Dünyanın ən bahalı və ağılasığmaz tikililəri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən bahalı və ağılasığmaz tikililəri - FOTOLAR

"Businessınsider.com" saytı dünyanın ən bahalı tikililərini müəyyənləşdirib. Milyardlarla dollar vəsaitə başa gələn bu binaların siyahısında kazinolar, hotellər və göydələnlər var.

Publika.az həmin siyahını təqdim edir:

19. "Trump Taj Mahal", Atlantik Siti - 1.9 milyard dollar

Hazırda ABŞ prezidenti olmaq üçün mübarizə aparan Donald Tramp bir çox daşınmaz əmlakın sahibidir. Onun 1990-cı ildə 1 milyard dollara tikdirdiyi bu kazinonun qiyməti hazırda 2 milyard dollardır.

18. "Taybey 101", Taybey - 2 milyard dollar

"Taybey 101" inşasının başa çatdığı 2004-cü ildə dünyanın ən yüksək binası olub. Qeyri-adi memarlıq üslubu ilə diqqət çəkən bina zəlzələ və tsunamiyə davamlı hesab olunur.

17. "The Palazzo", Las-Veqas - 2.05 milyard dollar

Bu kazinoda yer alan bəzi mənzillər demək olar ki, həmişə ən yaxşılar siyahısında olur. "The Palazzo"nun dünyanın ən bahalı və ən gözəl otaqlarına sahib olduğu deyilir.

16. "Bank of China Tower" (Çin Bankı Qülləsi), Honkonq - 2.1 milyard dollar

Qüllənin tikilişi 1990-cı ildə 1 milyard dollara başa gəlib. Bu günün şərtləri nəzərə alındıqda qüllənin qiyməti iki dəfə bahalaşıb.

15. "Princess Tower", Dubay - 2.2 milyard dollar

"Bürc-Xəlifə"dən sonra dünyanın ən yüksək göydələnidir. Ancaq bu qüllə digərlərinin əksinə nə kazino, nə də hoteldir. Qüllə yaşayış binası kimi fəaliyyət göstərir.

14. "Bellagio", Las-Veqas - 2.3 milyard dollar

1998-ci ildə keçmiş "Dunes" kazinosunun yerində tikilib. 1000 otaqlı bu bina lüks axtarışında olanlar üçün nəzərdə tutulub.

13. "Antilia", Mumbai - 2.5 milyard dollar

Bu binanı hindli milyarder Mukeş Ambani tikdirib. Binanın inşası üçün əvvəlcə həmin ərazidəki yetimxana sökülüb. Bina ölkədə qalmaqallara səbəb olub. Hindlilər əhalisi kasıblıqdan əziyyət çəkən şəhərdə belə lüks bir binanın tikilməsini iyrənclik adlandırıblar.

12. "City of Dreams", Makao - 2.75 milyard dollar

2009-cu ildə açılışı olub. Bina əyləncə mərkəzi kimi fəaliyyət göstərir.

11. "Venetian", Makao - 3 milyard dollar

2007-ci ildə açılan kazino-hoteldə 3000-dən çox mənzil və minlərlə oyun aparatları var.

10. "Wynn Las Vegas", Las-Veqas - 3.3 milyard dollar

Dünyanın ən yaxşı hotellərindən biri hesab olunur.

9. "Freedom Tower", Nyu York - 4 milyard dollar

2014-cü ildə inşa edilib. Nyu Yorkun ən hündür göydələnidir. 11 sentyabr hücumunun baş tutduğu "Əkiz qüllələr"in yerinə inşa edilib. Ona görə də, terrora qarşı müqavimətin simvolu hesab edilir.

8. "The Cosmopolitan", Las-Veqas - 4.1 milyard dollar

Siyahıdakı ən bahalı kazino-hoteldir. Bir vaxtların ən çox gəlir əldə edən gecə klubu "Marquee" də 3000 otaqlı bu qüllədə yerləşir.

7. Parlament binası, Canberra, Avstraliya - 4.2 milyard dollar

1988-ci ildə inşa edilib. 4700 otaqlı bu bina günəş enerjisi ilə işıqlandırılır.

6. "Resorts World Sentosa", Sinqapur - 5.4 milyard dollar

Asiyanın ən çox turist cəlb edən yerlərindən biridir. Burada düz 10 min nəfər işləyir. Dünyanın ən böyük akvariumu da burada yerləşir.

5. "Emirates Palace", Abu-Dabi - 6 milyard dollar

Tikintisinə ən çox pul xərclənən hoteldir. "Forsaj 7" filminin çəkiliş məkanlarından biri olub.

4. "Marina Bay Sands", Sinqapur - 8 milyard dollar

Bu günə kimi inşa edilən ən bahalı kazinodur. Açılışı planlaşdırılan tarixdən 1 il sonra baş tutub.

3. "Tokamak" reaktoru, Fransa - 14 milyard dollar

Siyahıdakı tək araşdırma təsisidir.

2. "Abrac əl-Beyt", Məkkə - 15 milyard dollar

10 ilə tikilib. Açılışı 2012-ci ildə olub. Qüllə Osmanlı dövrünə aid Acyad qalasının üzərinə inşa edildiyi üçün qalmaqala səbəb olub.

1. "Məscidi Haram", Məkkə - 30 milyard dollar

Dünyanın ən bahalı tikintisidir. Bina bu günə kimi dəfələrlə restavrasiya edilib. Bu məscidi hər il 5 milyondan çox müsəlman ziyarət edir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm