Ağır qəza törədən mikroavtobus sürücüsü həbs edildi
Bizi izləyin

Kriminal

Ağır qəza törədən mikroavtobus sürücüsü həbs edildi

Salyanda ağır qəza törətmiş mikroavtobus sürücüsü həbs edilib.

Publika.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu ərazisində Anar Abbasovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Ford” markalı 15-BS-013 dövlət nömrə nişanlı mikroavtobus ilə Elnur Allahverdiyevin idarə etdiyi “Mercedes Benz” markalı 90-LZ-187 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində Məmmədqulu Soltanov və Xumnaz Zeynalovanın zərər çəkməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Aprelin 27-də M.Soltanovun aldığı xəsarətlərdən vəfat etməsi ilə əlaqədar cinayət işi həmin Məcəllənin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin A.Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

A.Abbasov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm