Rusiya Bulqakovdan qorxur
Bizi izləyin

Bilgi.az

Rusiya Bulqakovdan qorxur

Mixail Bulqavovun məktubu: "Mən azadlığın pərəstişkarıyam və əminəm ki, onun lazım olmamasını sübut etmək istəyən yazıçı, cəmiyyət qarşısında suya ehtiyacı olmadığını iddia edən balıq kimi görünür"

Ötən il Rusiyanın Çelyabinsk vilayətində - Zlatoust şəhərinin prokurorluğu rus ədəbiyyatının klassiki Mixail Bulqakovun "İt ürəyi" əsərini uşaq düşərgələrinin kitabxanalarından yığışdırmaq barədə qərar verib. Qərara görə, "İt ürəyi" uşaqların psixikasına pis təsir göstərir və uşaqlar bu kitabı 12 yaşından sonra oxuya bilərlər. Uşaq kitabxanalarından yığışdırılan kitablar arasında "1001 gecə" də var - bu kitabı yalnız 16 yaşa çatanların oxumasına icazə verilir.

Bu il də Rusiyanın bir çox vilayətlərində Bulqakovun bəzi əsərləri kitabxanalardan yığışdırıldı. Yoxlama aparanlar bu qərara gəliblər ki, səbəb yeniyetmələrin yaşlarına uyğun olmayan kitabları oxumasıdır.

Vaxtilə Bulqakov özü onun əsrələrini nəşrinə qarşı çıxan Sovelər Birliyinə meydan oxuyur və mübarizə aparırdı. Hətta SSRİ Hökümətinə məktub da yazmışdı. Həmin məktub budur:

Mixail Afanasyeviç Bulqakov
(Moskva, Piroqovskaya, 35-a, ev 6)

Mən SSRİ Hökumətinə aşağıdakı məktubla müraciət edirəm:

1.

Əsərlərim qadağan edildikdən sonra, yaradıcılığımla yaxından tanış olan bir çox vətəndaş mənə eyni məsləhəti verməyə başladı. "Kommunistsayağı pyes" yazmalı (sitatları dırnaq arasında göstərirəm), bundan əlavə SSRİ Hökümətinə bağışlanmaq məktubu ilə müraciət edib bədii əsərlərimdə yazdığım əvvəlki baxışlarımdan imtina etməli və daha sonra kommunizm ideyasına sadiq yazıçı-poputçik (Bolşevik partiyasının üzvü olmasa da partiyanı dəstəkləyən yazıçı) kimi işləyəcəyimə təminat verməliyəm. Əsas məqsəd təqiblərdən, kasıblıqdan və bunun sonunda qaçılmaz ölümdən can qurtarmaqdır. Bu məsləhətə qulaq asmadım. Mən SSRİ Hökumətinin qarşısında ona sərf edən bir vəziyyətdə durmaram və çətin ki, ona xoş gələn siyasi gedişlərdən savayı bir şey olmayan yalançı məktub yazım. Kommunistsayağı pyes yazmağa isə heç cəhd də etmədim, çünki əvvəlcədən məndə belə bir pyesin ərsəyə gəlməyəcəyini çox yaxşı bilirdim.

Həqiqət dolu məktubla SSRİ Hökumətinə üz tutmağıma səbəb isə içimdə yetişmiş yazıçı iztirablarıma son qoymaq arzusudur.

2.

10 il ərzində qəzetlərdən kəsdiyim parçalardan ibarət albomuma nəzər salanda gördüm ki, SSRİ mətbuatında əsərlərim haqqında yazılan rəy sayı 301-dir. Onlardan yalnız üçü müsbət digəri - 298-i isə nifrət və təhqirdir. Həmin 298 rəy yazıçı həyatımın güzgüdəki əksidir. "Turbinlər ailəsinin həyatı" pyesimin qəhrəmanı Aleksey Turbini bütün nəşrlərdə "it oğlu" adlandırıblar, pyesin müəllifini isə "qocalmış it həvəskarı" kimi dəyərləndiriblər. Haqqımda "qonaqlar yediyini qaytarandan sonra" yerdən qalıqları yığan "ədəbiyyat süpürgəçisi" kimi yazırdılar.

Elə belə də yazıblar:

"İfadəmə görə bağışlayın: Bu Mişka Bulqakov iylənmiş zibillərin içində eşələnən yazıçıdır. Bu nədir axı, ay üzdəniraq? Səndən soruşuram! Mən hələ mədəniyəm, götür o kitabı gündəyməz yerindən çıxar və başına çırp. İtə büstqalter nə qədər lazımdırsa, bizə də Turbinlər ailəsi bir o qədər lazımdır. Bizə nə Turbindən? Arzu edirəm nə xeyrini, nə uğurunu görəsən." ("Həyat incəsənəti" N44-1927-ci il).

Yenə yazırlar: "Necə vardı elə də qalmış, yeni burjuaziya nəslinin qalığı, işçi sinifi və onun kommunist ideallarının üstünə hopmuş zəhərli, ancaq artıq gücdən düşmüş tüpürcək olan Bulqakov"("Komsomolskaya pravda" 14/X-1926-cı il).

Şayiə yayıblar ki, guya, mən "hansısa dostumun kürən arvadı ilə qeyri-rəsmi əlaqədə olub onun qapısında it kimi gəzməkdən" həzz alıram və ona görə də "Turbinlər ailəsinin həyatı" pyesim üfunət iyi verir və sair.

Sizə çatdırmaq istəyirəm ki, bu misalları gətirməklə şikayət etmək və ya hansısa polemikaya girmək fikrim yoxdur. Məqsədim daha ciddidir. Mən təkcə əlində sənədlər olan SSRİ mətbuatının bütövlükdə mənə qarşı olduğunu sübut etməyə çalışmıram, elə mətbuatla bərabər teatr repertuarlarına nəzarəti təmin edən təşkilatın da, ədəbi yaradıcılıqla məşğul olduğum bütün bu illər ərzində yekdillik və möhtəşəm bir həvəslə bu ölkədə Mixail Bulqakovun əsərlərinə yer olmadığını sübut etdiklərini deyirəm. Bəyan edirəm ki, SSRİ mətbuatı tamamilə düzgündür.

3.

Məktubumun yekun nöqtəsi "Al qırmızı ada" panfletim olacaq. SSRİ tənqidçilərinin hamısı istisnasız olaraq bu pyesin "zəif, lazımsız, miskin" və "inqilaba qarşı yazı" olduğunu bəyan etdi. Bu məsələdə ümumi rəy olsa da, birdən-birə bir istisna ortaya çıxdı. Buyurun, Noviçkovun rəyi: "Al qırmızı ada"- bədii yaradıcılığı boğan, kölə təfəkkürlü, aktyor və yazıçıların şəxsiyyətini alçaldan Böyük İnkvizitorun məsum kölgəsinin canlandırıldığı "maraqlı və incə parodiyadır". Panfletdə "zalım, qaranlıq güclərin tərbiyə etdikləri yaltaq kölələr"dən söhbət gedir. Qeyd olunub ki, "əgər belə qara qüvvələr mövcuddursa, tanınmış dramaturqun ağlına haqq qazandırmaq olar".

İcazə verin, sizdən soruşum - həqiqət haradadır? Deyin görüm "Al qırmızı ada" "fərsiz, miskin pyesdir" yoxsa "möhtəşəm işlənmiş panflet?"

Həqiqət Noviçkovun rəyindədir. Pyesimin necə olduğu barədə danışmaq istəmirəm, amma qəbul edirəm ki, pyesimdə həqiqətən də zalım bir kölgə mövcuddur. Bu, Baş Repertuar Komitəsinin kölgəsidir və kölələri, qorxaq "nökərləri" tərbiyə edir. O, yaradıcı fikri öldürür. O, Sovet dramaturgiyasını məhv edəcək və sonuna çıxacaq.

Bu fikirlərimi tində pıçıltı ilə deməmişəm. Mən onları dramaturji panfletlərimdə ifadə edib səhnəyə qoymuşam. Sovet mətbuatı Baş Repertuar Komitəsi ilə həmfikir olub "Al qırmızı ada"nı inqilaba qarşı həcv adlandırdı. Bilirsiniz bu, qeyri-ciddi sayıqlamadır. Bir çox səbəbdən pyesdə inqilaba qarşı həcv olmamasını deyə bilərəm, amma yer azlığından o səbəblərdən yalnız birini göstərirəm: inqilab hədsiz böyük olduğu üçün ona qarşı bir həcv yazmaq mümkünsüzdür. Bu yazdığım pamfletdir, həcv deyil, Baş Repertuar Komitəsi isə inqilab deyil.

Boynuma alıram ki, alman nəşri "Al qırmızı ada"nın "SSRİ-də mətbuat azadlığına ilk çağırış" olduğunu yazmaqda çox haqlıdır. Senzura ilə mübarizə, mətbuat azadlığına çağırış etmək hansı hakimiyyətin dövründə olmasından asılı olmayaraq mənim yazıçı borcumdur. Çünki mən bu azadlığın pərəstişkarıyam və əminəm ki, onun lazım olmamasını sübut etmək istəyən yazıçı, cəmiyyət qarşısında suya ehtiyacı olmadığını iddia edən balıq kimi görünür.

4.

Yaradıcılığımın daha bir cəhəti mövcuddur. Baxın həmin cəhət əsərlərimin SSRİ-də olmamasına bəs edər. Satirik povestlərimdə ortaya çıxan ilkin cəhətlər: qara və mistik boyalar (mən mistik yazıçıyam)hansı ki, bu rənglər bizim məişətimizin sonsuz eybəcərliklərində təsvir olunub, yazı dilimə hopmuş zəhər, inqilabi prosesə şübhəylə yanaşmağım, ölkəmdə baş verənlər və bütün bunlara qarşı qoyulmuş Böyük Təkamül sevgisi, ən əsası isə - hələ inqilabdan əvvəl müəllimim M. E. Saltıkov-Şedrinə dərin əzab verən xalqımızın qorxunc cəhətlərinin təsviridir.

SSRİ mətbuatı bütün bunları ciddi şəkildə qeyd etməyi unudub. Nə edəsən? Axı onların başı M. Bulqakovun satirasının "şər-böhtan" olduğunu sübut etməyə qarışıb.

Məşhurluğumun ilk dövründə yalnz bir dəfə: "Bulqakov bizim əsrin satiriki olmaq istəyir" ("Kniqoşa" N6-1925-ci il.) - deyə yazılıb.

Təəssüf edirəm ki, buradakı "istəmək" feli səhvən indiki zamanda işlədilib. Onu nəqli keçmiş formasına salmaq lazımdır: Bulqakov SSRİ-də (qadağan edilmiş sahələrə daxil olan) əsl satiranın ağla belə gəlmədiyi bir dövrdə satirik olmuşdur.

Bu kriminal fikri çap etdirmək şərəfinə nail olmamışam. Bunlar bütün çılpaqlığı ilə V.Blyumun məqaləsində göstərilib. Bu məqalə gözəl və dəqiq şəkildə bir formulanı yaradr: SSRİ-də satirik sovet quruluşuna təhdiddir. Nəticədə mənim SSRİ-də yaşamağımı təsəvvür etməyim mümkündürmü?

5.

Ən nəhayət, gözdən salınmış pyeslərimdə mövcud cizgilər - "Turbinlər ailəsinin həyatı", "Qaçış" və "Ağ qvardiya" romanlarımda israrla rus ziyalıları cəmiyyətin yaxşı təbəqəsi kimi təqdim edilir. Əsərlərimdə vətəndaş müharibəsi illərində taleyin hökmü ilə ağ qvardiyanın düşərgələrinə atılmış ziyalı-zadəgan ailələrinin də təsviri var. Bu nüans "Hərb və sülh"də mövcuddur. Bu cür təsvirlər nəsli ziyalı olan bir yazıçı üçün təbii haldır.

Lakin bu cür təsvirlər əsərin müəllifinə axırda "düşmən, ağ qvardiyaçı" damğası vurulmasına gətirib çıxarır. Və nəticədə hər kəsin başa düşdüyü kimi, belə yazıçı SSRİ-də özünü ölmüş kimi hesab edə bilər.

6.

Ədəbi portretimi yekunlaşdırıram və bu, bir siyasi portretdir. Deyə bilmərəm ki, orada hansı dərinlikdə böyük cinayət izləri axtarmaq mümkündür, amma mən bir şeyi xahiş edirəm: onun sərhədlərindən kənar nəsə axtarılmasın. Bu, vicdan hissi ilə çəkilib.

7.

Artıq məhv edilmişəm. Bu da sovet cəmiyyəti tərəfindən böyük sevinclə qarşılanıb və "nailiyyət" adlandırılıb. R. Pikel mənim məhvim barədə danışaraq öz liberal fikirlərini bölüşüb:

"Biz bununla, Bulqakovun sovet dramaturqlarının siyahısından çıxarılacağını demirik". Və parçalanmış yazıçıya təsəlli də verir: "söhbət onun keçmişdə yazılan dram əsərlərindən gedir".

Lakin həyat Baş Repertuar Komitəsinin timsalında göstərdi ki, R. Pikelin liberalizmi heç nəyə əsaslanmayıb. Mən 1930-cu ilin 18 martında Baş Repertuar Komitəsindən köhnə yox, yeni pyesim "Kabala mömin" ("Molyer") lə bağlı lakonik bir məktub aldım: Tamaşaya icazə verilmir. Qısa deyəcəyəm. İki sətirlik məktubla mənim kitabxanalardakı əsərlərim, düşüncələrim, peşəkar teatr mütəxəssisləri tərəfindən saysız rəylər almış uğurlu pyeslərim dəfn olundu.

R. Pikel yanılır. Təkcə köhnə əsərlərim deyil, indiki və gələcək əsərlərim də məhv oldu. Və şəxsən mən öz əllərimlə iblis haqqında romanımın, komediyamın qaralamasını və ikinci romanım olan "Teatr"ın əvvəlini sobaya atıb yandırmışam. Mənim əsərlərim lazımsızdır.

8.

Xahiş edirəm ki, Sovet Hökuməti mənim siyasi xadim olmadığımı nəzərə aslın. Ədəbiyyatçı olaraq bütün yaradıcılığımı sovet səhnəsinə bəxş etmişəm. Sovet mətbuatında haqqımda yayımlanmış iki rəyə diqqət çəkmək istəyirəm. Onlar yaradıcılığımın düşmənləri tərəfindən qələmə alınıb və buna görə çox dəyərlidirlər. 1925-ci ildə yazılmışdı:

"Hətta poputçik də olmağa yaramayan bir yazıçı mövcuddur". (L. Averbax, "İzvestiya" 20/IX-1925-cı il).

1929-cu ildə isə yazılıb: "Onun istedadının olması cəmiyyətin verdiyi reaksiyadan bəllidir" (R. Pikel, "İzvestiya", 15/IX-1929 ). Diqqətinizə çatdırımaq istəyirəm ki, yazmamaq mənim üçün diri-diri basdırılmağa bərabərdir.

9.

SSRİ hökumətindən xahiş edirəm ki, təcili olaraq mənə sevgili arvadim Lyubov Yevgeniyevna Bulqakova ilə birgə SSRİ sərhədlərini tərk etməyim barədə əmr versin.

10.

Sovet hakimiyyətinin insanpərvərliyinə sığınaraq xahiş edirəm ki, öz diyarında fayda verməyən bir yazıçı kimi məni açıqürəklə azadlığa buraxasınız.

11.

Əgər yazdıqlarım inandırıcı deyilsə və mən SSRİ-də ömürümün sonuna kimi sükuta məhkum ediləcəyəmsə, onda Sovet Hökumətindən məni ixtisasıma görə ştatlı rejissor qismində işlə təmin etməyimi xahiş edirəm. Xahiş edirəm ki, işə götürülməyim haqqında xüsusi, aydın və qəti əmr verəsiniz. Çünki peşəkar mütəxəssis kimi SSRİ-yə faydalı ola biləcəyim yeganə sahədə iş axtarmaq cəhdlərim fiasko ilə nəticələnib.

Adıma o qədər qara yaxılıb ki, səhnə haqda virtuoz biliklərə sahib olmağım, adımın bütün aktyorlara, rejissorlara, həmçinin teatr rəhbərlərinə yaxşı bəlli olmasına baxmayaraq, hər yerdə məni böyük qorxu və ehtiyatla qarşılayıblar.

Mən SSRİ-yə, bütün şərəfimlə, hər cür zərərli fəaliyyətdən uzaq, Şekspir pyeslərindən başlayaraq müasir dövrümüzə qədər istənilən pyesi vicdanla səhnəyə qoyacaq peşəkar rejissorluq və müəlliflik xidmətlərimi təklif edirəm.

Xahiş edirəm, məni laborant-rejissor kimi I Bədii Teatrda K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenkonun rəhbərliyi ilə fəaliyyət göstərən ən yaxşı teatr məktəbinə göndərəsiniz. Əgər rejissor vəzifəsinə qoymaq mümkün deyilsə, onda ştatda çalışan statist təyin olunmağımı xahiş edirəm. Yox, statist də mümkün deyilsə, onda səhnə işçisi vəzifəsinə təyin olunmağmı xahiş edirəm.

Əgər bu da mümkün deyilsə, Sovet Hökumətindən xahiş edirəm mənimlə necə bilir elə də davransın. Amma bundan öncə beş pyesin müəllifi, SSRİ-də və xaricdə tanınan bir dramaturq kimi mənim hazırda – kasıb və küçədə ölümə məhkum olduğumu nəzərə alsın./kirpi.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm