Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI
Bizi izləyin

Bilgi.az

Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. "Milli Məclisin ağlamalı gülməcələri" adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:

BİR SUALIN GÜCÜ

"Tarix və mədəniyyət abidələri haqqında" Qanun layihəsinin müzakirəsi günü Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev fasilədə spiker Murtuz Ələsgərovun qəbuluna gəlir və onu başa salmağa çalışır ki, elə arxitektura abidələri var ki, onları özəlləşdirməyi qadağan etmək olmaz. Onun təxminən 1 saatlıq monoloqundan sonra Murtuz müəllim şübhə ilə soruşur:

- Deməli, sən Nəriman Nərimanovun heykəlini özəlləşdirmək istəyirsən?

S. Mirzəyev bundan sonra istənilən arqumentin faydasız olacağından duyuq düşüb - Murtuz müəllim, sizin elə bircə bu sualınız məni inandırdı ki, bu sahədə özəlləşdirmə dövlət üçün olduqca zərərlidir və mən hətta deyərdim ki, təhlükəlidir, - deyib otaqdan çıxır.

Söylənənə görə, bəzən diskussiyada sadə bir sualın da həlledici rol oynaya bilməsini əsaslandırmaq üçün M.Ələsgərov bu əhvalatı xeyirdə-şərdə ara-sıra danışarmış.

HƏYATIN QƏRİBƏLİKLƏRİ SİLSİLƏSİNDƏN

"Mətbuat haqqında" Qanunun 2-ci fəslində 15-ci maddə vardı və həmin maddədən belə çıxırdı ki, qəzetçilər nəfəs almaq üçün də lisenziya almalıdırlar. Əleyhinə ha danışırdılar, xeyri olmurdu, çünki Murtuz müəllim fəsli bütövlükdə səsə qoyacaqdı. Səsvermə maddələr üzrə keçirilsəydi, iş bəlkə də düzələrdi. Növbə mənə çatdı:

- Murtuz müəllim, 2-ci fəslin əksər maddələri çox gözəl yazılıb. Amma indi mən nə edim, tək bir 15-ci maddəyə görə bütün fəslin əleyhinə səs verim?

Murtuz müəllim həmişə çətinə düşəndə olduğu kimi, Arif Rəhimzadə ilə məsləhətləşməyə girişdi. Düşündüm ki, Arif müəllim də həmişəki kimi "fikir vermə, işində ol" deyir.

- Murtuz müəllim, -dedim, - Arif müəllimin Sizə nə məsləhət verdiyini bilmirəm, amma bilirəm ki, nə deyirsə, səhv deyir.

- Arif müəllim deyir ki, 2-ci fəsli maddə-maddə səsə qoymaq lazımdır.

- Doğrudan? Arif müəllimdən çıxmayan iş, nə qədər qəribə də olsa, bu dəfə düz məsləhət veribmiş, -dedim və Arif müəllim başda olmaqla hamı gülüşdü. 15-ci maddə Qanundan belə çıxarıldı.

KONSPİRATİV HÖRMƏT

ABŞ-dan qayıtdıqdan sonra Milli Məclisə ilk gəlişim idi. Kərim Kərimov guya məndən narazılığını ifadə etməkçün, amma əslində öz "iqtidarçı sədaqətini" ətrafdakılara nümayiş etdirməkdən ötrü arxaya döndü:

- Hə nooldu, getdin amerkannarın yanında məmləkəti biyabır elədin? Siz müxalifətin əlinnən başqa nə gəlir ki?! Və sair.
Gördüm ki, ciddi mübahisə yeri deyil:

- Əşi ollar heç e, Kərim müəllim, əsas məsələ başqadı. Sonra yadıma sal, deyim.

- Bah! Nə deyəcəksən?! Nə sözün var, indi de. Mənim camaatdan sirrim-zadım yoxdu. Bir az "yox, indi yox, sonra deyərəm"dən sonra:

- De deyirsən, deyim də. Rəsul Quliyev sənə salam göndərdi.
Yan-yörəmizdəki YAP-çılar Kərim müəllimə "hücum" çəkdilər. Eldar Sabiroğlu xüsusi məzələndi:

- Ahaaa! İşin üstü açıldı. Mən həmişə bilirdim ki, bu Kərim Kərimov səkkiz yerə işdiyir.
Kərim müəllim qıpqırmızı qızardı, gah sağa, gah sola dönüb "vallah, boş sözdü" dedi. İki dəqiqə əvvəl mənə söylədikləri nəinki ətrafdakıların, lap özünün də yadından çıxdı.

Burada əhvalat qurtarardı, amma... Amma iki gün sonra Kərim müəllim məni Milli Məclisin dəhlizində saxlayıb pıçıltı ilə:

- Sənə sözüm var, -dedi və məni bir qırağa çəkib, oğrun-oğrun ətrafa göz gəzdirdikdən sonra:

- Doğrudan mənə salam göndərdi?, -soruşdu.

- Kim?

- O.

- Kim e? - əhvalat tamam yadımdan çıxıb.

Bir də ətrafa göz gəzdirdi. Eşidilməz dərəcədə yavaş bir pıçıltı ilə:

- Rəsul Quliyev də.
Söhbət indi yadıma düşdü:

- Hə, əlbəttə, sənnən zarafatım var?! Bu dəfə qalib görkəmi aldı:

- Görürsən? Azdan-çoxdan bizim də hörmətimiz var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm