Kürəkəni ilə bacarmayan prezident: Birinci ailədə müəmmalı oyun
Bizi izləyin

Bilgi.az

Kürəkəni ilə bacarmayan prezident: Birinci ailədə müəmmalı oyun

Onlar Orta Asiyanın ən nüfuzlu ailələrindən hesab edilirlər. Bu, təkcə ailənin başçısı Nursultan Nazarbayevin prezident olması ilə bağlı deyil. Övladları ölkəsinin biznes sektorunda önəmli rol oynayırlar. Onlardan ikisinin - ortancıl qızı Dinara Nazarbayeva və həyat yoldaşı Timur Kulibayevin adı rəsmi şəkildə Qazaxıstanın 50 ən varlı şəxsinin siyahısında yer alır. Sərvətlərinin həcmi 2,1 milyard dollar, mənbəyi bankdır. Prezidentin ailəsində multimilyonerlər də var. Bu böyük qızı Dariqa Nazarbayeva və oğlu Nurali Əliyevdir. Ümumilikdə Nazarbayevlərin sərvəti 7 milyard dollar dəyərləndirilir.

Publika.az N.Nazarbayevin övladları, nəvələri, onların biznes layihələri haqqında yazını təqdim edir. Birinci yazımızda Dariqa Nazarbayeva və keçmiş həyat yoldaşı Rahat Əliyevdən, onların övladlarından bəhs edəcəyik.

Dariqa Nursultanın öz qızı deyil?

Nursultan Nazarbayev 1940-cı ildə Qazaxıstanda anadan olub. Uşaqlığını internat məktəbdə keçirib. 1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxuyub. "Kazmetalurqstroy" trestində fəhlə işləyib. 1960-1969-cu illərdə Karaqanda metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışıb. Məhz həmin ərəfədə yeməkxanada işləyən gələcək həyat yoldaşı Sara Kunakayeva ilə tanış olub. Nazarbayevin Saraya evlilik təklifi sırf siyasi xarakter daşıyıb. Belə ki, Nursultan Saranın qohum-əqrəbasının maddi və mənəvi dəstəyi ilə qazaxların rəğbətini qazanmaq istəyirmiş. Buna nail olur da. Saraya gəlincə, o artıq bir dəfə evli olmuşdu. Bu evlilikdən Dariqa adlı qızı var idi.

N.Nazarbayevin Saradan 2 qızı Dinara və Aliyə Nazarbayevalar dünyaya gəlir. Onu da bildirək ki, rəsmi tərcümeyi-halında Dariqa da N.Nazarbayevin övladı kimi göstərilir. Əslində N.Nazarbayevin də ona münasibəti bunu təsdiqləyir. Belə ki, Dariqa Nursultanın imzaladığı fərmanla 2015-ci ildə baş nazirin müavini təyin edilib.

Dariqa ilk ali təhsilini Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində alıb. Lakin burada cəmi üç kurs oxuduqdan sonra 1985-ci ildə Kirov adına Qazaxıstan Universitetinə göndəriş alıb. 1990-91-ci illərdə Moskva Dövlət Universitetində aspirant dərəcəsinə yiyələnib. Ölkəsində şahzadə, varis, demokratiya üçün təhlükə kimi görülən Dariqa 1980-ci ildə məşhur cərrah Muxtar Əliyevin oğlu Rahat Əliyevlə ailə qurub. Amma bu evlilik ona və atasına baha başa gəlib. Düzdür, ər arvadın ulduzu siyasi-ictimai dairələrdə uzun müddət bərq vurub. Əvvəla gəlinin ayağı Əliyevlərə düşüb. Belə ki, qayınatası M.Əliyev 1982-1987-ci illər arasında Qazaxıstanın səhiyyə naziri olub.

Rahat Əliyev və Nazarbayevlər

1993-2000-ci illərdə isə Dariqa və Rahatın sərvətinə bir neçə teleşirkət (Dariqa "Evropa Plyus", KTK teleşirkəti, NTK ) daxil olmaqla ölkədəki rentabelli biznes sahələrinin çoxu – "Diabet Mərkəzi", "Neft Mərkəzi" (qaz stansiyası), "Nurbank", Milli Atom Şirkəti, "Kazatomprom" daxil idi. Dariqanın ictimai-siyasi həyatda rolu artdıqca əri Rahat Əliyev də proseslərdən kənarda qalmayıb. İxtisasca cərrah olan Rahat Qazaxıstan SSR-nin Sağlamlıq Nazirliyindəki vəzifəsindən Qazaxıstan Respublikasının Dövlət Vergi Komitəsinin Baş Vergi Polisi İdarəsinin rəhbərinin birinci müavini, daha sonra isə Qazaxıstan Respublikası Vergi Polisi İdarəsinin direktoru vəzifəsinə gətirilib. Rahat Əliyev ona yaradılan şəraitdən gen-bol yararlanaraq Çindən qeyri-leqal yolla spirt və siqaret gətirilməsi biznesinə nəzarəti ələ keçirməyə, kriminal strukturlarla yaxın əlaqə yaratmağa qədər irəli gedib. Artıq vəziyyət o həddə çatıb ki, qayınatasının yerinə iddia etməyə başlayıb. Qazaxıstanda hakimiyyətin tezliklə Rahat Əliyevə təhvil veriləcəyinə dair söz-söhbətlər yayılıb. Qızının ailəsini dağıtmaq istəməyən Nursultan Nazarbayev ilk olaraq Rahat Əliyevi Vergi polisindən uzaqlaşdırıb. Alma-Ata (hazırda şəhər Almatı adlanır) Təhlükəsizlik Komitəsinə transfer edib. Rahatı sakitləşdirmək üçün ona Respublika Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini söz verib, lakin son məqamda bu vəzifəyə ayrı adamı təyin edib. Bununla da "yatmış şiri" oyadıb. Rahat Əliyev açıq şəkildə qayınatasına qarşı mübarizəyə start verib. Hakimiyyətin yüksək eşelonunu korrupsiyada ittiham etmək məqsədilə mətbuat konfransı çağırıb. Parlamentdə "qazax ailəsinin yaradıcılığı" haqqında geniş danışacağını bəyan edib. Lakin bu çıxışı reallaşdıra bilməyib. Çünki məclisdə məlum çıxışın gözlənildiyi gün Nazarbayev onun haqqında həbs əmri verib. Ərköyün kürəkən Milli Məclisin binasının girişindəcə qandallanaraq bütün gün qapalı qapılar arxasında saxlanılıb.

Bundan sonra R.Əliyev "dincəlib". 2001-ci ildə yenidən baş qaldırıb. Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsini yerinə yetirdiyi zaman təhlükəsizlik orqanları ilə biznes dairələri arasında konflikt yaratmaqla anti-Nazarbayev qüvvələrinin güclənməsinə şərait yaradan R.Əliyev qayınatasının sürgün əmri - Vyanaya səfir göndərilməsi ilə susdurulur. Amma o, 2005-ci ildə ölkəyə qayıdır və yenə hakimiyyətin yüksək eşelonunda yer alır. Bu dəfə xarici işlər nazirinin müavini olur. Amma "qozbeli qəbir düzəldər" əbəs yerə deməyiblər. R.Əliyev özünü yenə yaxşı aparmamağa başlayır. Biçarə qayınata onu bu dəfə də Qazaxıstanın beynəlxalq təşkilatlardakı nümayəndəsi kimi Vyanaya göndərir. Əmin olur ki, kürəkəni sakitləşməyəcək. Rahatın hüquqi yolla məhvinə dair tapşırıq verir. 2007-ci ilin may ayında R.Əliyev barəsində "Nurbank"ın İdarə Heyətinin keçmiş iki üzvünün oğurlanması və qətlə yetirilməsi şübhəsi ilə cinayət işi başlanılır. R.Əliyev istefaya göndərilir, barəsində beynəlxalq axtarış qərarı alınır. Kürəkən də cavabsız qalmayıb vətəndaşlıq almaq üçün Avstriya hökumətinə müraciət edir. Qazaxıstan prokurorluğunun və İnterpol nümayəndələrinin daxil olduğu qrup Rahat Əliyevin həbsi üçün Vyanaya göndərilir. Ancaq Avstriya hakimiyyəti prezidentin kürəkəninin təqib olunmasını siyasi motivli hesab edərək həbsə icazə vermir. Qazaxıstanda isə Əliyevin və onun adamlarının işi üzrə məhkəmə başlayır, 2008-ci ilin yanvarında Alma-Ata məhkəməsi Əliyevi qiyabi olaraq 20 il həbsə məhkum edir. 2011-ci ildə R.Əliyevin öldürdüyü iddia edilən iki bankirin meyiti Almatı şəhərinin ətrafında basdırılan metal çəlləkdən tapılır. N.Nazarbayev kürəkənin günahkar olduğunu Avstriya hökumətinə sübut edir. 2013-ci ilin iyun ayında R.Əliyev Avstriya polisinə təslim olur. Avstriya prokurorlarının apardığı istintaq göstərir ki, bankirlərin qətlinin real motivi "Nurbank" tərəfindən Xasenovun firmasına verilmiş 30 milyon dollar kreditdir. Və bu qətldə Əliyevin "hərisliyinin, kininin və harınlığının" müəyyən rolu olub. Belə ki, istintaq müəyyən edir ki, R.Əliyevin "Nurbank"da payı olub. O, Nazarbayevin kürəkəni və hakimiyyətinin əsas varisi olan vaxtlarda bankı satmaq istəyib. Ancaq bankda aparılan auditor yoxlaması "Nurbank"ın keçmiş və fəaliyyətdə olan menecerlərinə məxsus firmalara verilən, geri qaytarılmayan iri məbləğdə kreditlərin olduğunu üzə çıxarıb. Rahat Əliyevə çatdırıblar ki, bankın bir neçə əməkdaşı həmin firmalara qanunsuz kreditlər verib, əvəzində "haqq" alıblar. Nəticədə banka böyük ziyan dəyib. Bu zaman Əliyev ikili oyundan şübhələnib və ehtimal edib ki, bankın bəzi əməkdaşları onun hesabına varlanıblar. R.Əliyev əvvəlcə bankirlərdən hər şeyi etiraf etməyi və bütün mal-mülklərini təhvil verməyi istəyib. Ancaq əhvalatın kulminasiya nöqtəsi onların öldürülməsi ilə nəticələnib.

Dariqa ilə Rahatın münasibətlərinə gəlincə, o, ilk vaxtlar ərini müdafiə etsə də, "Nurbank"la bağlı məsələni prezidentin və onun siyasətinin gözdən salınması cəhdi kimi dəyərləndirir. 2007-ci ildə, Qazaxıstan məhkəməsi R.Əliyev barədə həbs qərarı çıxarmadan ərindən boşanır. 2015-ci ilin fevralında R.Əliyev Avstriyadakı Vyana həbsxanasında ölü tapılır. Həbsxana rəsmiləri onun intihar etdiyini açıqlayırlar.

Nazarbayevin böyük nəvəsi

Yuxarıda qeyd etdiyimiz kimi Dariqanın Rahatla evlilikdən üç övladı var. Onlardan böyüyü Nurəli Əliyevdir (1985). Hansı ki o da Qazaxıstanın biznes dünyasında kifayət qədər rol oynayır. Bankir olan Nurəli Amerikada Pepperdine Universitetin və Avstriyada İnternational Universitetini bitirib. O, Qazaxıstanın ədliyyə naziri Berik İmaşevin qızı Aida İmaşeva ilə evlidir. Aida da Nurəli kimi Amerikada təhsil alıb. Nurəlinin biznesinə gəlincə, "Capital Holding" Səhmdar Cəmiyyətinin nəzarət paketinin və "Zertteu-III" polimetal yataqlarının sahibidir. Onun "Radio Siti", "Alma" TV, NTK və "Telekrona" şirkətlərində payı var. N.Əliyev 2008-ci ilin dekabrından 2013-cü mayına qədər Qazaxıstan İnkişaf Bankının icraçı direktoru və İdarə Heyətinin üzvü olub. Bundan əvvəl isə o, "Nurbank"ın Direktorlar Şurasının sədri və "Şəkər mərkəzi"nin prezidenti postlarını tutub.2013-cü ildə isə ölkənin aparıcı telekommunikasiya şirkətlərindən biri olan "Transtelekom"un rəhbərliyinə gətirilib. "Forbes" in qiymətləndirməsinə inansaq Nurəli yarımmilyard sərvətə sahibdir. Nurəlinin adı "Panama sənədləri"də də yer alır. Həmin sənədlərə görə, o, 2014-cü ildə "Alba International" ofşor şirkətinə sahiblənib.2008-2011-ci illərdə ofşor şirkət olan "Baltimore Alliance" rəhbərlik edib.

Babasının soyadını daşıyan Aysultan

Dariqanın ikinci oğlu Aysultan Nazarbayevdir. 1990-cı ildə dünyaya gələn Aysultan Britaniya krallığının hərbi akademiyası "Royal Military Academy Sandhurst"da təhsil alıb. O Qazaxıstanın dövlət neft və qaz şirkəti olan "KazMunayGaz"ın rəhbəri Kayrata Boranbaevin qızı Alimə ilə evlidir. Yazılanlara inansaq Aysultan Nursultan Nazarbayevin sevimli nəvəsidir. Ona Aysultan adını isə nənəsi Sara Nazarbayeva verib. Aysultan doğulandan atasının deyil, babasının soyadını alıb.

Klanlar arası nəvə savaşı

Xarici mətbuatın yazdıqlarına əsasən, N.Nazarbayev böyük nəvəsi Nurəlini elə də sevmir. Nurəli daha çox atası tərədə Əliyevlər klanına yaxındır. O da bildirilir ki, Aysultan xaricdə oxuduğu dövrdə ancaq tələbə təqaüdü ilə dolanıb. Babası ona pul göndərilməsinə icazə verməyib. Bu da onda işgüzar xarakterin formalaşmasında, pulunu özü qazanmasında rol oynayıb. Aysultan qardaşı kimi bankir yox, futbolçudur.

Aktrisa

Dariqanın kiçik qızı Venera 2000-ci ildə anadan olub. O alman-qazax birgə filmi olan "Baykonur"da çəkilib. Filmdə prezidentin nəvəsi çobanın qızı rolunu canlandırıb. Venera şou-bizneslə maraqlanır.

Növbəti yazıda Dinara və Timur Kulibayevin sərvəti, Nazarbayevin bu kürəkənini də naxələf çıxmasından bəhs edəcəyik.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm