Uçmaq istəyən ilk müsəlmanlar
Bizi izləyin

Bilgi.az

Uçmaq istəyən ilk müsəlmanlar

Səmada quş kimi uçmaq ta qədimlərdən insanların arzusu olub. Qədim yunan mifologiyasında Dedal və oğlu İkar haqda əfsanəyə görə, ixtiraçı olan Dedal özünə və oğluna qanadlar düzəldir ki, uçsunlar. O, İkara tapşırır ki, arxasınca uçsun, çox aşağı enməsin, çünki qanadları dənizin suyuna dəyib islanar, çox yuxarı da qalxmasın, Günəş qanadın yaradılmasında istifadə edilən mumu əridər. İkar atasının sözünə baxmır, o, göyərçindən, torağaydan daha yüksəkdə uçur və qanadları əriyir...

Təxminən eramızdan əvvəl 400-cü ildə yunan filosofu, riyaziyyatçı, astronom Arxitin ilk uçuş aparatı düzəltdiyi barədə məlumat var. İxtiraçının ona Peristera (göyərçin) adı verdiyi deyilir.

Amma miladdan sonra ilk uçuşu müsəlmanlar həyata keçirib. 852-ci ildə İspaniyanın Kordova məscidində Abbas ibn Farnas özünün düzəltdiyi aparatla minarədən uçub və kiçik zədə alaraq uğurla yerə enib. O vaxt dünyanın elm mərkəzlərindən biri olan, əhalisinin böyük hissəsi elmlə nəfəs alan Kordovada bu hadisənin necə maraq doğurduğunu təsəvvür etmək çətin deyil. İbn Farnas ağaclara çəkib bərkitdiyi parçadan özünə qanadlar düzəldibmiş (bu zaman quş tüklərindən də istifadə etdiyi deyilir). İstədiyi kimi uçmasa da, düzəltdiyi qanadlar onun yerə enməsini yavaşıdıb və zədəsi az olub. Ehtimal edilir ki, onun düzəltdiyi qurğu paraşütün proobrazı olub.

İyirmi il sonra Farnas layihəsini bir qədər də yaxşılaşdırıb. Uçuşu idarə etmək üçün ora əlavələr edib. O, ilk deltaplan sayılan aparatı ilə Cəbəl əl-Ərus adlanan kiçik təpədən uçub və hesablamalara görə, bir neçə on dəqiqə havada olub. Bu, ilk idarə edilən uçuş sayılır. Farnas uçaraq hərəkətə başladığı yerə qayıdıb və yerə düşüb. Sonradan deyirmiş ki, quyruq hissəsi düzəltməklə enməni daha yaxşı etmək olar. İbn Farnasın uğuru bir əsr yarımdan sonra İngiltərədə təkrar edilib. Monax Eilmer abbatlığın damından süni qanadlarla 200 metrə qədər uçub və enərkən ayağı sınıb. İbn Farnasdan 650 il sonra Leonardo da Vinçi deltaplan çertyoju çəkib.

İkinci hadisə təxminən 1000-ci ildə Nişapurda baş verib. Bu "uçuşu" dilçi alim əl-Cövhəri həyata keçirib. Tarixçilər yazır ki, lüğətçilik sahəsində uğurlarından başı gicəllənən alim köhnə məsciddə minarəyə çıxaraq əhaliyə belə bir müraciət edib: "Ey insanlar, mən həyatımda elə bir şey etmişəm ki, hələ heç kimə bu nəsib olmayıb (yazdığı lüğəti nəzərdə tuturmuş - V.S,) indi isə axirət üçün elə bir şey edəcəyəm ki, bunu heç kəs etməyib". Bundan sonra o, özünü atıb və yerə düşərək ölüb.

Üçüncü bizə məlum hadisə XVII əsrdə baş evrib. Səyyah Övliya Çələbi 1630-1632-ci illərdə türk alimi Hezarfənn (ləqəbidir, mənası min fənn deməkdir, yəni çox bilikli) Əhməd Çələbinin qanadlı aparatla Bosfor üzərindən uçmasının şahidi olduğunu qeyd edir. O, "Səyahətnamə"də yazır: "Hezarfənn Əhməd Çələbi əvvəlcə Ox Meydanının minbərindən küləyin şiddəti nəticəsində havada səkkiz-doqquz dəfə pərvaz etdi. Sultan Murad Saray Burnunda Sinan paşa köşkündən ona tamaşa edirdi". Hezarfənn İstanbulun Qalata qülləsindən (55 m) uçuşa başlayaraq təxminən 3 km məsafə qət edib və Bosfoun Asiya tərəfində uğurla eniş edib. Bəzi mənbələr yazır ki, sultan ona mükafat versə də, "Bu adam qorxuludur, əlindən nə desən gələr" deyərək onu Əlcəzairə sürgün edib və orda da dünyasını dəyişib (sui-qəsd edildiyi versiyası da var).

Dördüncü uçuş 1633-cü ildə baş verib. Hezarfənnin qardaşı Laqari Həsən Çələbi özünün düzəltdiyi cihazla uçuş həyata keçirib. Bu zaman barıtdan istifadə edilib. Bu, ilk pilotlu raket və süni mühərrikli cihaz hesab edilir. Bu uçuş Sultan IV Muradın qızının ad günü bayram edilərkən həyata keçirilib. Çoxlu sayda insanın gözü önündə Laqari fitili yandırıb və aparat göyə yüksəlib. Uçuş təxminən 20 saniyə çəkib. Ən yüksək hündürlük 300 metr olub. Sultan Laqariyə pul mükafatı və yüksək hərbi rütbə verib. Hadisəni seyr edənlər onun yerə düşüb öləcəyini gözləyirmiş. Amma Övliya Çələbi bildirir ki, Laqari bədəninə birləşdirdiyi qanadların köməyi ilə yerə enib. Raketi hərəkətə gətirən barıt qurtarandan sonra bu qanadlar onun üçün paraşüt rolunu oynayıb. Çox təəssüf ki, sonralar bu sahədə tədqiqatlar davam etdirilməyib.

bizimyol.info

Oxumağa davam et
Reklam
Reklam

Gündəm