Üz niyə qızarır?
Bizi izləyin

Bilgi.az

Üz niyə qızarır?

Bəzi insanlar üzləri qızardığı üçün çox narahat olurlar. Xüsusilə də yeniyetməlik və gənclik dövrlərində insanların üzü çox qızarır. Bu problemlə üzləşənlər mübarizənin mümkün olmadığını düşünürlər. Amma psixoloqlar bunun əksini bildirir.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, adətən utancaq insanların üzü tez-tez qızarır: "Lakin heç bir kompleksi olmayan, üzü, bədən quruluşu normal, hətta qəşəng, sosial həyatları fəal olanların da üzü qızarır. Ünsiyyətcil, yeni insanlarla rahat dil tapanlar arasında da bu problemlə üzləşənlər olur. Üzün qızarması estetik cəhətdən o qədər də pis olmasa da, çoxları üzü qızardığı üçün stress keçirir. Xüsusilə də həmin an bunu kimsə onların üzünə vursa, onlar daha çox qızarır və özlərini pis hiss edirlər".

A.Qurbanova bildirib ki, üz keçirdiyimiz həyəcana görə qızara bilər. Dediyinə görə, elə uşaqlar var ki, müəllimə ondan dərsi danışmağı istədikdə, üzü qızarır: "Üz müxtəlif səbəblərə görə qızara bilər. Tanış olmayan insan nəsə soruşanda, ictimai çıxış zamanı, kimsə çox baxdıqda, yalanının üstü açıldıqda, yalan danışdıqda, pis vəziyyətdə qaldıqda, küçədə tanışlardan kimisə görəndə, şəxsi münasibəti barədə danışanda üz qızarır. Üzü qızaran insanlarda bu hal onlar həyəcanlanan kimi baş verir. Bu baş verən zaman insana elə gəlir ki, hamı bunu görür və ona gülürlər. Əslində isə insanlar bu halı normal qəbul edir, hətta kiminsə üzü qızaranda ona qarşı rəğbət hiss edirlər. Bunu bilsələr belə, həmin insanlar üzləri qızardığı üçün pis olur".

Müsahibimiz qeyd edib ki, üzün qızarması sağlamlıq üçün zərərli olmasa da, buna görə çox narahat olan insanların həyatına mənfi təsir edir: "Uşaqlar dərsi bildikdə də danışmaq istəmir. Yetkin insanlar belə yeni tanışlıqlardan və diqqət mərkəzində olmaqdan qaçır. Üzün qızarması qorxusu ifrat dərcəyə çatdıqda insan evdən bayıra çıxmaq istəmir, ünsiyyətdən qaçır. İnanılmaz görünsə də, çox utancaq insanlar mağazaya girib nəsə almağa və bunu satıcıdan istəməyə belə çəkinirlər. Üzün qızarması şəxsi münasibət qurmağa da mane olur. Bu problemlə üzləşən oğlanların çoxu üzü qızarar deyə qıza yaxınlaşıb tanış olmağa cəhd etmirlər. Özünü qapalı və utancaq hiss etməyənlər belə üzləri qızardığı üçün tədricən utancaq insana çevrilirlər".

O bildirib ki, üzləri qızaranların ən qorxduğu "sən niyə belə qızardın" sualıdır. Bu sözləri eşitdikdə üzü qızaran insan özünə yer tapa bilmir. O, üzünün qızardığını düşündükcə həyəcanlandığı üçün daha da qızarır.

Tək həyəcan və utancaqlıq deyil, fiziki iş və idman nəticəsində də üz qızara bilər. Misal üçün, aşağı əyilib ayaqqabının bağlarını bağlayanda üz qızarır.

Üz qızarması çox vaxt sosial fobiyalar, ünsiyyət qurmaq qorxusu zamanı baş verir. Xarici görünüşü və davranışı ilə insan utancaq görünməsə də bu əlamətlər daxildə olur.

İnsan ünsiyyətə, sosial fəaliyyətə ehtiyac duyur. Xüsusilə də aktyorlar, musiqiçilər və başqa yaradıcı adamlar ictimaiyyət qarşısında çıxış etməyi, rəğbət qazanmağı xoşladıqları üçün ünsiyyətə can atırlar. Sosial fobiyadan əziyyət çəkənlər isə ünsiyyət zamanı özünü apara bilmir, tədricən bu tələbatı boğur və əsasən də tanımadığı insanlarla, kütlə qarşısında ünsiyyətdən qaçırlar.

Psixoloq bildirib ki, üzün qızarması ilə yanaşı boğaz və sinə nahiyəsi qızara, əllərin iç tərəfi, ayaqların altı, üz və qoltuq altı da tərləyə bilər: "Bu amillərə heç bir reaksiya verməmək insanın öz əlində deyil. İstər-istəməz insan fikir etməyə başlayır. Lakin bu ilk baxışdan göründüyü kimi həll olunmayan bir problem deyil. Səbirli olmaq, problemdən qaçmaq əvəzinə problemi yaşadığınız vəziyyətə düşməklə onu azalda bilərsiz".

Həmsöhbətimiz üz qızaran zaman hisslərə fikir verməyi məsləhət görür. Dediyinə görə, əvvəlcə yanaqlarda istilik yaranır. Bu zaman yüngülcə qızartı yaranır. "Bəlkə də bunu ətrafdakılar hiss etməzdilər. Amma siz qızaracağınızdan qorxduğunuz üçün daha çox həyəcanlanırsız. Bunun da nəticəsində yanaqlar nəzərəçarpacaq dərəcədə qızarır. Bunun qarşısını almaq üçün qorxunuzu azaldın. Azca yanaqlarınızda istilik yaranmağa başlayanda əmin olun ki, bu, nəzərə çarpmır və həyəcanlanmağa dəyməz. Bununla yanaşı üzün qızarmağını normal qəbul edin. Burada utanmaq üçün heç bir səbəb yoxdur. Çox vaxt başqalarının üzünüzün qızardığını biləcəyindən qorxursuz. Məhz bu qorxuya görə üzünüz qızarır. Qorxunu dəf etmək üçün üzünüzün qızaracağını düşündükdə belə bunu etiraf edin. Onda hiss edəcəksiz ki, üzünüz qızarmır, daha əvvəlki kimin həyəcanlanmırsız. Bunu "üzüm qızardı" kimi ifadələrlə demək lazım deyil. Misal üçün, deyə bilərsiz: "Sizin sualınız məni utandırdı", "Bir qədər həyəcanlıyam", "Bu mövzu məni sıxır" və s. kimi sözlərlə vəziyyətdən çıxa bilərsiz. Düşdüyünüz vəziyyətə uyğun başqa cümlələr də seçmək olar". (ekspress.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm