2 yaşlı rəssam, 7 yaşlı cərrah – dünyanın ən məşhur uşaqları – FOTOLAR
Bizi izləyin

Bilgi.az

2 yaşlı rəssam, 7 yaşlı cərrah – dünyanın ən məşhur uşaqları – FOTOLAR

Vunderkindlər - qeyri-adi istedada malik uşaqlar dünyanın çox az ölkəsində yaşayır. Qeyri-adi bacarıqları, intellektləri ilə həmyaşlarından fərqlənən azyaşlılar çox erkən yaşlarında parlayırlar. Bu cür istedad həmin uşaqlarda bəzən 1-2 yaşda üzə çıxır. Həmin səbəbdən onlar dərhal məşhurlaşırlar. Aralarında elələrinə rast gəlinir ki, hətta uşaq, yeniyetmə yaşlarında belə universitetə daxil olur, dissertasiya müdafiə edir, yaxud yaşlarının az olmasına baxmayaraq, cərrahiyyə əməliyyatları aparırlar.

Publika.az dünyanın ən məşhur vunderkindlərinin siyahısını təqdim edir:

8 yaşında 11 rəqibə qalib gələn dahi

Samuel Reşevskiy – XX əsrin ən məşhur vunderkindlərindəndir. 4 yaşında şahmat oynamağı öyrənən Samuel artıq 8 yaşında şahmat yarışlarında iştirak edir, özündən 40-50 il böyük təcrübəli rəqiblərini məğlub edirdi. Bir çox güclü rəqiblərini arxada qoyan, beynəlxalq yarışların qalibi seçilən qrossmeyster 1936, 1944, 1946-cı ildən 1948-ci ilədək, habelə 1969-cu ildən 1972-ci ilədək ABŞ çempionu olub. 8 yaşında eyni anda bir neçə nəfərlə şahmat oynayıb qalib gəlmək bacarığını ortaya qoymaqla qeyri-adi istedadını nümayiş etdirdi.

4 yaşında Homeri oxuyan azyaşlı

Uilyam Ceyms Saydis haqqında söyləyəcəyimiz faktlar sizə inandırıcı görünməyəcək. Amma fakt faktlığında qalır. O, həyatının birinci ilində gələcək istedadını ortaya qoydu. Bir yaşı yenicə tamam olmuş körpə yazmağı öyrənmişdi. Dörd yaşında qədim yunan şairi Homerin əsərlərini orijinalda oxuyurdu. 4-8 yaş arasında 4 kitabın müəllifi idi. 7 yaşı tamam olduqdan sonra anatomiya üzrə Harvard Tibb Məktəbinə imtahan verdi. O, bundan bir il sonra ingilis, latın, yunan, rus, yəhudi, fransız dillərində sərbəst danışırdı. Yetkinlik yaşlarında artıq 40 dildə danışırdı. 11 yaşında Harvard Universitetinə daxil olan Uilyam Ceyms Saydis tezliklə riyaziyyat klubunda mühazirə oxuyurdu. O, universiteti 16 yaşında əla qiymətlərlə bitirdi.

5 yaşında 7 dildə danışan uşaq

Koreyalı Kim Un Yon 4 yaşında yapon, alman və ingilis dillərində sərbəst danışırdı. O, Ginnesin "Rekordlar" kitabında dünyanın ən savadlı adamı sayılır. O, 1967-ci ildə 4 yaşında Yaponiyanın Fuji TV şirkətinə işə qəbul olunub. 5 yaşında Yaponiyada verilişə dəvət olunan Kim Un Yon artıq efirdə ispan, Çin, Vyetnam, Filippin dillərində sərbəst danışırdı. O, 3 yaş 6 aylığında Hanyanq Universitetinin tələbəsi idi. ABŞ-ın Milli Kosmik Agentliyi NASA dərhal bu intellektlə maraqlanmağa başladı. Kim Un Yon 7 yaşında NASA-da iş təklifi aldı. O, burada 15 yaşına qədər çalışdı və Kolorado Dövlət Universitetinin fizika elmləri doktoru adını aldı.

Dünyanın ən gənc universitet məzunları

Maykl Kevin Kirni ABŞ-da kollecdə 17 yaşında mühazirə deməklə rekorda imza atıb. İlk sözlərini 4 aylığında deyən Mayklın gələcəyin dahilərindən olacağını valideynləri də vaxtında seziblər. 4 yaşında ikən Con Hopkinsin diaqnoz testindən keçən uşaq yüksək bala layiq görülüb. Təhsildəki fərqlənməyə görə orta məktəbi 6 yaşında bitirən Maykl Kevin 10 yaşında universiteti bitirib və ən gənc məzun kimi Ginnesin "Rekordlar" kitabına düşüb.

Bu siyahıya Qriqori Smiti də əlavə etmək olar. 1900-cü ildə anadan olmuş Qriqori artıq 2 yaşında oxumağı bacarırdı. Bu səbəbdən istedadı ona 10 yaşında universitetə daxil olmağa imkan verdi. Bütün dünyada uşaqların müdafiəçisi kimi tanınan Nobel mükafatı laureatı Qriqori Smit ayrı-ayrı ölkələrə səyahətə çıxaraq Beynəlxalq Gənclik Vəkilliyi hərəkatının əsasını qoydu.

Ən gənc cərrah və musiqiçilər

Akrit Yasval dünya tarixinə ən gənc cərrah kimi düşüb. Cəmi 7 yaşı olan bu oğlan Hindistanda doğulub. 2000-ci ildə özünün ilk cərrahiyyə əməliyyatını həyata keçirib. Əlləri yanmış 8 yaşlı uşağın üzərində həyata keçirilən əməliyyat uğurla nəticələnib. Bundan sonra "Chandigarh" Kollecinə oxumağa gedən Akrit Yasval Hindistanın ən gənc tələbəsi adını alıb.

2002-ci ildə Kişinyov şəhərində musiqiçi Pavla Stratanın ailəsində dünyaya gələn Kleopatra Stratan isə dünyanın ən gənc ifaçısı sayıla bilər. "3 yaşına" adlı musiqi albomu ilə səhnəyə çıxmış Kleopatra düz 2 saatlıq proqramla çıxış etmiş, bir dəqiqə də olsa yorulmamışdı. O, səhnəyə çıxdığına görə 1000 avro pul almışdı.

Direktorun diqqətini cəlb edən azyaşlı

İki yaşlı Aelita Andre dünyanın ən gənc rəssamı kimi tarixə düşüb. Müxtəlif cür peyzajlar, abstrakt fotolar çəkən Aelitanın istedadı Melburnda "Brunswick Street Gallery"nin direktorunun diqqətini cəlb edib. Direktor iki yaşlı uşağın özünün hər il keçirdiyi sərgidə iştirakına razılıq verib. Sərgiyə marağın çoxalması ilə "Brunswick Street Gallery"in direktoru 2 yaşlı Aelitanın istedadının insanların diqqətini cəlb etməsindən təəccübünü gizlədə bilməyib.

Ən gənc tibb mütəxəssisi

1977-ci ildə dünyaya gəlmiş Balamurali Ambati tarixə dünyanın ən gənc tibb mütəxəssisi kimi düşüb. 13 yaşında tibb məktəbini bitirən Balamuri 17 yaşında ali təhsilini başa vurub. Lakin bununla kifayətlənməyərək daha 4 il daxili müalicə üzrə kurs keçib.

Yeri gəlmişkən, bu siyahıya digər vunderkindləri əlavə etmək olar.

Ziyalı ailəsində anadan olan Anjela Knyazeva (1986-cı ildə doğulub) və Diana Knyazeva (1987-ci il təvəllüdlü) bacıları Rusiyanın populyar vunderkindləridir. Bacılar 11 və 10 yaşlarında orta məktəbi bitiriblər. 14 və 13 yaşlarında ali təhsillərini başa vuraraq iqtisadiyyat üzrə qırmızı diplom alıblar.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm