Rus təyyarəsinin alovunda yanan Qırmızı dəniz - Misirdən XÜSUSİ REPORTAJ - FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

Rus təyyarəsinin alovunda yanan Qırmızı dəniz - Misirdən XÜSUSİ REPORTAJ - FOTO/VİDEO

Misirdən Rusiyaya uçan sərnişin təyyarəsi partladılandan 1 həftə sonra, yəni hadisənin təsiri hələ keçməmiş aranızdan neçə nəfər turist kimi bu ölkəyə getməyə razı olardı? Tərəddüd edənlərin çox olacağını təxmin etmək çətin deyil. Bunu Misirə gedəcəyimi dediyim insanların sual dolu nəzərlərindən də açıq-aydın görmək olurdu.

Ancaq ora getməklə bağlı gözlənilməz təklif mənimçün vazkeçilməz göründü. Odur ki, heç düşünmədən Misirin turizm şəhərlərindən biri olan Şarm Əl-Şeyxə getməyə razı oldum. Di gəl, həyəcanımı da gizlədə bilmirdim...

Bakı - Tiflis - Şarm Əl-Şeyx

Təbii ki, ən sərfəli marşurutu seçdik. Azərbaycandan Misirə birbaşa uçuş olmadığı üçün əvvəlcə Gürcüstana, oradan da Şarm Əl-Şeyxə uçmalı idik. Paytaxt Tiflisə gecəyarısı çatdıq. Təyyarəmiz isə hələ səhər saatlarında qalxacaqdı. Odur ki, həyəcanla gözlədiyimiz uçuşa hələ bir neçə saat qalırdı. Həmin saatları hava limanında gözləməli olduq.

Pulsuz internet!

Gürcüstan hava limanında pulsuz "Wi-Fi" olduğu üçün vaxtın necə keçdiyini hiss etmədik. Bu səxavətinə görə, Gürcüstana bəlkə də böyük təşəkkür düşür. O an bu xidmətin nə qədər qiymətli olduğunu anlamamışdıq. Ta ki, Misirə gedib çıxana qədər. Sən demə, internetin qızıl qiymətinə satıldığı bir şəhərə gedirik.

Həyəcanlı baxışlar, uzanan saatlar...

Tiflis hava limanında Misirə uçacaq təyyarəni gözləyən xeyli sərnişin var. Deməli, mənim kimi bu ölkəyə getməyə tərəddüdsüz razılaşanlar az deyil. Ancaq onların da gizlədə bilmədiyi həyəcanını hava işıqlandıqca daha çox hiss etmək olurdu.

Axır ki, təyyarəmizin uçuş vaxtı yetişdi. Misir hava yollarına aid təyyarə tam dolmamışdı. Yəqin ki, bunda partlayışın da rolu az deyil.

Nə isə... təyyarədə bizi ingiliscəsi zəif olan stüardessalar qarşıladı. Yeri gəlmişkən qeyd edim ki, təyyarə heyətində ingilis dilini nəinki mükəmməl, yaxşı bilən də yoxdur. Belə ki, məlumatları və qaydaları oxuyan xanımın da ingilis dili bərbad idi. Səhərə qədər hava limanında gözlədiyimiz üçün hamımız ac idik. Həyəcanımızın və aclığımızın keçməsi üçün yemək vaxtını səbirsizliklə gözlədik. Ancaq belə həvəslə gözləməyə dəyməzmiş. Təyyarədə verilən dadsız yeməklərlə (əncir mürəbbəsi və yağı çıxmaq şərti ilə) nəinki həyəcanımız, heç aclığımız da keçmədi.

Xoş gördük Şarm Əl-Şeyx!

Nəhayət, sağ-salamat yerə endik. Sərnişinlərin sevinci gözündən oxunurdu. Pilotlar da xeyli alqışlandı...

Şarm Əl-Şeyxə səhər saat 11-də çatdıq. Məlum hadisəyə görə, həmişə turistlə dolub-daşan hava limanında adam gözə dəymirdi. Gördüklərimiz də yalnız işçilər idi.

Hava limanı zahirən güclü mühafizə altında olsa da, yüklərimiz xüsusi yoxlanılmadı. Hər turistə özü haqqında məlumatları doldurmaq üçün blank təqdim etdilər. Əgər şəhərdən çıxmağı, məsələn, piramidaları görmək üçün Qahirəyə getməyi planlaşdırırsınızsa, elə buradaca 25 dollar ödəyib viza almalısınız.

Qoy həmişə günəş olsun!

Məlumat blankını doldurduqdan sonra xidmətindən istifadə etdiyimiz turizm şirkətinin bizi gözləyən nümayəndəsinin yanına getdik. Sözsüz ki, adamın sümüklərinə işləyən Bakı soyuğundan çıxıb isti ölkəyə düşmək əvvəlcə qəribə təsir bağışladı. Buna baxmayaraq, günəşin mülayim şüalarına sevinməmək mümkün deyildi. Necə deyərlər, qoy həmişə günəş olsun!

Şəhərlə ilk tanışlıq

Otellə hava limanı arasındakı 15 dəqiqəlik məsafədən maksimum yararlanmağa çalışan bələdçimiz şəhər haqqında daha çox bilgi verməyə çalışdı. Bu şəhərlə ilk tanışlığımız belə başladı. Şəhər haqqında çox şey öyrəndik. Təbii ki, sadəcə bələdçimizin dediklərindən yox, elə öz gördüklərimizdən də.

Məsələn, bu şəhərdə turizmin son durumu elə də ürəkaçan deyil. Xüsusən, rusiyalı turistlərin sayı kəskin azalıb. Bu təsir Misir büdcəsində olduğu qədər, turizmdə çalışanların əmək haqqında da özünü göstərib. Bələdçimizdən öyrəndik ki, turist böhranı onların maaşlarında da özünü göstərib.

Bakıdan Gürcüstana 6 saatlıq yol, hava limanında gözləməli olduğumuz saatlar, üstəlik 3 saatlıq uçuş bizi elə yormuşdu ki, yeyən kimi yatmağı düşündük. Şər qarışdığından, Qırmızı dənizlə, şəhərlə geniş tanışlığı ertəsi günə saxladıq.

Min bir gecə nağıllarına səyahət...

Turistlərin simpatiyasını çoxdan qazanan Şarm Əl-Şeyx nadir güllərin qeyri-adi, qəribə gözəlliyini, geniş çəmənliklərin yaşıllığını, hündür ağacların və palmaların bolluğunu özündə birləşdirir. Şarm Əl-Şeyxdə maraqlı məkanlar çoxdur. Məsələn, Hollivud parkı burada ən məşhur əyləncə məkanlarından biridir. Otellərə yaxın olduğundan turistlər də məhz bura üz tutur. Elə bu amil də qiymətlərə ciddi təsir edir. Baha olduğuna görə, Hollivud parkına deyil, "Min bir gecə" istirahət mərkəzinə getməli olduq. Məcburiyyət kimi görünsə də, bu variant sərfəli olduğu qədər də maraqlı göründü.

Nağıllar aləmində

Məkana giriş biletlədir. Bir biletlə, sözün əsl mənasında, nağıllar aləminə düşürsən. İnsanın özünün məhz belə bir aləmdə hiss etməsi üçün nə lazımdırsa, edilib. Məsələn, dekorasiyası da adına uyğun tərtib edilən məkanda "Min bir gecə" nağıl qəhrəmanlarının heykəlləri qoyulub. Hələ rəqqasları demirəm... Odur ki, təqdim edilən menyudan istənilən içki və yeməyi sirafiş verəndən sonra özünüzü rəqqasların öhdəsinə buraxın. Onlar sizi real nağıllar dünyasına aparacaq.

Beləliklə, əvvəllcə səhnəyə uzun yubka geyinmiş Misir rəqqasları çıxdı. Səhnədə 10 dəqiqə, hətta bəlkə daha çox fırlanan rəqqasların yubkaya bənzər rəqs geyimi yavaş-yavaş yuxarı qalxır. Onlar ağır ətəyi bu dəfə başlarının üstündə fırladırlar.

Burada rus qızlarının rəqibi misirli kişilərdir

Səhnədə uzun yubkalı kişiləri göbəyiaçıq rəqqasə əvəz etdi. Burada yerli qadınların rəqs etməyinə yaxşı baxılmadığından, əyləncə mərkəzlərində səhnəyə, əsasən, rus və ya ukraynalı xanımlar çıxır. Ancaq şəhərin əksər yerlərində onların rəqibi misirli kişilərdir. Maraqlıdır ki, bu şəhərdə qadınların bədənini nümayiş etdirməsi ayıb sayılsa da, kişilərin göbəyini oynatması normal qarşılanır. Ona görə də, şəhərin bir çox yerlərində oriyental rəqs edən göbəyiaçıq kişilərə rast gələ bilərsiniz.

"Min bir gecə"nin səhnəsində ilanla şou da çox maraqlı oldu. Uzun sözün qısası, turistlərlə bərabər, yerli sakinlərin də dincəldiyi bu məkanda hər axşam müxtəlif əyləncəli proqramlar təşkil edilir. Həmin şouları gecə yarısınadək izləyən tamaşaçılar arasında qadınlar lap çoxdur. Əri ilə birlikdə gecəyarısınadək şou izləmək heç də qəbahət deyil.

Su fəvvarələrinin "şou"su

Küçələri gecəyarısına qədər turistlərlə dolu olan şəhəri gəzməyə çıxanlar ən çox musiqili su fəvvarələri ilə maraqlanır. Hamı onun ətrafına yığışır. Ritmə uyğun rəngarəng işıqlar saçan fəvvarələrə, xüsusən, hava qaralandan sonra maraq artır.

Rusdilli şəhər

İngilis dili ilə müqayisədə rus dili burada daha çox yayılıb. Çünki bu şəhərdə rusdillilər çoxdur. Şəhər mərkəzində, bir çox kafe və restoranlarda rus estradasından nümunələr eşitmək heç təəccüb doğurmur. Satıcıdan, aşpazdan, ofisiantdan tutmuş bağbana qədər hamı rus dilində sərbəst danışır, fikrini izah edə bilir.

Dayan, təhlükə!

Ancaq təhlükə həyacanını şəhərdə hər an hiss edə bilərsən. Çünki hava limanından fərqli olaraq şəhərdə təhlükəsizlik tədbirləri daha ciddi həyata keçirilir. Elə biz də gəzərkən bir neçə dəfə yoxlamalara məruz qaldıq: çantalarımız yoxlanıldı. Bu hal, əslində, mənim üçün sevindirici idi. Baş verə biləcək hər hansı təhlükəyə qarşı mühafizə olunduğumuzu düşünür, buna inanırdıq.

Müştəri uğrunda əsl müharibə

Şarm Əl-Şeyxdə mağazaların önündən maneəsiz keçmək böyük məharət tələb edir. Burada əsas maneə müştəri uğrunda ölüm-qalım savaşı verən satıcılardır. Onlar mağazanın önündən keçən hər kəsi saxlayır, əliboş buraxmaq istəmirlər. Çox sırtıq olan satıcılara qarşı üzüyumşaqlıq nümayiş etdirsəniz, bu məcburi alış-verişdən məğlub çıxarsınız. Yəni, sizi necə lazımdır, soya bilərlər. Məsələn, müsəlman qardaşlarımız burada 1 dollarlıq malı 6-7 dollara satmaq kimi xüsusi istedada malikdirlər. Şirin dillərini işə salıb əvvəlcə turistlərlə ünsiyyət qurmağa, sonra isə mallarını onlara sırımağa çalışırlar. Şarm Əl-Şeyxə getmək istəyən varsa, bu sözləri qulağında sırğa eləsin: qiyməti maksimum dərəcədə aşağı salmadan, heç nə almayın. Xüsusən də, dəniz kənarından alış-veriş etmək heç ağıllı fikir deyil.

Qızıl qiymətinə internet

Yolunuz Şarm Əl-Şeyxə düşsə, düşünməli olduğunuz məsələlərdən biri də internetdir. Otellərin çoxunda internet qızıl qiymətinə satılır. Təsəvvür edirsiniz, yarım saatlıq "Wi-Fi" üçün 4 dollar ödəməlisiniz. Bu yolla Misirdə əməlli-başlı varlanmaq olar. Amma restoranlarda da "Wi-Fi" var. Di gəl, mütləq yemək, ya da içmək üçün hər hansı sifariş verməlisiniz. Bu da sizə ən azı 1-2 dollara başa gələcək. Lakin əvəzində restoranda oturub istədiyiniz qədər internetdən istifadə edə bilərsiniz. İnternetsiz nəfəs ala bilməyənlər üçün isə optimal çıxış yolu sim kartdır.

Dinlərin vəhdəti

Qədim tarixə və tarixdən izlər daşıyan çoxsaylı abidələrə sahib Şarm Əl-Şeyx həm də dinlərin vəhdət təşkil etdiyi yer kimi tanınır. Elə Şarm Əl-Şeyx-də də Əl-Mustafa məscidi ilə, Müqəddəs Yekaterina (katolik) kilsəsi turistlərin diqqətini daha çox çəkir. Bu mənada şəhərdə bir vəhdət, bir harmoniya var. Ancaq məscid və kilsənin öz ziyarətçilərinə münasibəti buralarda da dəyişməz qalır. Belə ki, müsəlman olduğumuza baxmayaraq, başımız bağlı olmadığı üçün bizi Əl-Mustafa məscidinə buraxmadılar. Kilsənin gözətçisi isə qapını döyən hər kəsi - hər ziyarətçisini, hər qonağını, bir sözlə, bütün turistləri maneəsiz içəri buraxırdı...

Bədəvilərin şam yeməyi

Turist proqramında nəzərdə tutulan ən maraqlı məqamlardan biri də bədəvilərin kəndinə ekskursiyamız oldu. Belə ki, cəmi 20-30 dollara həm səhranı görə, həm də bədəvilərin şam yeməyinə dəvət ala bilərsiniz.Bunun üçün bir saata yaxın yol getmək lazımdır. Bu yol üçün də 2 nəqliyyat vasitəsi təklif olunur. Ya dəvənin üstündə, ya da motosikletlə. Seçim özünüzə buraxılır.

Elə ki, kəndə çatdınız... Burada əsl Misir çayı içəcək, səhrada günəşin batmasına baxacaq, ulduzlu səma və qulaqbatırıcı sakitliklə baş-başa qalacaqsınız... Təyyarə partlayışının doğurduğu əks-sədadan sonra qulaqlar sakitlikdən də batarmış... Burada məhz bu sakitliyi tapmaq mümkündür.

Ucsuz-bucaqsız səhrada yaşayan bədəvilər "ibtidai" həyat tərzi sürürlər. Kasıb bədəvilər adi elektrik işığından da məhrumdurlar.Gecələrini şamla işıqlandıran bu insanların həyat tərzi ürək ağrıdır. Əgər könlünüzdən onlara yardım etmək keçsə, pul verə bilərsiniz. Həsir daxmalarda yaşayan kasıb bədəviləri 1 dollarla dünyanın ən xoşbəxt insanı edərsiniz.

Bədəvi süfrəsi onların həyat tərzini əks etdirir. Elə də zəngin olmayan bu süfrəni fərqləndirən heç nə yoxdur. Yumurta, kartof qızartması və çay...

Ruslar dünyanın ən təmiz dənizini seçirlər

Qızıl qumlu çimərliklər il boyu qonaqlarını sevindirir. Hətta qışda da bu dənizdə çimmək olur. Axı suyun temperaturu 20-22 dərəcədən aşağı düşmür.

Qırmızı dənizin sahilində əksəriyyəti rus və ukraynalılardan ibarət kifayət sayda turist var. Onlar bu şəhərə 1 yox, 3, 2 həftəlik gəlirlər. Məsələn, Svetlana xanım buraya noyabrın 5-də, hələ Rusiya, Misirə uçan təyyarə reysini bağlamazdan öncə gəlib. Baş verən hadisəyə görə təəssüflənsə də, istirahətini də yarımçıq qoymayıb: "Hadisə baş verən gün təşviş yaranmışdı. Amma sonradan vəziyyət qaydasına düşdü. Heç kim istirahətini yarımçıq qoyub getmək fikrində deyil. Kim necə gəlibsə, eyni qaydada da geri qayıdacaq. Məsələn, Saratovdan gələnlər oraya gedəcəklər. Ancaq baqaj Moskvaya gedəcək və yoxlanıldıqdan sonra ayrı-ayrı şəhərlərə göndəriləcək. Hava limanı müasir rentgen avadanlıqları ilə təchiz edilmədiyindən çamadanlarda nə olduğu buradakı aparatda görünmür. Baqajın ayrı getməsi də məhz bundan qaynaqlanır. Antalya və Bodrum hava limanında çamadanda olan hər şey aydın şəkildə görünür. Yəqin ki, bundan sonra təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşacaq, Rusiyadan Şarma birbaşa uçuş yenidən açılacaq".

Kristina da son hadisələrdən sonra qorxmadığını deyir: "Bilirsiniz, əmin ediblər ki, bizi maksimum dərəcədə qoruyurlar. Ona görə də istirahətimi yarımçıq qoymağı düşünmürəm. Təyyarənin partladılması, əlbəttə ki, xoşagələn hal deyil. Misirə uçuşların qadağan olunması da siyasi məsələdir. Eyni vəziyyət Misir inqilabı zamanı da baş vermişdi, o vaxt təyyarələrin uçuşuna bir ay qadağa qoydular. Ümid edirəm ki, bu hadisə Şarm əl-Şeyxə rusların axınına, burada dincəlmələrinə pis təsir etməyəcək. Ümumiyyətlə, ruslar isti ölkələrdə dincəlməyi sevir. Təhlükəli olsaydı, burda bu qədər insan qalmazdı. Burada terrora cəhd müşahidə etməmişəm. Hamı bizimlə yaxşı rəftar edir. Prinsipcə, gəlmək istəyən onsuz da tranzit yolla gələcək. Rəfiqəm Moskvadan birbaşa uçmalı idi. Ancaq İstanbuldan gəlməli oldu. Düzdür, bu, baha başa gəlir. Amma nə etməli?"

Ruslar gəlməsələr...

Qeyd edək ki, burada qaldığımız günlərdə mənzərə günü-gündən dəyişirdi. Söhbətləşdiyimiz ruslar onların istirahətinə heç nəyin təsir etməyəcəyini söyləsələr də, şəhərdə, oteldə və hətta dənizin sahilində rusların, ümumiyyətlə, turistlərin sayı getdikcə azalırdı. Rusiya təyyarəsinin partladılmasının fonunda mehmanxana sahibləri Misirin Şarm Əl-Şeyx şəhərinə gələnlərin sayının 70 faiz azalacağını proqnozlaşdırırlar. Ekspertlərin fikrincə, uçuşların dayandırılması, demək olar ki, Misirə hər gün üçün dörd milyon dollar ziyanla başa gələ bilər. Əgər ruslar gəlməsələr, onda demək olar ki, on milyon işçi evində oturmalı olacaq.

Şəhər boşalır: biz qayıdırıq

Səfəriniz nə qədər yaxşı keçsə, qayıtmaq bir o qədər çətin olur. Aydın məsələdir ki, Qırmızı dəniz sahillərindən heç kim ayrılmaq istəməz.

Gələndə hava limanında ciddi yoxlanılmasaq da, qayıdanda yoxlanıldıq. Ya bu ölkədə olduğumuz bir həftə ərzində qaydalar dəyişmişdi, ya da bu ölkəyə gələndən yox, gedəndən şübhələnirlər. Yüklərimiz ciddi şəkildə yoxlanıldı, özümüz – üst-başımız arandı. Hətta 2 dəfə ayaqqabılarımızı dəyişməli olduq.

Mühafizənin həyəcanına baxmayaraq, qayıdan sərnişinlərin çöhrəsində daha həyəcan yox idi. Sərtləşdirilmiş yoxlamalar belə Qırmızı dənizin yaratdığı ruhi sakitliyimizi poza bilmədi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm