün intihar etdikləri güman edilib. Bir nüsxəsi alman KİV-lərinə göndərilmiş videomateriallardan məlum olub ki, Uve Byönxardt və Uve Mundlos adlı bu qatillər əvvəllər irqi zəmində törədilmiş cinayətlərdə iştirak ediblər. Polis ikinci nüsxəni terrorçu təşkilatın daha bir üzvü Beate Tsşepenin təşkil etdiyi partlayış nəticəsində yanmış evin xarabalığından tapıb. Sonuncunun polisə təslim olmasından sonra açıqlanan faktlar Almaniyada əsl şok yaradıb. İstintaq zamanı terrorçuların 10 sui-qəsdlə yanaşı, Kölndə 20 nəfərin xəsarət aldığı 2 terror aktı və 15 quldur hücumu törətdikləri məlum olub.

2013-cü il mayın 6-da Münxen Yüksək Vilayət Məhkəməsində NSU əleyhinə proses başlanıb. Hakimlərin Beate Tsşepe və daha dörd şübhəli barəsində hökm çıxaracağı gözlənilir. Almaniya Federal Prokurorluğu Beate Tsşepe üçün ömürlük həbs cəzası, qalan dörd müttəhim barəsində isə 3 ildən 12 ilədək azadlıqdan məhrum olunma cəzası tələb edir.

Lakin zərərçəkmişlərin vəkilləri cinayətlərin arxasında daha çox neonasistin olduğunu iddia edir və əlavə istintaq aparılmasının zəruriliyini vurğulayırlar. Onlar yüksək dövlət təşkilatlarını, o cümlədən xüsusi xidmət orqanlarını neonasistlərin bir sıra cinayətlərini ört-basdır etməkdə ittiham edirlər. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm