İlham Əliyev dünya nəhənglərinin qarşısında çıxış edəcək - 100 ölkə oraya toplanır
Bizi izləyin

Avropa

İlham Əliyev dünya nəhənglərinin qarşısında çıxış edəcək - 100 ölkə oraya toplanır

Bu gün Münhen Təhlükləsizlik Konfransının 56-cı sammiti öz işinə başlayacaq.

Publika.az xəbər verir ki, sammitdə 30 ölkənin hökumət və dövlət başçıları ilə yanaşı, 70 ölkənin Xarici İşlər və Müdafiə nazirləri iştirak edəcək.

“Qərbsizlik- Westlessness” adlı toplantının əsas mövzuları qlobal və regional təhlükəsizlik məsələləri olacaq.

Sammit dünyanın ən böyük iqtisadiyyatlarına sahib ABŞ və Çin arasında rəqabətin yeni səviyyəyə keçməsi, ABŞ ilə Rusiya arasındakı uçurumun daha da dərinləşməsi və qlobal iqtisadiyyatın naməlumluğun mərkəzində olması fonunda keçirilir.

Siyasət, iqtisadiyyat, hərbi və kəşfiyyat sahələrinin ali səlahiyyətli təmsilçilərini bir araya toplayan 500 nəfərlik sammit həm də qlobal miqyasda fəaliyyət göstərən şirkətlərin, akademiklərin və qeyri-hökumət təşkilatlarının diqqətini çəkir.

MTK 2020-nin gündəmini 27 böhran, Avropa layihəsi, beynəlxalq liberal nizam, Avropa İttifaqının özünümüdafiəsi, qlobal ticarət ixtilafları, iqlim dəyişikliyi, kibertəhlükəsizlik və dünya nəhəngləri arasındakı iqtisadi və texnoloji rəqabət başlıqları təşkil edir.

Avropa İttifaqının siyasi gələcəyi, Afrika, Rusiya, Liviya, İran və Çin ilə bağlı mövzular müzakirəyə çıxarılacaq.

Liderlərin böyük maraq göstərdiyi sammiti Almaniya Prezidenti Frenk-Uolter Ştaynmayer açıq elan edəcək. Panellərdə Azərbaycan Prezidenti İlham Əliyev, Kanadanın Baş naziri Castin Trüdo, Əfqanıstan Prezidenti Əşrəf Qani, Fransa Prezidenti Emmanuel Makron kimi liderlər çıxışlar edəcək.

İştirakçılar arasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Almaniya Xarici İşlər naziri Hayko Maas, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərfi, Almaniyanın Müdafiə naziri Anneqret Kramp- Karrenbauer, Kanadanın Müdafiə naziri Harcit Saccan və Sinqapur Müdafiə naziri Nq Enq Hen diqqət çəkir.

Almaniya kansleri Angela Merkelin sammitə qatılacağı gözlənilmir.

Bundan başqa, NATO-nun Baş katibi Yens Stoltenberq, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus, Beynəlxaq Polis Təşkilatının (Interpol) Baş katibi Yurgen Stok, BMT Dünya Qida Proqramının icraçı direktoru Devid Besli və “Feysbuk”un qurucusu Mark Zükerberq də konfransda öz yerini alacaq.

BMT, Afrika Birliyi, AQİT və NATO daxil olmaqla, bir çox beynəlxalq qurum MTK 2020-nin platformasından istifadə edəcək.

Sammitin təhlükəsiz şəraitdə keçməsi üçün “Bayerischer Hof” hoteli ətrafında 5 min polis olacaq. Onlara 200-dən çox əsgər dəstək verəcək.

Bununla yanaşı, Münhen şəhər mərkəzində fevralın 15-də NATO-ya qarşı və solçu qrupların etiraz aksiyaları keçirməsi gözlənilir.

Konfrans fevralın 16-da başa çatacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm