• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Bakıda 24 yaşlı oğlan dostunu vəhşicəsinə öldürdü - Səbəbi HƏR KƏSİ ŞOKA SALACAQ

  • Kriminal
  • 2 Fevral 2019 14:38
  • 5 560 Baxış
Bakıda 24 yaşlı oğlan dostunu vəhşicəsinə öldürdü - Səbəbi HƏR KƏSİ ŞOKA SALACAQ

Bakıda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Amal Zülfüqarov 6 avqust 2017-ci il tarixdə tanışları Samir, Əli (cinayət işində adı keçən şəxslərin ad və soyad şərti verilib – red) və digər dostları ilə birlikdə Xaçmaz rayonu, Nabran qəsəbəsində fəaliyyət göstərən “Atlant” istirahət mərkəzində olarkən Qismət Məmmədlinin kinayəli formada ona baxmasını görüb.

“Atlant”da başlayan dava

Bu səbəbdən onların aralarında mübahisə yaranıb, sonrakı günlərdə Qismətin onun Almaniyada yaşayan bacısı İradə ilə telefonla yazışdığını güman edib. Heç bir əsaslı səbəb olmadan Qisməti öldürmək qərarına gəlib.

Bu məqsədlə Amal 15 avqust 2017-ci il tarixdə, saat 02 radələrində Qismətin tanışı Fətixan ilə birlikdə Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Bakı-Ələt yolunun 35-ci kilometrliyində yerləşən “Play Station” kafesində olduğunu öyrənib.

Kafedə söhbət

Amal dostu Samir ilə birlikdə həmin kafeyə gedib. O, salamlaşdıqdan sonra Fətixan və Qismət ilə birgə olan masada əyləşiblər. O, 6-cı masada oyun oynamalarından, Qismətin başının qarışmasından və həmin anda ona qarşı müqavimət göstərmək imkanıın olmamasından istifadə edib onun sinəsindən bıçaqlayıb.

Mübahisə və dava

Bu zaman Fətixan və Samir onları aralaşdırmaq istəyib. Qismət onun əlindən çıxıb və kafenin girişdən sol tərəfində vitrin soyuducuya söykənib.

Həmin vaxt Amal Fətixan və Samirin əlindən çıxaraq Qismətin boğazından yapışaraq onu bir neçə dəfə bıçaqlayıb.

Həmin vaxt qeyd olunan kafeni işlədən Tələt Hüseynli və müştəri qismində kafedə olan Haldun Abuzərli Amalı arxadan tutaraq kənara çəkmək istəyib.

Qətl

Amal əlindəki bıçaqla Tələt və Abuzəri də vurub. Hər iki şəxs yüngül dərəcəli bədən xəsarəti alıb. Hadisə zamanı Qismət boğazından aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

4 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Amal Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

“Bu hərəkəti xoşuma gəlmədi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amal Zülfüqarov bildirib ki, 2017-ci ilin avqustun 4-5-də İsmət, Nicat, Samir və Fətixan Xaçmaz rayonu Nabran qəsəbəsində “Atlant” istirahət mərkəzinin ərazisində rəqs meydançasına baxarkən Qismətin pis baxışlarla ona baxdığını görüb və ondan nəyə görə belə baxdığını soruşub: “Mənə nalayiq ifadə işlədərək yaxşı etdiyini və “bura qardaşlıq stolu deyil, sən də qardaş deyilsən” cavabını verdi. Bu söhbət mənə çox pis təsir etdi. Buna görə aramızda mübahisə yarandı. Həmin vaxt yanımızda olan yuxarıda adlarını çəkdiyim dostlar aramıza girərək məni yox, Qisməti sakitləşdirməyə çalışırdılar. Onların bu hərəkəti də mənim xoşuma gəlmədi”.

“Məndən qorxduğunu hiss edirdim”

Təqsirləndirilən qeyd edib ki, səhv Qismətdə olduğuna görə yanındakılar onu sakitləşdirməli idilər: “Bakıya qayıdandan sonra Qismətlə münasibətlərimi kəsdim. Lakin qəlbimin dərinliklərində onun məndən üzr istəyəcəyini gözləyirdim. Həmin ərəfələrdə Qobustan qəsəbəsində fəaliyyət göstərən adını bilmədiyim idman salonunda mən Qismətlə üz-üzə gəlsəm də, o, mənə salam vermədi. Qismətin də məndən qorxduğunu və mənimlə tək qalmaqdan çəkindiyini hiss edirdim”.

“Səsindən tutdum ki, məndən çəkinir”

Amal Zülfüqarov qeyd edib ki, Qismətlə aralarında olan soyuq münasibətə görə dostları Nicat, Samir, Fətixan onunla mütəmadi olaraq əlaqə saxlayaraq görüşməyimizi və barışmağımızı istəyirdilər: “Mən isə onlara Qismətin böyük səhv etdiyini və buna görə cavab verməli olduğunu söyləmişdim. 2017-ci ilin avqustun 10-da Qismət öz nömrəsindən mənə zəng edərək, bir saatdan sonra görüşmək istədiyini bildirdi. Mən onun səsindən tutdum ki, o özünə güvənmir və məndən çəkinir. Mən isə qətiyyətlə bir saatdan sonra yox, axşam görüşəcəyimizi dedim”.

“Təkbətək söhbət etməyimizi istədi”

Amal Zülfüqarov bildirib ki, həmin gün Qobustan qəsəbəsində fəaliyyət göstərən idman zalına gedib: “Saat 21 radələri olardı mən idman zalında Qisməti gördüm. Lakin, onunla salamlaşmadım, idman zalından çıxandan sona bibim oğlu Orxan idarə etdiyi “Mersedes C klass”la məhləyə gətirdi. Artıq saat 23 olardı. Qismət təkbətək söhbət etməyimizi istədi. Lakin, mən onunla razılaşmadım və yuxarıda adlarını çəkdiyim bütün dostlarıma zəng edərək çağırdım. Biz Qobustan qəsəbəsində Elmir adlı şəxsin işlətdiyi kafedə oturduq. Söhbət əsnasında Qismətə bildirdim ki, əgər səhv etmisənsə, buna görə cavab verməlisən. Sözlərimlə və hərəkətimlə ona bildirmək istəyirdim ki, etdiyi əmələ görə onu cəzalandıracam, yəni öldürəcəm”.

“Qismət mənə qarşı pis hərəkət edib”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa söhbət əsnasında Qismətdən xoşu gəlmədiyini nümayiş etdirib: “Çünki Qismət mənə qarşı pis hərəkət edib. Qismət isə söhbəti malalayaraq şirinliyə, qardaşlığa çəkmək istəyirdi. Yekunda uşaqlar öpüşüb-barışmağımızı istədi. Mən onunla ancaq əl ilə görüşdüm. Bu görüşdən sonra Qisməti bir neçə dəfə gördüm, lakin o hər dəfə mənimlə kinayəli danışırdı, məni qıcıqlandırırdı. Qismətin bu hərəkətləri onu öldürmək fikrimi qətiləşdirdi. Bu haqda həmin ərəfələrdə Qismətlə görüşəndə özünə demişdim”.

Cəza 19 ildən 14 ilədək endirildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amal Zülfüqarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Amal Zülfüqarov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Amal Zülfüqarovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası yekun qərarında Amal Zülfüqarovun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib. Onun cəzası 14 ilə endirilib.

Prokuror şikayət etdi, iş yenidən araşdırılacaq

Bu qərardan prokuror narazı qalıb və kasasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, Amal Zülfüqarovun cəzasının ağırlaşdırılması ilə bağlı işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti üzrə qərar açıqlanıb.

Amal Zülfüqarovun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. Cinayət işinin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Yaxın günlərdə bu iş üzrə yenidən araşdırma başlanacaq.

İlkin

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR