Stalin Qorkinin gizli arxivini sevdiyi qadından necə aldı? – Tarix
Bizi izləyin

Bilgi.az

Stalin Qorkinin gizli arxivini sevdiyi qadından necə aldı? – Tarix

Mariya İqnatyevna Zakrevskaya-Benkendorf-Budberq heç şübhəsiz ki, dövrünün ən müstəsna qadınlarından biri idi.

O, sanki bir deyil, bir neçə həyat yaşayıb. Rus diplomatının arvadı, Britaniya səfirinin sevgilisi, ingilis fantast yazarının rəfiqi, proletar yazıçısının köməkçisi...

İnsanları cəlb etmək və onların taleyinə təsir göstərmək xüsusiyyətinə görə onu rus Miledisi və qırmızı Mata Hari adlandırırdılar. Onun maqnetizmi – qeyri-adi ağılla möhkəm xarakter və nadir füsünkarlığın qaynayıb çulğaşmasından ibarət idi.

Aleksandr Blok ona şeir, Maksim Qorki roman həsr etmiş, İosif Stalin isə günlərin birində çiçək bağışlamışdı.

19 yaşlı cazibədar qız

Mariya İqnatyevna 1892-ci ildə Sankt-Peterburqda Senatın ober-prokuroru İqnatiya Platonoviç Zakrevskinin ailəsində anadan olub. İngilis dilini dərindən öyrənmək üçün valideynləri institutu bitirdikdən sonra onu Londona yollayırlar. 19 yaşlı cazibədar qız burada estoniyalı zadəgan, rus səfirliyinin məmuru İvan Benkendorfla tanış olur və tezliklə ona ərə gedir.

Gənc ər-arvad diplomatlara xas adi kübar həyat tərzi keçirirdilər. Çoxlu maraqlı tanışları var idi. Onlardan ən məşhurları yazıçı Gerbert Uells və diplomat Bryüs Lokkart idi. Dostların hər ikisinə də Mariyanın taleyində xüsusi rol oynamaq nəsib olacaqdı.

Bir ildən sonra Benkendorfu Almaniyadakı rus səfirliyinə göndərirlər və gənc cütlük Berlinə köçür. İki ildən sonra isə birinci dünya savaşı başlayır və Mariya əri ilə birlikdə Sankt-Peterburqa qayıdır. 1917-ci ildə şəhər inqilabi hadisələrin mərkəzinə çevriləndə əri azyaşlı uşaqlarını da götürüb Estoniyadakı dədə-baba malikanələrinə gedir. Mariyanın isə anası xəstə olduğundan Peterburqda qalmalı olur və çox tezliklə dəhşətli bir xəbər alır: əri qətlə yetirilmiş, malikanə qarət edilmiş, uşaqları isə qonşulara sığınmışdı. Estoniya ilə əlaqələr kəsilmişdi, bu torpaqları işğal edən alman qoşunları Petroqrada doğru irəliləyirdi. Mariya heç cür bir yol tapıb uşaqlarının yanına gedə bilmirdi. Həmin dönəmlərdə vəziyyəti olduqca çətin idi: yaşayış üçün bütün vasitələrdən, hətta mənzildən də məhrum olmuşdu.

Köhnə tanışlıq təzələnir

Londondan olan köhnə rəfiqəsi, ingilis səfirinin qızı dadına çatır. Mariya tez-tez onun evində olur və həmişə də burada rastlaşdığı, o vaxtlar Rusiyadakı ingilis diplomatik heyətinin rəhbəri Bryüs Lokkartla tanışlığını təzələyir. Lokkart gündəliyində yazırdı: “Bu gün Muranı (yaxınları Mariyanı belə adlandırıdılar) gördüm... Həyatın əzab-əziyyətlərinə mətanətlə dözür, bu isə hər cür qorxu və həyəcandan tam uzaq olmaq deməkdir”.

Mura və Lokkart bir-birilərinə dəlicəinə aşiq olurlar. Petroqradın inqilabi əhvali-ruhiyyəsi, hər gün üzləşdikləri təhlükələr onların hislərini daha da alovlandırır və birgə keçirdikləri hər dəqiqənin dəyərini artırırdı.

1918-ci ilin martında sovet hökuməti Moskvaya köçür, ingilis missiyası da oraya yollanır. Bir müddət sonra Mariya Lokkartın Moskvadakı mənzilində yerləşir. “Muranın həyat eşqi münasibətdə olduğu hər kəsi heyran qoyur. O - əsilzadədir və mən onun şəxsində füsunkar bir qadın görürəm”, - Lokkart gündəliyində yazırdı.

Bu arada Rusiyada siyasi durum daha da gərginləşir, vətəndaş müharibəsi alovlanır. Lokkartın vasitəsi ilə pul axını ağ generallara və bir çox antisovet aksiyaların təşkilatçısı eser Boris Savinkova ötürülür. 3 sentyabr 1918-ci ildə isə “İzvestiya” qəzetində “üç səfirin” Sovet hökumətinə qarşı sui-qəsdinin ifşa olunması haqqında məlumat verilir. Sui-qəsdin əsas təşkilatçısı kimi isə Britaniya diplomatik heyətinin rəhbəri Robert Bryüs Lokkart ittiham olunurdu. Gecə Lokkartı aparmağa gəlirlər, Mariyanı da onunla bərabər götürürlər. İngilis diplomatının taleyi inqilabi tirbunalın qərarından asılı olur. Aydın idi ki, hökm sərt olacaqdı. Ancaq nə isə anlaşılmaz olaylar baş verir. Bir həftədən sonra Mariyanı azad edirlər, eyni zamanda hər gün Lokkarta baş çəkməsinə, ona pal-paltar, kitablar gətirməsinə, hətta onunla təklikdə qalmasıına da icazə verirlər. O, Lokkartı sakitləşdirməyə, işlərin yaxşı sonluqla bitəcəyinə inandırmağa çalışırdı.

ÇK-nın gizli casusu

Onun xarakterindəki ən yüksək keyfiyyətlərdən biri çətin anlarda yaxınlarına dəstək ola bilmək idi. Odur ki, yanında kişilər həmişə özlərini güvənli hiss edirdilər. Və Lokkartla da, doğrudan da ağlagəlməz bir hal baş verdi: Lokkartı iki günə Rusiyanı tərk etmək tələbi ilə azad etdilər. Sonradan aydın olduğu kimi, inqilabi tribunal qiyabi güllələnmə (müttəhim artıq vətəninə qayıtdıqdan sonrra) hökmü çıxartmışdı. Mariya taleyin onları bir daha heç vaxt görüşdürməyəcəyini ağlına belə gətirmədən Lokkartla həmişəlik vidalaşır.

Bundan sonra Mariyanın ardınca cürbəcür şayiələr dalğası dolaşmağa başlayır. Deyirdilər ki, o, qırmızı terrorun tüğyan etdiyi bir vaxtda repressiyadan yalnız qadın “hiyləgərliyi” sayəsində xilas ola bilib: HİK-in başçısı Yakov Petere gözəl cinsə qarşı çox həssas idi. Görünür, Maksim Qorki də bu söz-söhbətlərdən xəbərdar idi: 1923-cü ildə o, qrafinya ilə yaxınlıq etmək arzusunda olan çekist haqqında “Xülya” hekayəsini yazmışdı...

Başqa bir versiyaya görə, Mariya ÇK-nın gizli fəaliyyət göstərən agenti idi. Sonralar Petere öz xatirələrində qrafinya Zakrevskaya-Benkendorfu Almaniyanın gizli agenti adlandırırdı. Bu fikirlərdə nəyin doğru, nəyin yalan olduğu indiyədək məlum deyil. Peterenin özü isə 1938-ci ildə güllələnmişdi.

Mariyanın həyatındakı qara zolaq, demək olar ki, bir il, yaxın tanışı Korney Çukovski onu Qorkinin Petroqradda yaratdığı “Vsemirnaya literatura” (“Dünya ədəbiyyatı”) nəşriyyatında tərcüməçi kimi işə düzəldənədək davam etdi. Mariya üç dil - alman, ingilis və fransız dillərini kamil şəkildə bilirdi, sonradan isə cəmi üçcə ayın içində italyan dilini də öyrənmişdi.

Petroqrada köçən Mariya qızlıq familiyasına vəsiqə və ərzaq kartı alır. O, əvvəlki tək valehedici idi. Gözəlliyini və özünəməxsus əsilzadəlik lətafətini, çox güman ki, ulu nənəsi Moskva general-qubernatorunun arvadı, gözəlliyi ilə Puşkinin özünü belə heyran qoyan Aqrafena Zakrevskayadan əxz etmişdi. Puşkin ona iki şeir – “Portret” və “Sirdaş” - həsr edib.

Böyük yazıçının himayəsində

1919-cu ilin yayında Mariya Qorkinin Kronverksk bulvarındakı evində görünməyə başlayır, tərcümə işində yazıçıya kömək edir, payızda isə Aleksey Maksimoviçin xahişi ilə onun mənzilinə köçür və bütün ev işlərini öz əlinə alaraq evdə hamının ehtiyac duyduğu şəxsə çevrilir. Qorkinin oğlu Maksim evdəki bu dəyişikliyi hiss edərək zarafatla yazmışdı: “Zavxoz” gəldi – “besxoz” bitdi. (Təsərrüfat müdiri gəldi, təsərrüfatsızlığa son qoyuldu).

Mariya səhər açılandan Qorkinin aldığı məktub və teleqramları oxuyur, qovluqlara paylaşdırır, məktubları, məqalələri tərcümə və çap edirdi. O, diqqətlə dinləməyi bacarırdı, hər bir məsələ barəsində özünün müstəqil fikri var idi, ən müxtəlif məsələlərə – siyasət, poeziya, musiqi və ya ədəbiiyyata dair dəyərli məsləhətlər verə bilirdi.

Bir dəfə Qorkinin mənzilində Mariya İqnatyevnanın otağında axtarış aparılır. Sonradan aydın olduğu kimi, axtarış üçün sanksiyanı Zakrevskayanın ingilis kəşfiyyyatı ilə əlbirliyindən şübhələnən Petroqrad sovetinin sədri Zinovyev veribmiş. Qorki əsəbiləşib özündən çıxmışdı. Yazıçı dərhal Moskvaya, Kremlə yollanır və Lenin, Djerjinski və Trotskinin hüzurunda Zinovyevin hərəkətinə kəskin etirazını bildirir. Proletar yazıçısına olan dərin hörmət və ehtiram səbəbindən Mariyanı sakit buraxırlar.

Hebert Uells Petroqrada gələndə onu Qorkinin yanında yerləşdirirlər, Zakrevskayanı isə Kremlin göstərişi ilə rəsmi tərcuməçi təyin edirlər. Uells vətəninə qayıdanda Mariya xahiş edir ki, onun artıq üç ildir ki, üzünü görmədiyi uşaqlarını axtarıb tapsın. Uells tərcüməçisinin xahişini yerinə yetirir və Mariyaya çatdırır ki, uşaqların hər işi qaydasındadır, ərinin qohumları onların qayğısına qalır. Ancaq Mariya uşaqları ilə ayrılığa daha tab gətirə bilmir və 1920-ci ildə qeyri-leqal şəkildə Estoniyaya keçməyə cəhd edir. Lakin sərhədi keçərkən həbs olunur və Allah bilir, Qorki işə qarışmasaydı, bu əhvalatın sonu necə qurtarardı. Yazıçı dərhal Dzerjinskiyə teleqram vurur və Mariyanı nəinki azad edirlər, hətta Estoniyaya getməsinə icazə də verirlər.

1921-ci ilin yanvarında Mariya Tallində qatardan düşür. Əlində köhnə çamadan, əynində sürtülmüş kürk və əldən düşmüş ayaqqabıda vağzalın pilləkanında dayandığı an iki nəfər ona yaxınlaşıb həbs olunduğunu bildirir. Bu dəfə o, “qırmızı casus”luqda günahlandırlırdı. Cəsarətli qadın bu dəfə də nəinki azad ola bilir, həm də vizasının vaxtını uzatmağa nail olur.

Saxta nikah

Estoniyada qalma müddəti sona çatmaq üzrə idi, vizanın uzadılmasına isə bel bağlamaq olmazdı, ancaq Mariyanın uşaqları ilə ayrılığa da gücü qalmamışdı. Vəkili çıxış yolu göstərdi – saxta nikah. Bir neçə gündən sonra vəkili onu baron Nikolay Budberqlə tanış edir. Baron Estoniyadan getmək istəyirdi, bununçünsə evlənməsi şərt idi. Alyans hər iki tərəf üçün də əlverişli idi: Mariya eston vətəndaşlığı (eyni zamanda da, baronessa titulu), Budberq isə Avropada məskunlaşmaq imkanı əldə edirdi.

Qorki bütün bu müddət ərzində Mariyanı yaddan çıxarmır, ona pul göndərirdi. 1921-ci ilin payızında yazıçı Almaniyaya gedərkən yolüstü onunla görüşə bilir. Aleksey Maksimoviç Xodaseviçə ünvanladığı məktubda Zakrevski haqqında yazırdı: “O, daha da sevimli olub, əvvəlki kimi hər şeylə maraqlanır. Heyrətamiz insandır. Hansısa barona ərə getmək istəyir: biz hamımız etiraz edirik – qoy baron özünə başqa adam tapsın. O – bizimdir!”

Zarafat öz yerində, ancaq vəziyyət Mariya İqnatyevnadan qətiyyətli addım atmağı tələb edirdi və 1922-ci ilin yanvarında nikah bağlanır. Ertəsi günü baron Budberq Almaniyaya, oradan isə Cənubi Amerikaya yollanır və ər-arvad bir daha heç vaxt görüşmürlər.

Qorki İtaliyada məskunlaşanda Zakrevskayanı köməkçi işləmək üçün yanına çağırır. Aleksey Maksimoviç Zakrevskayaya tam etibar edirdi: bütün bank əməliyyatlarında qəbzlərə yalnız üç nəfərin imza atmaq hüququ var idi – Qorki özü, oğlu Maksim və Mariya İqnatyevna. Yazıçının nəşr işləri ilə əlaqədar Mariya bütün Avropanı dolaşmalı olur və hər üç aydan bir Estoniyaya gedib uşaqlarına baş çəkirdi. Tez-tez səfərlərdə olarkən Qorki onsuz darıxır, səbirsizliklə qayıtmasını gözləyirdi. Yazıçı 1925-ci ildə İtaliyada yazmağa başladığı “Klim Samginin həyatı” romanını Zakrevskayaya həsr etmişdi. Ondan başqa heç bir qadın Aleksey Maksimoviçin belə bir ehtiramına layiq görülməmişdi.

1932-ci ildə Qorki vətənə qayıtmaq qərarına gəlir. Mariya İqnatyevnanın isə qayıtmaq fikri yox idi və o, uşaqları ilə birlikdə Londanda yerləşir. Ancaq onların münasibətləri kəsilmir – Mariya yazıçının xarici nəşriyyatlarla əlaqədar işlərini aparır. Sorrentodan Rusiyaya qayıdan Qorki arxivinin bir hissəsini Zakrevskayanın mühafizəsində qoyur və bərk-bərk tapşırır ki, onu heç kəsə verməsin. Sonralar Stalin şəxsən özü bu arxivlə maraqlanır ki, bu da çox təbii idi: Qorkinin Lenin, Korolenko, mühacirətdə yaşayan bir çox yazıçı və alimlərlə məktublaşmaları var idi.

18 qərənfil

1935-ci ildə Qorkinin birinci arvadı Yekaterina Pavlovna Peşkova gözlənilmədən Zakrevskayanın qonağı olur. O, arxivin ardınca gəlmişdi, ancaq Mariya İqnatyevna Aleksey Maksimoviçin xahişini bir daha xatırlayaraq sənədləri vermir. Tezliklə Qorkinin məktubunu ona çatdırırlar. Yazıçı ölümqabağı vidalaşmaq üçün Rusiyaya gəlməsini və arxiv sənədlərini də özü ilə gətirməsini xahiş edirdi. Bir qərar qəbul etmək lazım idi. Mariya məsləhət üçün o zaman Londonda yaşayan Lokkarta müraciət edir.

Uzun illərin ayrılığından sonra baş tutan həmin görüş günü Lokkart gündəliyinə yazmışdı: “Bu anlarda ona dünyanın bütün qadınlarından daha artıq valeh olmuşdum. Onun ağlı, ruh yüksəkliyi heyranedici idi”. Lokkart Muraya izah edir ki, əgər arxivi qaytarmasa onu güclə, həm də ehtimal ki, həyatı ilə bərabər alacaqlar. Onun sözləri inandırıcı idi.

18 iyun 1936-cı ildə Qorki Mariya İqnatyevnanın qollarında vəfat edir. Onun portreti ömrünün son gününədək yazıçının stolunun üstündə idi. Zakrevskaya Stalinin xahişi ilə Moskvada ləngiyir – onu yazıçının yazılarının araşdırılması üzrə komissiyanın tərkibinə daxil etmişdilər. İşlər artıq sona çatanda və Mariya Londona yola düşməyə hazırlaşanda Stalin gözlənilmədən əlində bir dəstə qərənfillə Zakrevskayanın mənzilində peyda olur. Sonra Mariya gülləri saymışdı: 18 dənə idi – Qorkinin ölüm tarixi...

Xeyli əvvəl, hələ 1927-ci ildə Mariya ilə Gerbertin dostluğu möhkəmlənməyə başlamışdı: əvvəlcə, məktublaşmalar, 1931-ci ildən sonra isə görüşlər. Tezliklə Mariya haqqında Uellsin yaxın sirdaşı kimi bəhs etməyə başladılar. Bernard Şou bu barədə yazırdı: “Uells əndişə içində və xəstədir – o, baronessa Budberqin cazibəsinə düşüb”.

Mariya Londonda Uellsin malikanəsinin iki addımlığında ev tutur, həmişə onun yanında olacağını, ancaq heç vaxt ona ərə getməyəcəyini bildirir. Uells yazırdı: “Hansı vəziyyətdə olursa-olsun, heç vaxt soyuqqanlılığını itirmir. Şəkillər onun zahiri gözəlliyi, demək olar ki, layiqincə əks etdirə bilmir. Heç bir qadın mənə belə təsir etməyib. O öz maqnetizmi ilə adamı əsir edir”.

Uellsin son gününədək (avqust 1946-cı il) Mariya onun yanında olur, ancaq heç vaxt rəsmi nikaha razılıq vermir. Uells ona yaxşı varidat qoyub gedir. Mariya ondan sonra 28 il yaşayır. Bütün London, zadəgan cəmiyyəti bu xanımı tanıyır və hörmət edirdi.

“İntellektual rəhbər”

Lokkartın böyük uğur qazanmış “Britaniyalı agentin xatirələri” kitabında Mariya Zakrevskaya-Benkendorf-Budberqə də bir neçə səhifə həsr edilib. Sonra bu kitab əsasında “Вritaniya agenti” adlı film çəkilir. Bu film bir vaxtlar tarixi sərgüzəşt janrının ən yaxşı nümunəsi sayılırdı. Ancaq Mariya Lokkartın onların münasibətini təsvir etməsini o qədər də bəyənməmişdi və aralarında soyuqluq yaranmışdı. Bununla belə yenə hərdən görüşür, birlikdə rus restoranlarına getməyi xoşlayırdılar – bu, onlara Rusiyada keçən gənclik günlərini xatırladırdı.

İkinci dünya müharibəsindən sonra Mariya İqnatyevna bir neçə dəfə Rusiyaya gəlir. 1974-cü ilin payızında hay-küydən uzaqlaşaraq xatirələrini yazmaq niyyətilə Londondan İtaliyaya köçür. Ancaq qısaqapanma nəticəsində baş verən qəfil yanğın üzündən onun bütün arxiv sənədləri məhv olur. Bəlkə də kimsə bu sənədlərin məhv edilməsində maraqlı idi?

Taleyin bu sonuncu zərbəsinə tab gətirə bilməyən Mariya İqnatyevna həyata övladları – Tatyana və Pavelin yanında vida edir. Həmin gün Londonun “Tayms” qəzeti “İntellektual rəhbər” başlıqlı nekroloq dərc edir. Rus mühacir xanımı 40 il ingilis intellektual həyatının diqqət mərkəzində olduğundan belə bir titula layiq görülmüşdü.

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm