Kişinin həyatıyla oynayan qadın
Bizi izləyin

Bilgi.az

Kişinin həyatıyla oynayan qadın

Tənhalıq kişilərçün deyil, onlar bu yükü çəkə bilmirlər, körpə uşaq qaranlıqdan qorxan kimi qorxurlar tənhalıqdan. Tənhalıq onları tez, çox tez bitirir. Kişilər həmişə öz həyatlarında ana kimi onların qayğısına qalan sevgili, doğma bir qadının olmasını istəyirlər. Çünki yaşamaq istəyirlər, çünki onlar üçün həyatın bir adı da qadındır.

İradə Aytelin “Bəyəndiyim kişi” yazısını oxuyandan sonra əksər kişilərin tənhalığa yenilməsinin səbəbləri haqda bir daha düşünməli oldum. Əslində bu yazı mənə işə qəbul qaydalarını xatırlatdı. Xanım yazarımız qadınların necə kişi arzuladığını yazır və şərtləri sadalayır. Amma Ramiz Rövşənin dediyi kimi, kişilər bir olmur axı. Elə qadınlar da bir olmur. O qədər fərqli xarakterlər var ki. İnsan mürəkkəb məxluqdu. Mərd sandığın bir andaca namərdə çevrilə bilər, namərd qəhrəmana çevrilə bilər. İnsanın xarakteri fərqli situasiyalarda fərqli formada üzə çıxa bilir. İdeal qadın yoxdu, eləcə də ideal kişi axtarmaq xam xəyaldan başqa bir şey deyil.

Qadın sevdiyi kişini içindəki eqosuyla paylaşsa, mütləq bunun müsbət nəticəsini görəcək. Qadın kişiyə inanmalıdır, inandısa, ona güvənəcək, güvəndisə, mənəvi rahatlıq tapacaq. Qadın bəyəndiyi kişini qorumalıdır, onun qayğısına qalmalıdır. Çünki onunla həyatını bölüşəcək. Kişi həmişə güclü ola bilməz, bu, mümkün deyil. Ən güclü kişinin də bir zəif yanı var, kişi zəif də ola bilər, amma sevdiyin insanı, bütün həyatını sənə həsr etmiş bir kişini kiçik bir qüsuruna görə həyatından silmək olmaz. Bu, kişilərə qarşı ən böyük haqsızlıqdır.

İnsan xarakteriylə birgə doğulur. Qadınsa kişinin xarakterini dəyişməyə qadir olan yeganə qüvvədir. Qadın sevdiyi kişini xilas etməyə qadirdir. Elə qadınlar var ki, onu sevən kişinin əzablarından həzz alır, bu, artıq sadizmdir. Kişilərin həyatıyla oynayan qadınlar var. Amma bu, artıq sevgi deyil, qadın üçün xoş bir əyləncədir, şirin bir məşğuliyyətdir. Qadın belə şeylərlə öz eqosunu təmin edir, kişini öz eqosunun günahsız qurbanına çevirir. Bu tipli qadınlar çox təhlükəli qadınlardır, onlar kişini intihar həddinə qədər sürükləyirlər. Onlar insan hisləriylə oynamağı bacarırlar, ürəklərində kişinin saf hislərini lağa qoyurlar, onun çəkdiyi əzablardan inanılmaz dərəcədə ləzzət alırlar. Onlar kişilərdən sanki öz tənhalıqlarının əvəzini çıxırlar. Amma onu sevən kişi günahsızdır, o, bütün qəlbiylə sevir, qadın üçün hər cür fədakarlığa hazırdır. Amma qadın oynamaqda davam edir. Bu qadınlar son nəticədə tənha qalırlar.

Getenin “Gənc Verterin iztirabları” romanını oxuyanda əsəbimdən kitabı neçə dəfə yerə çırpmışam. Bu qədər əzablar çəkincə bircə addım atmaq xoşbəxtliyə qovuşmaq üçün kifayər edir, o isə elə hey uzun-uzadı məktublar yazır. Son nəticədə isə intihar edir. Öz zəifliyinin bədəlini ölümlə ödəyir. Kişiyə məhz bu zəifliyi bağışlamaq olmaz. Qərar verə bilməyən kişi qadına lazım deyil. Sevgidə zəif olanlar həmişə oyundankənar vəziyyətdə qalır. Bayaq dediyim kimi, hər kişinin bir zəif tərəfi var. Məhz bu məsələdə zəiflik göstərmək olmaz. Zəiflərin aqibəti Getenin Verteri kimi, Turgenevin Rudini kimi olur. Onları qarşıda intihar gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm