İnsanın ölüm haqqı...
Bizi izləyin

Bilgi.az

İnsanın ölüm haqqı...

Azərbaycanda evtanaziyaya rəsmi icazə verilsə və belə klinikalar yaradılsa da, heç bir azərbaycanlı ora müraciət etməyəcək.

"Ölüm həkimi" ləqəbini qazanmış erməni evtanaziya yolu ilə 130 adamı "o dünyalıq" edib

Yaşamaq insanın ən öndə gələn hüququdur. Digər hüquq və azadlıqlar məhz yaşamaq hüququndan sonra gəlir. Yaşamaq hüququnun nə zaman bitməsi də mühüm əhəmiyyət kəsb edir. Belə qəbul olunur ki, beynin fəaliyyətinin dayanması ölüm faktı kimi qəbul oluna bilər. Belə olan halda, hələ də öz funksiyalarını yerinə yetirən digər orqanların transplantasiya məqsədilə həkim tərəfindən ayrılması cinayət hesab olunmur. Çünki beynin fəaliyyətdən düşməsi ilə hüquqi fakt yaranmış olur. Şəxsin özünün könüllü olaraq həyatdan getməsi imkanı yəni evtanaziya hüququ ən aktual problemlərdən biridir. Bu məsələyə də yanaşma iki cürdür. Birincisi, bəzi ölkələrdə (Hollandiya, İsveçrə və s.) evtanaziya leqallaşdırılıb. Evtanaziya tərəfdarları öz fikirlərini belə əsaslandırırlar ki, sağalacağına ümid olmayan şəxsin artıq əzab çəkməsinə şərait yaratmaq lazım deyil və özü istədiyi təqdirdə həyatdan getmək imkanı verilməlidir. Əks fikrin tərəfdarları isə əsaslandırırlar ki, həyat insanın özü tərəfindən yaradılmayıb və insan özü bundan imtina edə bilməz. Bu həm də sui-istifadə hallarını artıra bilər, həm də müalicə üsulunun tapılması istisna olunmur.

Bəzi ölkələrdə könüllü ölümə icazə verilir

Ölümcül xəstələrə evtanaziya hüququ vermiş ilk ölkə olan Hollandiyada qanunvericiliyə görə, ölümcül prosedurun tətbiq ediləcəyi xəstə ən azı 12 yaşında olmalıdır. Hollandiya Həkimlər Gildiyasından əməkdaşımızın sorğusuna verilmiş cavabda bildirilir ki, prosedur yalnız bu xəstənin əzablarının dözülməz, xəstəliyinin sağalmaz olması və həkimlərin də heç nə ilə yardım edə bilməmələri sübut edildikdən sonra həyata keçirilə bilər. Bu zaman pasiyentin təkrar razılığı mütləq şərt sayılır. Evtanaziya barədə qərarı ən azı iki həkim verməli, qərara şübhə yarandıqda isə məsələyə prokurorluq baxmalıdır.

Bundan başqa, evtanaziya prosedurunu həyata keçirəcək həkimlər tibb, hüquq və etika üzrə ekspertlər ibarət xüsusi komissiyanın nəzarətində saxlanır. "Evtanaziya" və ya "eytanaziya" kəlməsinin mənası yunan dilində "yaxşı ölüm" kimi səslənir. Oksford Ensiklopedik Lüğətində bildirilir ki, evtanaziya "sağalmaz və müalicəsi mümkünsüz xəstəliyə düçar olan, dözülməz ağrılar çəkən insanın dünyasını dəyişməklə bağlı təvəqqesinin mümkün qədər az ağrı ilə və ya ağrısız şəkildə gerçəkləşdirilməsidir. Evtanaziyanın beynəlxalq hüquqdakı təyinləri isə "sakit və asan ölüm", "bu ölüm üçün vasitələr" və "həmin ölümün həyata keçirilmə yolları"dır. Termini ilk dəfə ingilis alim Frensis Bekon 16-cı yüzildə işlədib.

Qərbdən fərqli olaraq, postsovet məkanı ölkələrdə evtanaziya yalnız şəhər və qəsəbələrdə sahibsiz ev heyvanlarının sayının azaldılması məqsədilə görülən tədbirlər kimi anlaşılırdı. MDB Psixoloqlar Assosiasiyasının eksperti Davib Qobua bildirir ki, evtanaziyanın iki növü var: "Onlardan biri passiv evtanaziyadır. Bu zaman həkimlər xəstəni həyatda saxlayan terapiyanı bilərəkdən dayandırırlar. İkinci növ isə aktiv evtanaziyadır ki, bu zaman xəstənin vücuduna onun tez və ağrısız ölümünə səbəb olan dərman preparatı vurulur. Aktiv evtanaziyaya həkimin yardımı ilə intihar da daxildir. Bu zaman xəstənin xahişi ilə ona həyatına son qoyan preparatlar verilir. Eyni zamanda könüllü və qeyri-könüllü evtanaziyaları da ayrıd etmək gərəkir. Könüllü evtanaziya xəstənin xahişi və ya onun əvvəlcədən verdiyi razılıq əsasında həyata keçirilir. Məsələn, ABŞ-da sağalmaz xəstə olduğunu bilən adamın əvvəlcədən, hüquqi baxımdan bitkin sənəd vasitəsilə həyatına son qoyulması xahişinin sənədləşdirilməsi təcrübəsi geniş yayılıb. Könüllü olmayan evtanaziya isə huşu başında olmayan, koma vəziyyətinə düşmüş xəstənin ailə üzvləri və ya qohumlarını razılığı ilə həyata keçirilir".

Katolik kilsəsi də ona qarşı çıxış edir

Avropa Şurasının Parlament Assambleyası hələ 2005-ci ildə hər hansı adamın istəyindən asılı olaraq insan həyatına son qoyulmasını pisləyən qətnamə qəbul edib. Ekspertlərin dediklərinə görə, pasiyent dözülməz ağrılar hiss edəndə, psixoloji cəhətdən "sınanda", narkotik və ağrıkəsici preparatların təsiri altında olanda evtanaziyaya qərar verir. Onun seçimi isə eqoizm və ya tam əksinə, ailə üzvləri ilə qohumlarını ona qulluq etmək məcburiyyətindən qurtarmaq istəyi ilə bağlı olur.

Qeyd edək ki, Belçika 2002-ci ildə dünyada Niderlanddan sonra ikinci dövlət olaraq evtanaziyanı leqallaşdırdı. Keçən ilin sonlarında isə Belçika senatı könüllü olaraq ölümcül xəstəliklərdən əzab çəkən uşaqların da həyatlarına son qoyulmasına icazə verən qanuna səs verdi. Qanuna əsasən, əgər uşaq əlacsız xəstədirsə, eləcə də ağrılardan əziyyət çəkirsə o, evtanziyaya məruz qala bilər. Sosioloji sorğunun nəticələrinə görə, belçikalıların çoxu qərarı dəstəkləyib. Katolik kilsəsi isə qanuna qarşı çıxış edir.

Evtanaziyanı psixiatrlar qəbul etmirlər. Azərbaycan Psixiatrlar Assosiasiyası hələ 1999-cu il Ümumdünya Psixiatrik Assosiasiyaya qoşulanda psixiatrların evtanaziyada iştirakını yasaqlayan bəyannaməni imzalayıb.

Evtanaziyadan danışanda erməni həkim Cek Qevorkyan xüsusilə xatırlanmalıdır. Belə ki, ABŞ-da "ölüm həkimi" ləqəbini qazanmış bu erməni evtanaziya yolu ilə 130 adamı "o dünyalıq" edib. Cek Qevorkyan bulvar qəzetlərinin birində belə bir elan vermişdi: "Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm". 130 amerikalı bu yolla öldürülüb. Təbii ki, ABŞ-ın həkim ictimaiyyəti Cek Qevorkyanın əməllərindən xəbər tutduqdan sonra onu həkimlikdən məhrum etdi. Ən dəhşətlisi odur ki, müstəqil araşdırmaçılar ermənin evtanaziya yolu ilə öldürdüyü insanların dörddə birinin heç də sağalmaz xəstəliklərdən əziyyət çəkmədiklərini müəyyənləşdiriblər. Belə çıxır, Cek Qevorkyan xəstəliklərindən məyusluğa düçar olmuş insanların dərdinə əlac tapmaq əvəzinə onları sadəcə öldürüb. Uzun sürən məhkəmə prosesi onun 25 il azadlıqdan məhrum olunmasıyla yekunlaşıb.

Azərbaycan evtanaziyanı qadağan edir. Belə ki, "Pasiyentin hüquqları haqqında" qanun layihəsinə əsasən, beyin ölümü faktının konstatasiyası zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilməlidir.

Dində evtanaziya intihar sayılır

İlahiyyatçı İsmayıl Əhmədov açıqlamasında tibbin inkişaf etdiyi dövrdə insanın sağalmaz xəstələrin əziyyət çəkməsinin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edilə biləcəyini deyir: "Ağrıkəsicilər, narkozlar, keyidici vasitələr var. Onlardan istifadə edib xəstənin kəskin ağrılarının qarşısını almaq, onları azaltmaq olar. Dövlət vətəndaşının qeydinə qalaraq, onu bu addımı atmağa qoymamalıdır". Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyinin başqalarına yoluxdurmaq riski varsa, istisna kimi bu addımı atmaq olar: "Amma evtanaziyanın kütləvi hal almasına qətiyyən yol vermək olmaz. Bu zamanda məsuliyyət onun yaxınlarının üzərinə düşür".

İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. İlahiyyatçının sözlərinə görə, evtanaziyaya hər necə don geyindirilsə belə, bu, intihar sayılır. İsmayıl Əhmədov belə bir insanı öldürənlərlə sağlam bir insanı öldürən arasında fərq qoymur: "Xəstəlik, çətinlik və acı hadisələr insanların sınanması, imtahanıdır. Quranda da "Allah səbr edənlərlədir", deyilir (Bəqərə, 2/153)".

Tibbi ekspert, tibb elmləri doktoru Adil Qeybulla da hesab edir ki, "ölüm haqqı" müzakirəyə açıq məsələdir: "Düzdür, Avropanin bir neçə ölkəsində bununla bağlı müsbət qərarlar qəbul olunub. Hesab edirəm ki, evtanaziyanı yalnız və yalnız peşəkarlığı yüksək səviyyədə olan, tam islahatlar keçirilmiş səhiyyədə tətbiq edilməsi daha məqsədəuyğundur".

Səhiyyə islahatları başa çatmamış, mülkiyyət formaları tam formalaşmamış, icbari sığorta sistemi axsayan ölkələrdə isə evtanaziyanın tədbiqi problemlər yarada bilər. Məhz buna görə də Adil Qeybulla səhiyyə islahatları başa çatmadan evtanaziya məsələsinin Azərbaycanda müzakirəsini tez və yanlış hesab edir.

Evtanaziya azərbaycanalıların psixologiyasına ziddir

Tibb eksperti xaricdə xostislər - yəni xüsusi təyinatlı xəstəxanaların olduğunu, belə müəssisələrdə ağır, müalicəsi olmayan xəstələrin saxlandığını və onların ömrünün sonuna qədər orada qaldıqlarını bildirir. Belə xəstəxanalarda fəaliyyət göstərən yüksək peşəkarlığa malik tibbi personal var. Onlar xəstələrə lazım olan ağrıkəsicilər, dərmanlar verir, tədbirlər görürlər ki, həyatlarının qalan hissəsinin keyfiyyətini nisbətən yaxşılaşdırsınlar. Adil Qeybullanın bildirdiyinə görə, azərbaycanlıların psixologiyası evtanaziyanı qəbul etmir. Belə ki, mənəvi, mentalitet, psixologiyadan irəli gələn məsələlər həllini tapmayana kimi adıçəkilən məsələnin tədbiqinin xeyli anormallıqlar yarada biləcəyini deyir. Bu həlli və tətbiqi elə də asan olan məsələ deyil. "Evtanaziyanın həyata keçirilməsi üçün xeyli mexanizm və sistemlər lazımdır" - deyə elmlər doktoru qeyd edib.

Psixoloq Dəyanət Rzayev evtanaziyanın normal proses olduğunu hesab edir: "Biri var ki, insan özünü öldürür, biri var ki, kimsə onun istəyi ilə onun öz həyatına son qoyur. Mən düşünürəm ki, evtanaziya azərbaycanalıların psixologiyasına ziddir və yaxın 50 il ərzində onu reallaşdırmaq mümkün olmayacaq".

Psixoloq tamamilə əmindir ki, Azərbaycanda evtanaziyaya rəsmi icazə verilsə və belə klinikalar yaradılsa da, heç bir azərbaycanlı ora müraciət etməyəcək: "Kimsə evtanaziya olmaq istəsə belə buna onun yaxınları imkan verməyəcək. Biz müşahidə etmişik ki, bəzən yaxınları can üstündə olan xəstənin üstünə həkim gətirirlər ki, onun ömrünü heç olmasa bir neçə saat uzatsınlar. Biz azərbaycanlılar öz yaxınlarımızdan ayrılmaq istəmirik".

baymedia.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm