Dünyanın ən ağıllı və hiyləgər quşu – Kea – FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən ağıllı və hiyləgər quşu – Kea – FOTOLAR/VİDEO

Tutuquşu Kea dünyanın ən ağıllı heyvanı hesab edilir. Yer dəyişməyi sevən tutuquşu, əsasən, Yeni Zelandiyada, onun cənubundakı adalarda, Alp dağlarında, habelə bir sıra şəhər və qəsəbələrdə yaşayır.

Publika.az-ın məlumatına görə, bu ərazilərə səfər edən turistlər tutuquşuların qeyri-adi davranışlarına, hətta hiyləgərliklərinə heyran olurlar.

Yerli sakinlərin vandal adlandırdıqları bu quşlar avtomobillərə hücum edib, onların şüşələrinin rezinlərini dimdikləri ilə kəsir, işıqları məhv edir, təkərləri deşir, şüşəsilənləri qırır, habelə sakinlərə başqa cür ziyan vururlar. Kea tutuquşuları, xüsusən, avtomobillərin rezindən hazırlanmış hissələrinə qarşı həssasdırlar. Onlar şüşələrin, işıqların, qapıların rezinlərini bir neçə dəqiqə ərzində sıradan çıxarırlar.

Bu səbəbdən də onları "silahlı" və təhlükəli quşlar adlandırırlar. Onlar güclü ayaqları, caynaqları və dimdikləri vasitəsilə tutuquşuları həyətlərdə gördükləri hər şeyin dadına baxır, plastik və rezindən olanları aşırır, dağıdır, dimdikləri ilə parçalayır, məhv edirlər. Həyətlərdəki uşaq oyuncaqları da onların iti caynaqlarının və dimdiklərinin hədəfinə çevrilir.

Güclü dimdiklər çəkic, almaz, bıçaq funksiyasını yerinə yetirir. Kea tutuquşuları qəsəbənin zibil yeşiklərinin qapağını açır, onun içindəki məişət tullantılarını yerə dağıdır, özlərinə lazım olan qidanı tapıb yeyirlər.

Dünyada sayları çox az olan Kea tutuquşuları qeyri-adilikləri ilə hər kəsi təəccübləndirirlər. Bu quşlar demək olar, həmişə cüt gəzir, birlikdə yuva qurur, qida axtarır, onu bölürlər.

Dağlarda yuva qurmuş Kea tutuquşuları bu ərazilərdə də qida axtarışını özlərinə məxsus şəkildə həyata keçirirlər. Onlar əvvəlcə yuvalarda gizlənmiş quşların balalarının yerini müəyyənləşdirir, sonra isə yuvaları dimdikləri ilə dağıdıb bala quşları tapır, dağıdılmış yuvadan çıxarıb parçalayırlar. Dünyanın heç bir tutuquşu növü özünü bu cür yırtıcı aparmır.

Kea tutuquşularının yırtıcı ovetmə ənənələri bununla bitmir. Onlar Alp dağlarının ətəklərində, Yeni Zelandiyada qoyunçuluqla məşğul olan fermerlərə də böyük ziyan vururlar. Quşlar gecələr tövlələrə gəlir, müdafiəsiz quzuların yununu didərək qanını içir, piyini isə yeyirlər. Həmin səbəbdən də bir vaxtlar ovçular və fermerlər Kea tutuquşularını kütləvi şəkildə ovlayırdılar. Bu, on minlərlə quşun məhvinə, hətta onların nəslinin kəsilməsi təhlükəsinə səbəb oldu. Onları tutuquşuların ovunu qadağan edən qanun xilas etdi. Qanunla müdafiə olunan Kea yoxolma təhlükəsindən xilas edildi.

Alp dağlarının zirvəsi Yeni Zelandiyada qış idman növləri, turistlər üçün ən əlverişli məkandır. Kea tutuquşuları bu imkanlardan da yararlanırlar. Onlar xizəkçilərin plastik əşyalarına, qida çantalarına hücum edir, yemək axtarırlar. Xizəkçilərin, turistlərin dağların qarlı zirvələrindəki səyyar kafeləri, restoranları çağırılmamış qonaqlar – tutuquşularla dolu olur. Onlar hətta qidaları, xüsusən, "fast food"u belə, xizəkçilərin əllərindən alırlar.

Lakin insanların bu əliaçıqlılığı da Kea tutuquşuları qədim, yabanı adətlərindən döndərmir. Onlar dağların başındakı daşları aşağıdan keçən turistlərin üstünə yuvarlayırlar. Heç kim tutuquşuların nə üçün belə etdiyini anlamır.

Onların özünəməxsus ənənələri var: - əvvəlcə zibil yeşiklərinin üstündəki ağır əşyaları – daşları, taxta parçalarını itələyib yerə atır, sonra qutunun qapağını qaldırırlar. Bundan sonra isə onun içində özlərinə lazım olmayan şeyləri yerə atır, qidaları isə yeyirlər. Bir sözlə, bu quşlar təkcə dağıtmır, həm də zibilləyirlər.

Onlar təkcə ağıllı, hiyləgər olmaları ilə seçilmirlər. Kea tutuquşuları həm də başqa quşlarda olmayan əzələlərə malikdirlər.

Maun Kuk Milli Parkında bu quşlarla bağlı araşdırma aparan ekspertlər onun sevdiyi kərə yağını dairəvi qabın içinə sürtərək onu uzun plastik silindrin içinə keçirirlər. Hiyləgər quşlar əvvəlcə onu dimdikləri ilə silindrin içindən çıxarır, sonra açaraq yağı yeyirlər. Bütün bunları kənardan izləyən gənc tutuquşular isə özlərindən "böyük"lərin qidanı ələ keçirmək qaydasını izləyib öyrənirlər.

İnandırıcı olmasa da, bu quşlar qapaqları oyma üsulu ilə bağlanan qabların xüsusi qapaqlarını da aça bilirlər. Dimdiyi ilə qapağı burub açan tutuquşu sonra örtüyü qaldıraraq qabın içindəki qidanı götürür.

Kea tutuquşuları ilə bağlı tədqiqat aparan alimlər qapağı xüsusi iplə açılan yeşiklər hazırlayaraq onların içinə qidalar qoyublar. Cəmi bir neçə saniyə sonra ərazidə görünən quşlara yeşiklərin ağzını açmaq üçün elə də çox vaxt lazım deyil. Onlardan biri dimdiyi ilə ipi dartır, digəri isə qapısı açılmış yeşikdəki qidaları yeyir. Bir qədər sonra onlar növbələrini dəyişirlər. Alimlər digər quşlarda rast gəlinməyən maraqlı qaydaya, Kea tutuquşularının bu cür "əməkdaşlığ"ına təəccüblərini gizlədə bilmirlər.

Vandal quşlar həyətlərdəki uşaq oyuncaqlarını dimdikləri və caynaqları ilə dağıdırlar. Bütün bunlara baxmayaraq, sakinlər onların qarşısında acizdirlər. Çünki Kea tutuquşularını öldürmək qanunla qadağandır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm