“O erməni “Xocalı”ya görə Azərbaycandan üzr istədi”
Bizi izləyin

Bilgi.az

“O erməni “Xocalı”ya görə Azərbaycandan üzr istədi”

Kult.az "Başı dumanlı" layihəsində Qafar Çaxmaqlının Şuşa haqda xatirələrini təqdim edir.

Öncə demək lazımdır ki, Şuşa Qarabağın dağlıq hissəsində yerləşən mədəni mərkəzlərdən biri olub. Şuşa bizim öyünəcəyimiz, qürur duyacağımız mədəni bir mərkəzdir. Şübhəsiz ki, Sovet dövründə biz hamımız can atırdıq ki, Şuşanı görək.

Mən Şuşada cəmi üç dəfə olmuşam. Təxminən, 1982-ci ildə ilk dəfə Şuşaya getdim. Biz əvvəl Dağlıq Qarabağın Ağdərə, Xocavənd rayonlarında olduq və orda müəyyən görüşlərimiz baş tutdu. Yaxşı xatırlayıram ki, məşhur Azərbaycan bəstəkarı Əziz Əzizov vardı, Şuşaya ilk dəfə onunla birlikdə getdim. Mədəniyyət Nazirliyinin xətti ilə Şuşada özfəaliyyət dərnəklərinin fəaliyyəti ilə bağlı müəyyən yoxlamalar aparmalı idik.

Şübhəsiz ki, digər adamlar kimi, ilk dəfə Şuşanı görəndə mən də heyran qaldım. Bu şəhərin mənzərəsinə baxmaq, gözəlliyindən doymaq olmurdu. Şuşa indi də mənim gözümün qabağındadır. Şuşanın itirilməsi qədər mənə təsir eləyən ikinci bir hadisə olmayıb. Mən Şuşada Cıdır düzündə də olmuşam. O yolları yaxşı tanıyıram. Düşünürəm ki, bəlkə də, o yolda beş-on nəfər əli avtomatlı olsaydı, Şuşanı qoruya bilərdi. Mənim bu məsələdə işim yoxdur, oradakı xatirələrimi danışmaq daha əsasdır.

1982-ci il Şuşa səfərində biz ordakı mədəniyyət işçiləri ilə görüşdük. Dağlıq Qarabağda yaşayan ermənilərin də mədəniyyət xadimləri o görüşdə iştirak eləyirdi. Düzü, bilmirdilər ki, mən ermənicə bilirəm. Onlardan istəyirdik ki, özfəaliyyət kollektivlərinin siyahısını bizə versinlər. Məqsədimiz orda kimlərin əsərləri ifa olunduğunu bilmək idi. Onlar siyahını bizə ermənicə təqdim eləmişdilər. Mən soruşurdum ki, bu, kimin əsəridir? Deyirdilər, Baxtın əsəridi. Və yaxud, deyirdim, bu kimdi? Deyirdilər, Motsartdı. Halbuki siyahıda Harutinyan, Balasalıyan və s. yazılmışdı.

Yəni o dövrdə ermənilər bizi belə aldadırdılar. Bunun da əhəmiyyəti ondan ibarət idi ki, ermənilər özlərini yetişdirirdilər. Azərbaycanı qətiyyən yaxın qoymurdular. Özfəaliyyət dərnəklərinə öz müəlliflərini yazırdılar, ancaq bizə deyirdilər ki, bu, Qara Qarayevin əsəridir, bu, Üzeyir Hacıbəyovun əsəridir. Mən də ermənicə oxuyurdum, görürdüm ki, bunun hamısı yandı, Üzeyir Hacıbəyov, Qara Qarayev deyil.

Məqsəd də ondan ibarət idi ki, ermənilər xalqı öz mədəniyyətləri, öz musiqilər ruhunda böyüdürdülər və formalaşdırırdılar. Özfəaliyyət kollektivlərindən öz məqsədləri üçün istifadə edirdilər. Biz bunu o vaxt aşkarladıq, Mədəniyyət Nazirliyinə arayış da verildi ki, vəziyyət belədir. Deyim ki, bu mövzuda Dağlıq Qarabağın mərkəzi Xankəndidə də görüşlərimiz olmuşdu.

İkinci dəfə Şuşada 1986-cı ildə olmuşam. Ermənicə "Komunnist" qəzetində işləyirdim, Şuşaya ezamiyyətə getdim. Onda da Şuşada iki gün qaldıq. Orda çoxlu dostlarım vardı, onlarla bir arada olduq. O dostlarla bizim çoxlu söhbətlərimiz oldu. İndi "Günəş" jurnalının redaktoru Vasif Quliyevin Şuşada qohumları vardı, onlar da gəlib bizimlə görüşdülər. İki gün Şuşada çox gözəl keçdi.

Üçüncü dəfə Şuşaya artıq işğaldan sonra getmişəm. 2001-ci ildə ATƏT-in xətti ilə bir qrup jurnalist Dağlıq Qarabağa səfər eləmişik. Azərbaycandan, təxminən, on iki nəfər jurnalist idi. Televiziya çəkilişləri də vardı. Mənim də yer aldığım heyətlə birlikdə Şuşada bir neçə görüş keçirdik.

Təxminən,oktyabr ayı idi, yaxşı yadımdadır, yağış da yağırdı. Şuşa elə bil ki, sönmüşdü. Biz Şuşa məscidinə getdik, mən ordan torpaq gətirdim. O torpağı Bakıdakı Şuşalılara payladıq. Dağıdılmış "Gövhər ağa" məscidində çoxlu şəkillər çəkdirdik. Orda çəkdirdiyimiz şəkillər indiyə qədər məndə qalır. Hər dəfə baxanda çox qəribə hisslər keçirirəm.

Biz 2001-ci ildə Şuşaya Ermənistandan gəldik. Şuşaya çatanda ermənilər öz çirkin planlarını həyata keçirməyə çalışdılar. Belə bir şey elədilər ki, guya Şuşada yaşayış var. Və guya həmin gün Şuşada bir neçə toy da oldu. Şuşada bir erməni kilsəsi tikiblər. Biz gedəndə o kilsənin ətrafına adamlar toplamışdılar. Nədi-nədi Azərbaycandan gələn jurnalistlər avtobusdan enəndə görsünlər ki, burda çoxlu adam toplanıb. Guya gəlin-bəy gəliblər, öz adətləri ilə toy eləyirlər. Bir sözlə, guya burda yaşayış var. Bunu ATƏT nümayəndələrinə də göstərmək istəyirdilər. Dağlıq Qarabağdakı separatçı qurumun xarici işlər naziri Karen Mirzoyan da bizimlə idi. Bu, Dağlıq Qarabağın Ermənistan təmsilçisi idi.

Yenə deyirəm, mən müəyyən dövrdə – 1989-cu ilə qədər ermənicə "Kommunist" qəzetində işləmişəm və Dağlıq Qarabağda bizim müxbir postumuz var idi. Təmsilçimiz də fəaliyyət göstəririrdi. Həmin müxbir postunda olan adamı indi də xatırlayıram, Ararat Barseriyan adlı bir erməni idi. Bir növ kəndli müxbiri kimi bizə yazılar yazıb göndərirdi.

O zaman bir maraqlı hadisə də baş verdi. Mən avtobusdan düşəndə gördüm ki, Ararat Barseriyan da ordadı. Və belə bir şey oldu ki, burdan gedəndə ermənicə bildiyimi heç kimə deməmişdim. İstəmirdim bilsinlər ki, mən ermənicə bilirəm. Gördüm ki, Ararat Barseriyan məni gördü. Mənə tərəf gəldi. Üzümü yan tərəfə çevirdim, olmadı. Gəlib ermənicə dedi ki, Qafar sənsən? Dedim, sən nə danışırsan, Qafar kimdi? Sonra azərbaycanca qayıtdı ki, sən nə danışırsan, biz tonlarla köçək kəsmişik, necə yəni sən Qafar deyilsən?!

Məcbur olub etiraf elədim, dedim ki, hə, mənəm, Qafaram. Hal-əhval tutduq. Soruşdum ki, vəziyyət necədi? Ararat Barseriyan dedi ki, bütün sənin tanıdığın adamlar Xankəndidə hökumətin başındadılar.

Sonra biz üç gün Xankəndidə qaldıq. Orda bir fransız ermənisinin tikdirdiyi oteldə qaldıq. Doğrudan da, gördüm ki, o zaman jurnalistikada olan adamların bir çoxu seperatçı hökumətin başındadı. Onlardan biri də o vaxtkı seperatçı qrupum prezidenti Arkatik Quqarsiyandı.

Arkatik Quqarsiyanla görüş zamanı o mənə rusca dedi ki, sən məni tanıyırsan? Dedim, yox, tanımıram. Doğrudan da, tanımırdım. Amma sonra yadıma saldım ki, rusca "Savetski Qarabağ" adında bir qəzet vardı, o zaman Arkatik Quqarsiyan həmin qəzetinin redaktor müavini idi. İnformasiya idarəsinin rəsisi vardı, Aleksandır Qriqaryan. AZərtacın Dağlıq Qarabağ üzrə təmsilçisi idi, onunla da görüşdük. Gündəlik söhbətlərimizdə dəfələrlə söylədik ki, siz bizə tabel olmalısınız. Çünki bura bizim ərazimizdi. Siz tabe olsanız, biz sizə aministiya çıxarda bilərik. Bir sözlə, hər şey eləyərik.

Onlar həmin dövrdə – 2001-ci ildə gözləyirdilər və deyirdilər ki, Azərbaycan bizə sahib dursun. Hətta onların aralarında bu sözü dilə gətirənlər olurdu. Jurnalistlər deyirdi ki, Ermənistandan gələn adamlar bizi sərbəst fikrimizi bildirməyə qoymurlar, sərbəst hərəkət eləməyə imkan vermirlər. Biz boğuluruq və bu şəraitdə yaşaya bilmirik. Düzdü, diaspora bizə yardım eləyir, amma məsələn, biz Şuşada yaşayan bir erməni kimi burdan çıxa bilmərik, tutaq ki, gedib Rusiyada yaşaya bilmərik. Və yaxud, başqa bir yerə köçə bilmərik. Çünki bizi burdan qeydiyyatdan çıxarmırlar. Biz ifadə özgürlüyünü, sərbəstliyi əlimizdən vermişik. Azərbaycan bizə yiyə dursa, çox sevinərik. Bunları erməni jurnalisti deyirdi.

Həmin adam mənə onu da dedi ki, siz Kareni (Azərbaycan aeroportunda bir erməni jurnalistini bizimkilər şillə ilə vurmuşdu, həmin Kareni nəzərdə tuturdu) niyə vurdunuz? Karen yeganə adamdır ki, Xocalıya görə Azərbaycandan üzr istəmişdi. Siz gərək Kareni öpüb gözünüzün üstünə qoyardınız.

2001-ci ildə bizim Şuşaya səfərimizdə "Ayna" qəzetində işləyən İsmayıl Umudlu, Xalid Niyazov, Üzeyir Cəfərov, ANS-in xəbərlər xidmətinin rəhbəri Murad və digərləri də iştirak eləyirdi. Bu səfər çox maraqlı bir səfər idi və biz heç vaxt Şuşanı belə görməmişdik. Şuşa tamamilə solmuşdu.

Mən orda bir söz də işlətmişdim ki, Şuşanı qızdırmaq üçün bura Azərbaycan və azərbaycanlı nəfəsi lazımdı. Azərbaycanlı nəfəsi olmasa, Şuşa həmişə soyuq, dumanlı və miskin bir vəziyyətdə olacaq.

Bir sözlə, Şuşa həmin Şuşa deyildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm