Uzunsaçlı cadugər: rus modelinin acı həyat hekayəsi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Uzunsaçlı cadugər: rus modelinin acı həyat hekayəsi - FOTOLAR

"Həyat qısadır, qaydaları poz, hamını bağışla, asta öp, səmimi sev, dayanmadan gülümsə".

"Bir gün həyatda olmasam belə, bütün dünya məndən danışacaq"

Cəmi bir moda nümayişinə görə bu qız 5 min dollar qazanardı. Pulların da çox hissəsini Qazaxıstanda yaşayan anasına və qardaşına göndərərdi.

"Anam yeganə etibar etdiyim insandır. Və o, məni hər zaman dəstəkləyəcək insandır".

Ölümündən əvvəl rus əsilli model Ruslana Korşunova 2008-ci ilin mart ayında Mark Kaminski ilə tanış olur. Sonradan Mark və Ruslana ayrılsalar da, gənc oğlan rus gözəlçəsinə hər zaman belə deyərdi: "Mən sizin gözəlliyinizdən, sadəcə, şokdayam".

Mart ayında tanış olduqdan sonra Ruslana Mark ilə yaşamaq üçün onun evinə köçür. Mark qızı dəlicəsinə sevirdi. Lakin Ruslana cavab vermirdi. Nə ona, nə də başqasına...

O, hələ bundan sonra da onlarla imkanlı kişilərlə görüşəcəkdi. Korşunova sanki ikili həyat yaşayırdı. O, sevgililərini ehtiyatda saxlamaqla yanaşı, milyarder Roman Aleksandrovla evlənməyə hazırlaşırdı. Model daha çox Paris və Moskvada keçirilən və imkanlı insanlar üçün nəzərdə tutulan əyləncə gecələrinin daimi qonağı idi.

29 iyun 2008-ci il. Ruslana haqqında xəbər həmin günü dünya mətbuatının gündəmindən düşmədi. Manhettendə yerləşən dəbdəbəli evin eyvanı altında Qazaxıstanda doğulmuş fotomodel Ruslananın meyiti aşkar edildi. O, 1 milyon dollara aldığı evin 9-cu mərtəbəsindən üzü üstə yerə gəlmişdi. Karyerasının zivəsində olan uzunsaçlı qız yerdə huşsuz vəziyyətdə uzanmışdı...

Polis belə bir nəticə çıxardı: qız eyvandan özü yıxılıb, çünki evdə hər hansı bir mübahisəmim izləri tapılmadı. Şahidlərin sözlərinə görə, həmin günü Ruslana evə yaxşı əhvalda gəlib və onda heç bir depressiya əlaməti olmayıb. Faciə baş verən günü Ruslana ilə sonuncu görüşən sevgilisi Artyom deyib: "Biz valideynlərimin evində idik. "Ruh" kinosuna baxırdıq. Səhər saat 4-də onu evinə apardım. Həqiqətən də, hiss etdim ki, o, həmin gün mənimlə sağollaşmağa gəlib"...

Korşunova ölən günü keçmiş sevgilisi Artyom onu evinə gətirib, 1 saata kimi yanında olub. Günorta saatlarında isə Ruslananın yanına sonuncu sevgilisi – Mark gəlib. Mark getdikdən sonra o, 12:40 radələrində "Odnoklassnik" sosial şəbəkəsində səhifəsinə daxil olub. Yarım saatdan sonra isə Ruslana artıq həyatda deyildi.

Uğurlu karyerası olan və gələcəyi parlaq perspektiv vəd edən Ruslanını eyvandan aşağı atılmağa nə vadar edib? Cavab bu günədək də məlum deyil...

"Bizim tərcümə" layihəsi sirli şəkildə həlak olmuş rus əsilli modelin kədərli həyat tarixçəsini təqdim edir.

1987-ci il təvəllüdlü Korşunova Qazaxıstanda dünyaya gəlib. O, qardaşı Ruslanla birgə mühafizəkar ailədə böyüyüb. Məktəb yoldaşları isə onun dəbə uyğun olmayan hörüklərindən dartar, ciddi görkəmkinə görə onu sevməzdilər. Onların heç ağlına belə gələ bilməzdi ki, qarşılarındakı bu qıcğığaz nə zamansa elə bu hörüklərinə görə məşhur dünya jurnallarının səhifələrini bəzəyəcək.

Korşunovanın 15 yaşı olarkən model agentləri onu təsadüfən kəşf edirlər. Yaşılgöz, dizinə qədər saçları olan qızcığaz "rus Rapuntseli" adını aldı. O, sanki, Qrim qardaşlarının nağıllarında təsvir edilən şahzadəyə bənzəyirdi. Ruslana 2005-ci ildən 2008-ci ilədək model karyerasının zirvəsinə doğru addımlayırdı...

Korşunova artıq bir neçə model agentlikləri ilə çalışır, bir sıra jurnalların üz qabığını bəzəyirdi. Ruslana "Nina Ricci" markasının zərif "Nina" ətrinin məşhur reklam çarxında da çəkildi. O, hətta "Ətriyyatçı" filminə də çəkilməyə razılıq vermişdi, lakin sınaq məşqlərini keçə bilmədi...

Ruslana 21 yaşını qeyd etməyə 4 gün qalmış həlak oldu. O, 9-cu mərtəbədən yıxılaraq öldü. Polis bunu intihar kimi qələmə versə də, heç bir ölümqabağı məktub tapılmadı. Korşunova narkotik maddələr və spirtli içki qəbul etmirdi. Bir neçə gün bundan qabaq isə o, Avropadan qayıtmışdı. Ruslana artıq dünya moda arenasının fəthinin astanasında idi. Ruslana 21-ci ad gününü keçirməyə hazırlaşırdı və zarafatla ilk dəfə pivə qəbul edəcəyini də deyirdi...

Ruslananın anası isə qızının intihar etdiyinə hələ də inanmır. Axı Ruslana hər bir dərdini onunla bölüşərdi. Qızı son günlər daha xoşbəxt görünərdi, lakin... Ölümünə 3 ay qalmış Ruslana internet-bloqların birində belə bir şərh yazmışdı: "Mən özümü elə itirilmiş kimi hiss edirəm. Görəsən, nə vaxtsa özümü tapa biləcəmmi?"

Bir çoxları Ruslananın qətlə yetirildiyinə inanırlar. Lakin dostlarının sözlərinə görə, Ruslananın ağır pəhriz saxlaması onda depressiya yarada bilərdi. Pis qidaya görə onun mədəsində ağrılar baş qaldırmışdı...

Bəziləri isə onun psixi pozğunluq keçirdiyini iddia edirlər. Onun sosial şəbəkədə yazdığı şeir indiyədək də hamını düşündürür. Şeir onun "yaşından böyük" görünür və depressiv xarakter daşıyırdı:

"Sən dar qəfəsdən quşu azad etdikdə

O, mavi hündürlükdən sənə geri qayıtmayacaq.

Heç nəyə görə heyfislənmə, nə olacağı varədə gümanlara dalma,

Sadəcə, əlində olanları qoru..."

Ruslana, əslində, depressiyaya meyilli qız idi. O, çox zaman internetdə qəmli status və şərhlər yazardı. Bütün yazılarında sevgiyə yer verərdi. Əlbəttə, o da hər bir qız kimi nə vaxtsa sevmişdi. Lakin sevdiyi oğlan ona qarşılıq vermədi. Bundan sonra Ruslana çoxlu kişilərlə görüşməyə başladı...

Qız işinə o qədər aludə idi ki, onun üçün pul itirməkdən daha qorxunc heç nə ola bilməzdi. Ruslana daha çox pul qazanmaq, dünyanı fəth etmək niyyətində idi...

Onun ən məşhur obrazı "Nina Ricci" reklamında alma dərən qız obrazıdır. "Alma dərən qız" özündən sonra internetdə yazılar qoyub getdi. İnternet-gündəliklər və yazılardan məlum olur ki, "pişik simalı" uzunsaçlı rus gözəlçəsi qara magiya ilə məşğul olurdu. "Mən iblisəm. Mən ifritəyəm. Sizin nə deyəcəyiniz mənim vecimə də deyil." Ruslana bu sözləri ölümündən 1 ay əvvəl naməlum həmsöhbətinə demişdi...

O, bütün modellər arasında ən uzun saçlısı idi. Ruslana rus əsilli tanışlarından birinə saçlarının sirrini açmışdı. Tanışının sözlərinə görə, Ruslana Qazaxıstanda yaşayan nənəsinin məsləhəti ilə 9 yaşından etibarən saçını kəsdirməyib. İş ondadır ki, onun nənəsi Ruslananın saçlarını tilsimləyib. Saçlar uzanana qədər Ruslananın ən istəkli arzuları həyata keçəcəkdi...

Qonşuları da Ruslanadan ehtiyat edərdilər. Qonşusu Rebekka xatırlayır: "Rus qızı çox vaxt məni qorxudardı. Onda nəsə anlaşılmaz bir sirr vardı. O, hər zaman gülərüz və mehriban idi. Lakin günlərin birində onunla dəhlizdə qarşılaşdım. Xahiş etdim ki, gecələr musiqiyə çox səs verməsin. Elə həmin gün də başıma qəribə bir hadisə gəldi. Mən liftə daxil oldum və qəflətən lift dayandı. Orada düz 3 saat qaldım. Hətta lift ustaları da nə baş verdiyini anlaya bilmirdilər".

Ruslana insanları idarə etmək üçün müxtəlif psixoloji və ezoterik seminarlara baş çəkirdi. O, hətta bir dəfə sosial şəbəkədə belə bir yazı paylaşmışdı:

"Biz qadınlar, əslində, mələyik. Sadəcə, bizim qanadlarımız qırıldıqda süpürgə üzərinə oturmalı oluruq".

Yəqin, hansısa məqamda model "süpürgə" ilə uçacağını düşünürdü. Lakin görünür, lazımı məqamda əlinin altında süpürgəsi olmadı...

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm