Cənubi Azərbaycan məsələsi BMT-də: Gələn il ana dili...
Bizi izləyin

Avropa

Cənubi Azərbaycan məsələsi BMT-də: Gələn il ana dili...

28-30 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin insan hüquqları üzrə ali komissarının təşkilatçılığı ilə etnik azlıqların məsələlərinə dair 11-ci forum keçirilib.

Publika.az xəbər verir ki, forumda Cənubi Azərbaycan “Ərk-Azərbaycan” İnsan Hüquqları Cəmiyyətinin 4 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.

“Ərk” Cəmiyyətinin müdiri dr. Jalə Təbrizi forumun daha yaxşı keçirilməsi ilə bağlı keçirilən iclasda iştirak edib. Həmin iclasda “ana dili” gələn il keçiriləcək forumun mövzusu kimi qəbul olunub. “Ərk” Cəmiyyətinin müdiri BMT-nin etnik azlıqlar məsələləri üzrə xüsusi reportyoru və Qaçqınlar üzrə Ali Komissarlığın nümayəndəsi ilə görüşüb və müzakirələr aparıb.

Forumda “Ərk” Cəmiyyətinin nümayəndələri azərbaycanlıların mühacirətinə səbəb olan amillər, həmçinin mühacirətin uşaq və qadınlara olan mənfi təsirindən bəhs ediblər. Tədbirin sonunda edilən çıxışlarla bağlı hesabat hazırlanıb. Hesabatın BMT-nin etnik azlıqların məsələləri üzrə xüsusi reportyoru Fernando Lavarn tərəfindən 2019-cu ildə Cenevrədə keçiriləcək BMT İnsan Hüquqları Şurasının 40-cı Konfransına təqdim olunması barədə qərar qəbul olunub.

2008-ci ildən etibarən hər il keçirilən bu forum 1992-ci il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları üzrə Bəyannamə”nin həyata keçirilməsi məqsədilə təşəbbüs, imkan, çağırış və ən yaxşı təcrübələrin müəyyən edilməsi və təhlili üçün platforma rolunu oynayır. Builki forum “mühacirət və dünyada mühacirətin səbəbi olan müharibə, iqtisadi gərginlik, ətraf mühit və s.” mövzulara həsr olunub.

Forumda dünyanın 5 qitəsindən 600 nəfər dil və etnik azlıqlara mənsub hüquq müdafiəçisi iştirak edib.

Qeyd edək ki, İran əhalisinin, təxminən, 40 faizini Azərbaycan türkləri təşkil edir. Buna baxmayaraq, türk milləti ana dilində təhsil ala bilmir və ən ibtidai hüquqlardan məhrumdur. Azərbaycanlılar İran rejiminin ayrı-seçkilik siyasətinə qarşı uzun illər mübarizə aparsa da, bu istiqamətdə hər hansı irəliləyiş yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm