Avropa
ABŞ ordusu Rusiyanın qonşuluğunda daimi yerləşə bilər - Son söz Trampındır
Pentaqon Polşada daimi Amerika hərbi bazasının yaradılmasına ilkin razılıq verib.
Publika.az Polşanın Gazeta.pl nəşrinə istinadla xəbər verir ki, bi barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış noyabrın 10-da Vaşinqtonda Pentaqonun rəhbəri Pit Heqsetlə görüşündən sonra açıqlama verib.
Yekun qərar ABŞ Prezidenti Donald Trampa məxsusdur və gözlənildiyi kimi, dekabrın əvvəlində qəbul ediləcək.
“Pentaqon Polşada Amerika qoşunları üçün daimi hərbi baza yaradılmasına yaşıl işıq yandırıb”, – deyə Kosinyak-Kamış bildirib.
Onun sözlərinə görə, ABŞ qoşunlarının Avropada yerləşdirilməsinin yenidən nəzərdən keçirilməsi prosesi başa çatmaq üzrədir, Polşada Amerika hərbçilərinin daimi mövcudluğu ilə bağlı danışıqlar isə düzgün istiqamətdə irəliləyir.
“Pit Heqsetlə təfərrüatları müzakirə etdik. Məqsədimizə yaxınlaşırıq və işi başa çatdırmaq əzmindəyik. Polşanın təhlükəsizliyi naminə”, – deyə nazir görüşdən sonra “X” sosial şəbəkəsində yazıb.
Kosinyak-Kamış Polşanın ABŞ-ın strateji tərəfdaşına çevrildiyini də bəyan edib. Onun sözlərinə görə, danışıqlar müdafiə sənayesi də daxil olmaqla, ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəlib.
Daimi Amerika hərbi bazasının yaradılması məsələsi ABŞ-ın Avropadakı hərbi mövcudluğunun altı aylıq yenidən qiymətləndirilməsi prosesi fonunda müzakirə olunur. Vaşinqton Tramp administrasiyasının prioritetlərini nəzərə alaraq, qoşunlarının sayını və yerləşdirilməsini qiymətləndirir. Regionda təhlükəsizlik təhdidləri fonunda Polşa NATO-nun şərq cinahında Amerika qoşunlarının daimi mövcudluğunu gücləndirməyə çalışır.
Xatırladaq ki, Rusiya və Polşa birbaşa quru sərhədinə malik olan qonşu ölkələrdir. Bu sərhəd Rusiyanın əsas ərazisi ilə deyil, onun Avropadakı eksklavı olan Kalininqrad vilayəti ilə Polşanın şimal-şərqi arasında yerləşir.
Hüseyn İbadlı
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər

















.png)






.jpg)











