Mircəfər Bağırov Şıxlinskini Stalindən necə xilas etdi?
Bizi izləyin

Bilgi.az

Mircəfər Bağırov Şıxlinskini Stalindən necə xilas etdi?

Publika.az istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun məhkəməsinə işıq tutan araşdırmasını dərc edir. Bu tədqiqatın hər kəs üçün maraqlı olacağını düşünürük.

Əvvəli bu linklərdə

http://publika.az/p/30792

http://publika.az/p/44380

http://publika.az/p/44674

http://publika.az/p/44876

http://publika.az/p/45165

İstintaq başladı saat 14.50 dəqiqədə və qurtardı saat 21.20 dəqiqədə.
Dindirdi: SSRİ Baş prokuroru R.Rudenko

İstintaqda iştirak edirdi və ifadələri yazırdı: SSRİ baş prokurorun köməkçisi Preobrajenski

Düzdür: [imza oxunmur]

Surəti. Maşın yazısı.

İstintaq başa çatdıqdan sonra Beriyadan fərqli olaraq, M.C.Bağırova qarşı açıq məhkəmə prosesi qurulur. Məhkəmə M.C.Bağırovdan başqa Azərbaycandakı repressiv mexanizmin hissələri olan S.Yemelyanovun, X.Qriqoryanın, R.Markaryanın, A.Atakişiyevin, T.Borşovun və Sumbatov-Topuridzenin (qiyabi-A.M.) fəaliyyətlərinə hüquqi qiymət verirdi. M.C.Bağırov və onlar daha çox repressiyaların təşkilində ittiham olunurdular. Onda sual oluna bilər: məgər bu repressiyalar birbaşa Moskvadan İttifaq Xalq Daxili İşlər Komissarlığının (00447 nömrəli sərəncama əsasən-A.M.) göstərişinə uyğun aparılmırdımı?

Xruşşov Ukraynada, Arutyunov (Mikoyanın qudası – A.M.) Ermənistanda və o cümlədən bütün SSRİ məkanındakı rəhbərlər bu göstərişləri həyata keçirmirdilərmi? Niyə onda bu rəhbərlərə qarşı Ermənistanda, Özbəkistanda, Qazaxıstanda, Ukraynada məhkəmə prosesi qurulmurdu? Bəs niyə Azərbaycan rəhbəri müqəssirlərin ən böyüyü sayılaraq ən böyük cəzaya məhkum edilir? Bax, burda, bu məhkəmənin məğzi üzə çıxır. Məhkəməyə milli rəng verməmək üçün rus və erməniləri də ittiham olunan şəxslər siyahısına daxil etdilər. İstintaq zamanı X.Qriqoryan, R.Markaryan, T.Borşov və S.Yemelyanovdan M.C.Bağırovun əleyhinə qondarma ifadələr alınırdı. Onlarda belə arxayınçılıq formalaşdırılırdı ki, siz ifadələrinizi M.C.Bağırova qarşı yönəltməklə məsuliyyətdən yaxa qurtaracaqsınız. Bax elə buna görə də onlar M.C.Bağırovu ləkələmək üçün, sanki, biri-biriləri ilə yarışa girmişdilər.

Məhz ona görə də M.C.Bağırov məhkəmədə "məni asmaq azdır, məni güllələmək azdır, məni şaqqalamaq, dörd yerə bölüb tikə-tikə doğramaq lazımdır ki, mən inanmışam!". Bu müraciətlə M.C.Bağırov etirazını sistemin özünə bildirir və sonra bəyan edirdi ki, xalqımın qarşısında vicdanım təmizdir!

Bir həqiqəti nəzərdən qaçırmaq lazım deyil ki, 30-cu illərdə və 40-cı illərin II yarısına qədər Azərbaycanda güc strukturlarının rəhbərliyinin təyinatı birbaşa Moskvada həll olunurdu. Hətta M.C.Bağırov bu ermənilərlə işləmək istəməsə də, buna məcbur idi. Bu hal 40-cı illərin ortalarına qədər davam etdi. Artıq, Beriyanın Kremldəki mövqeyi möhkəmləndikdən sonra M.C.Bağırov yerli kadrları güc strukturlarında yerləşdirməyə başladı. O cümlədən, A.Atakişiyev və M.T.Yaqubov da daxili işlər naziri oldu. Niyə məhz M.T.Yaqubov yox, Atakişiyev həbs olundu? Axı Yaqubov da M.C.Bağırovun kadrı idi! Ona görə ki, M.T.Yaqubov M.C.Bağırova qarşı yönəldilmiş Xruşşov-Mikoyan ssenarisində mühüm personajlardan biri idi. Bunları sənədlərlə kitabda göstərmişdim. Elə buna görə də Atakişiyevin ittiham olunan şəxslər arasında yeri çoxdan hazırlanmışdı. Stalinin ölümündən sonra, Daxili İşlər Nazirliyi ilə Dövlət Təhlükəsizlik Nazirliyi birləşdikdən sonra Yemelyanov daxili işlər naziri olur. Beriya, Bağırova Yemelyanovu yerli kadrlarla əvəz etməyi məsləhət görürdü. Məhkəmənin niyə məhz bu heyət üzərində qurulması da Kremldə əyləşmiş imperiya agentlərinin istəklərindən irəli gəlirdi. Çox güman ki, bu qərarların baş məsləhətçisi Mikoyan və Molotov idi. Oxucunun gözünə ilk sataşan hal bu heyətin tam bərabər bölgüsüdür. İki azərbaycanlı, iki rus, iki erməni. M.C.Bağırovla bərabər, üzərində məhkəmə qurulan bu şəxslərin hər biri müəyyən dövrlərdə Azərbaycanda güc strukturlarında rəhbər vəzifələrdə işləmişdilər. Sual oluna bilər, bütün ermənilərin havadarı nə yaxşı bu ermənilərin M.C.Bağırovla bərabər güllələnməsinə göz yummalı oldu? Bu suala yalnız erməni dünyagörüşünün məntiqi ilə cavab vermək olar. Mikoyanın qalxanının altında SSRİ məkanındakı erməni "balinalarının" qarşısında Markaryan və Qriqoryan "kilkə" kimi görünürdü. Ona görə də, bu "balinaları" qorumaq üçün "kilkələrin" qurban verilməsi müqayisəyə gəlmirdi. Burada erməni yazıçısı Aleksandr Şirvanzadənin bir fikri yadıma düşür. O qeyd edirdi:

"Ermənilərin milli dünyagörüşündə belə bir xarakterik keyfiyyət vardır: Onlar ümumi erməni işi üçün hətta zaman-zaman öz içərilərindən cəllad baltası altına qurbanlıqlar da göndərirlər".

8-12 may 2003-cü ildə "Yeni Zaman" qəzetinin 32-ci sayında "M.C.Bağırovun dindirilməsi" məqaləsi dərc olunmuşdu. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, indi də M.C.Bağırov haqqında məsuliyyətsiz yazılar dərc edilir. Məqalə başdan-başa uydurmalarla doludur. Məqalədə yazılır ki, 1946-cı ildə "Tudə" partiyasının rəhbərləri ilə M.C.Bağırov görüşür və onların vətənpərvər olmaqları barədə istintaq zamanı müstəntiqə ifadə verir.

Bu fikir tam yalandır! Ona görə ki, hələ 1944-cü ildə Mir Cəfər Bağırov Stalinə göndərdiyi məktubda "Tudə" partiyası rəhbərinin erməni olduğunu göstərərək və bu partiyanın Azərbaycan xalqını arxasınca apara bilməyəcəyini yazır (müəllifi olduğum "M.C.Bağırov. Tam məxfi" kitabımda bu məktub barədə geniş bəhs etmişəm – A.M.).

Yaxud, məqalədə yazılır ki, Bakı-Batumi neft kəməri layihəsi M.C.Bağırovun təşəbbüsü ilə ləğv edilib. Görünür, məqalənin müəllifi bu barədə hardansa eşidib və bu faktı istintaq materialları kimi oxuculara təqdim edir. Həqiqətdə isə reallıq başqa cür olub. Belə ki, N.K.Baybakovun 1995-ci ilin 23 fevralında "Trud" qəzetindəki məqaləsində yazılır: "Müharibə illərində prespektivli layihələr haqqınla deyil, döyüş meydanında sovet silahlı qüvvələrinin fasiləsiz yanacaqla təmin olunması barədə daha çox düşünürdük. Ona görə ki, Həştərxandan göndərilən neft ehtiyacları ödəmirdi. Stalinqrad ətrafında ağır vuruşlar gedirdi. Biz faşist təyyarələrinin atəşləri altında Kuybışevdən Saratova neft kəməri çəkirdik. İşə başladıqda bizi bir sual düşündürürdü: boruları hardan əldən etməli?

Bu vaxt biz Bakı-Batumi neft kəmərinin borularını demontaj edərək bu borular vasitəsilə Saratovdan da Kuybışevə neft kəmərini çəkə bildik".

Yaxud, müəllif məqalədə qeyd edir ki, M.C.Bağırov 1931-ci ildə Stalin tərəfindən Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsinə təyin edilir və sonra yazır ki, Bağırov çar ordusunun zabiti olubmuş. Mən (müəllif) həmin məqaləni yazana xatırladıram ki, M.C.Bağırov 1933-cü ildən AK (b)P MK-nın I katibi seçilir və o, heç vaxt çar ordusunun zabiti olmayıb. Yaxşı olar ki, məqalə müəllifi kitabda M.C.Bağırov haqqındakı tərcümeyi-halı diqqətlə oxusun.

Məqalədə guya müstəntiqlər tərəfindən M.C.Bağırovun ünvanına söylədikləri söyüşlərin müəllif tərəfindən hərtərəfli verilməsi məni (A.M. – red.) çox hiddətləndirdi. Axı sual olunur ki, harada görünüb ki, istənilən müttəhim müstəntiq tərəfindən söyülsün və söyüşlər olduğu kimi, istintaq protokoluna yazılsın. Ona görə də, bütün mətbuat işçilərindən xahişim odur ki, bu cür məsələlərə diqqətlə yanaşsınlar və heç kimin də M.C.Bağırovu təhqir etməyə hüquqi cəhətdən əsası yoxdur.

Bu günə qədər bu məhkəmə prosesi barədə çox danışılıb və orada olan ittihamlara da ziddiyyətli münasibətlər olub. Ancaq yenə də bu məhkəmədə M.C.Bağırova qarşı səslənən, bəzi ittihamlara münasibət bildirmək istəyirəm. Belə ki, "M.C.Bağırovun məhkəməsi" kitabında, səh. 33–37, 37–40-da qeyd edilir:

"Biz artıq göstərmişik ki, 1917-ci ildə Qubada Əlibəy Zizinskinin Bağırovdan başqa köməkçisi iri mülkədar ailəsindən olan əksinqilabçı, Müsavat parlamentinin üzvü Qazı Əhməd bəy Məhəmmədbəyov idi.

Azərbaycan sovetləşəndən sonra Məhəmmədbəyov heç bir repressiyaya uğramayıb, Mahaçqala şəhərində yaşayıb, hüquq məsləhətçisi işləyirmiş. Bağırov bundan xəbərdar olmaya bilməzdi. Çünki 1936-cı ilin fevralında Məhəmmədbəyov Triniçin işi üzrə şahid sifətilə dindirilirmiş. Məhəmmədbəyov o vaxt öz ifadələrində göstərirdi ki, Bağırovla birlikdə qəza komissarı Əlibəy Zizinskinin müavini vəzifəsində çalışırmış. Ancaq Bağırov, Zizinskinin birinci müavini olduğundan o, Əhməd Əfəndinin (Triniçin) 1918-19-cu illərdə Qubadakı fəaliyyəti barədə daha ətraflı məlumat verə bilər. Bağırov Məhəmmədbəyovun bu ifadələrindən xəbərsiz ola bilməzdi.

Əlində həmin şəxsləri cinayətkar kimi xarakterizə edən kifayət qədər material olmasına baxmayaraq, Bağırov uzun illər boyu qolçomaq Camal Mirzəyevə, onun oğulları Cəmil və Şamilə himayədarlıq edib.

Bağırovun antisovet ünsürləri qorumasına və onlara himayədarlıq etməsinə daha bir nümunə keçmiş müsavat pristavı və siyasi quldur, çar zamanı xidmət etmiş Qiyasbəy Cahangirbəy oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çıxardı, hətta Qazax qəzasında milis rəisi vəzifəsinə də təyin etdi.

O illərdə Azərbaycan BSİ işçiləri arasında Şıxlinski daim Bağırovla yaxınlığını qeyd edirdi.

1930-cu ildə Şıxlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı, orada türk kəşfiyyatı ilə əlaqə yaradıb, SSRİ ərazisinə silahlı basqınlar etdi.

İstintaq zamanı Bağırov təsdiq etdi ki, Şıxlinskini o, üzə çıxarıb. Ancaq ona himayədarlıq etmək və müdafiə etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin avqustun 28-də dindirilmiş şahidlərdən Əliyev Zeynal Mehrəli oğlu təkzib etdi:

"Bağırov çox vaxt keçmiş müsavat fəallarını öz tərəfinə çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Milis rəisi işləyərkən Şıxlinski sovet hökumətinə heç bir yardım göstərməyib və heç bir xeyirli iş görməyib.

Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan istifadə edən Şıxlinski yerli sovet hakimiyyəti orqanları ilə hesablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi.

Təqribən 1930-cu ildə yerli hökumət cinayətkar fəaliyyətini ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı".

Bu ifadələri istintaq zamanı müttəhim Borşev də təsdiq etdi:

"Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu yaxşı tanıyır. O vaxtlar Şıxlinski bununla fəxr edirdi.

İndi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siyasi İdarəsinin rəhbər işçiləri arasında dəfələrlə Bağırovla yaxın münasibətindən danışırdı".

Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə sübut olunur.

Gəncə vilayət şöbəsinin rəisi Şıxlinskinin ağır cinayətlərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb olunmadı. Bundan əlavə, Şıxlinski 1930-cu il mayın 12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqlarından və antisovet fəaliyyətində şübhələndiklərindən şikayətlənəndə, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur:

"Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu biabırçılıqlara son qoyun. Nəticəsi barədə mənə mayın 21-dək məlumat verin".

Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıxlinskiyə o vaxtlar Azərbaycan BSİ Gəncə vilayət şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 №-li arayış verildi. Həmin arayışda Şıxlinskinin 7 nəfər silahlı yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu.

Bu cür ünsürlərin və yaxın adamların qorunmasına bir nümunə kimi Əlipənah bəy Şəfibəyovu da göstərmək olar. Bəy nəslindən olan Şəfibəyov sovet hökumətinin düşməni idi. Müsavat zamanı Qubada müsavat partiyası qəza komitəsi sədrinin müavini idi. Şəfibəyov ilk dəfə 1927-ci ilin aprelində həbs olunmuşdu, lakin Beriyanın təsdiq etdiyi qərara əsasən, istintaq aparılmadan həbsdən azad edilmişdi. Şəfibəyovun hansı sənədlərə əsasən həbs olunması barədə materiallara rast gəlmədik.

İkinci dəfə Şəfibəyov 1930-cu ildə həbs olunub. Bu dəfə Şəfibəyov antisovet fəaliyyətdə ittiham olunurdu. Həbsə alınarkən, ondan türk nümunəli tüfəng və ona müvafiq 30 patron alınmışdı.

Lakin cinayət dəlilləri olmasına baxmayaraq, Bağırovun sədrliyi ilə 1930-cu il martın 16-da keçirilmiş Azərbaycan BSİ-nin kollegiyası Şəfibəyovun işinə xitam verdi.

Müsavat partiyası şöbəsinin təşkilatçısı Rüstəmov Əbil Qasım da repressiya olunmadı. Sovet ordusu Qubaya daxil olanda o qaçıb gizləndi, 1923-cü ildə isə Bağırov tərəfindən üzə çıxarıldı. Bundan sonra o, Qubada yaşayır, 11 №-li sovxozda yanğından mühafizə idarəsinin rəisi işləyirdi.

Bağırovun Azərbaycan BSİ-də xidməti müddətində dəfələrlə Rüstəmovun həbsi və məsuliyyətə cəlb olunması məsələsi ortaya çıxarıldı, ancaq Bağırov buna icazə vermirdi. Bu məsələ ilə bağlı şahid A.M.Qasımov belə ifadə vermişdi:

"Mən özüm bilirəm ki, Qubada müsavat partiyasının təşkilatçısı Əbil Qasım Rüstəmovu üzə çıxaran Bağırovdur. Müsavatçıların Quba üzrə başçısı 1920-ci il aprelin 27-ddə (sovet ordusu daxil olan gün) Qubadan qaçıb haradasa gizləndi.

Onun harada gizlənməsi Bağırova bəlli olmalıdır. 1923-cü ildə o, yenidən peyda oldu və Bağırovun köməyi ilə üzə çıxdı.

1925-ci ildə mən Azərbaycan BSİ aparatında işlədiyim vaxt Bağırov qarşısında onun məsuliyyətə cəlb olunması barədə məsələ qaldırdım, Bağırov buna qol qoymadı və dedi ki, qoy o yaşasın".

Qasımovun verdiyi bu ifadəni müttəhim Atakişiyev də təsdiq etdi. O göstərdi ki, Əbil Qasım Rüstəmov barədə materiallarda Bağırov məlumatlandırılırdısa da, Rüstəmovun həbs edilməsi haqda göstəriş vermirdi.

Bu barədə Bağırovun özünə sual veriləndə göstərdi ki, o, Əbil Qasım Rüstəmovu müsavatçı kimi tanıyır və ona elə gəlir ki, o, artıq güllələnmişdir.

İstintaqdan həmçinin məlum olub ki, Bağırov iri mülkədar, bəy ailəsindən çıxmış Məmməd Aslan oğlu Sarıcalinskiyə (Mirzəyevlərin qohumu) də himayədarlıq edib. 1917-ci ildən 1920-ci ilədək Sarıcalinski müsavat ordusunda zabit kimi xidmət edib, orada da hərbi məktəbi bitirib. Sarıcalinskinin qardaşı Qiyasbəy də müsavat ordusunda zabit olub və həmin üsyanda iştirak edib: 1929-cu ilədək onun qolçomaq təsərrüfatı olub.

O biri qardaşı – Zülfüqarbəy sovetləşmə dövründə əhaliyə divan tutur, mal-qaranı qaçırdırmış, buna görə də həbs olunub və Ağdam həbsxanasında vəfat edib.

Sarıcalinskilərin yaxın qohumlarından biri – Sürxanbəy Sarıcalinski sürgün olunub, digəri – Məmişbəy Kələ Bedinski İrana mühacirət edib.

Bütün bu məlumatlar Azərbaycan XDİK işçilərinin 1938-ci il iyunun 25-də tərtib etdikləri arayışda göstərilib.

Bu cür tərcümeyi-hal göstəricilərinə baxmayaraq, Sarıcalinski 1921-ci ildə "ÇK"ya işə götürüldü – əvvəlcə süvari diviziyasına, sonra isə sərhəd qoşunlarına. O, bir müddət Bağırovun özü ilə birgə xidmət sıralarına da soxulub.

1938-ci ildə Sarıcalinski, nəhayət ki, XDİK orqanlarından qovulanda Bağırova ərizə yazıb, onunla düzgün rəftar etmədiklərindən şikayətləndi. Yuxarıda göstərilən 25 iyun 1938-ci il tarixli arayış da elə bu ərizə ilə bağlı tərtib olunmuş, orada Sarıcalinskinin XDİK orqanlarından qovulma səbəbləri göstərilmişdi.

İyunun 26-da Sarıcalinski, Bağırovun adına teleqram vurdu və bildirdi ki, Sarıcalinskinin işə göndərilməsi barədə Bağırovun Xalq Daxili İşlər Komissarlığına göstərişi yerinə yetirilmir, odur ki, o, Bağırovun müvafiq sərəncamını gözləyir.

Bu teleqramın üzərində Bağırov 1938-ci il iyunun 26-da aşağıdakı dərkənarı qoyub:

""Yol. Rayevə və Borşevə. Üzr istəyirəm ki, sizin ikinizə də birdən müraciət edirəm. Xatırlaya bilmirəm ki, onu işə düzəltmək barədə hansınızdan xahiş etmişdim. Təkrar xatırladıram, xahiş edirəm – insanı tamamilə məhv etməyə lüzum yoxdur".

Bağırov Sarıcalinski barədə suala belə cavab vermişdi ki, o, Məmməd Sarcalinskini 1921-ci ildən tanıyır. Sarıcalinski müsavat zabiti olub, 1938-ci il iyunun 25-də tərtib olunmuş arayışdan onun xəbəri yoxdur, dərkənarı da Sarıcalinskinin ərizəsinə və teleqramına əsasən yazıb.

Keçmiş Bakı neft milyonçusu Əsədullayevin oğlu, keçmiş milyoner Tağıyevin kürəkəni, çar ordusunun poruçiki, fevral inqilabından sonra Bakıda "Vəhşi diviziya" təşkil edən, 1918-ci ildə sovet ordusuna qarşı mübarizə aparan Əli Əsədullayev 1921-ci ilin dekabrında Gürcüstanda həbs olundu.

Ardı var…

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm