İnzibatçı bara gələn müştərini döyərək öldürdü – Bakıda ŞOK OLAY
Bizi izləyin

Kriminal

İnzibatçı bara gələn müştərini döyərək öldürdü – Bakıda ŞOK OLAY

Bakıda qətl törətməkdə təqsirli bilinən Qazax rayon sakini, 1977-ci il təvəllüdlü Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, 24 mart 2017-ci il tarixdə, saat 16 radələrində Nəsimi rayonu, Bülbül prospekti 39 ünvanında yerləşən “Doremi” musiqi klubuna Telman Məmmədov və dostu Rahil Məlikov əylənməyə gəlib.

Barda başlayan mübahisə

Barda əylənən Telman Məmmədov və Rahil Məlikov bir qədər spirtli içki qəbul ediblər. Spirtli içki qəbul etdikdən sonra Telman Məmmədov çılğın formada əylənib, barın qarşısında olan stulu yerindən qaldıraraq göydə fırladıb.

Barın inzibatçısı olan Fərhad Musayev isə onun bu hərəkətlərinə öz iradın bildirib. Bu səbəbdən Fərhad Musayevlə Telman Məmmədovun atasında mübahisə yarınıb.

Dəhlizdə dava

Mübahisəni davam etdirmək üçün onların hər ikisi gecə klubun tualeti olan istiqamətdə dəhlizə keçiblər. Burada sərxoş vəziyyətində olan Telman Məmmədovla Fərhad Musayevin arasında mübahisə daha da böyüyüb.

Nəticədə Fərhad Musayev Telman Məmmədovun üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub. Sonuncu həmin zərbədən arxası üstə yerə yıxılıb.

Barda döyüldü, dostunun evində öldü

Telman Məmmədovun başı metlaq döşəməyə dəyməsi nəticədə başın alın və ənsə nahiyələrinin dəri örtüyünün iç səthinə qansızmalar əmələ gəlib.

Rahil Məlikov xəsarət alan Telman Məmmədovu yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində olan evinə gətirib. Ertəsi gün, saat 6 radələrində Telman Məmmədov aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Fərhad Musayevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

“Onların narkotikin təsiri altında olduqlarını hiss etmişəm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad Musayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, 2004-cü ildən Bül-bül prospektində yerləşən “Doremi” klubunda nəzarətçi işləyib: “İki il sonra klub sahibi Alı Aşurovdan icarəyə götürülmüşdü. Klubda Diana Zeynalova barmen, Elvin Musayev qarderobçu, Rəşad Rzayev dicey, Kamil Rəşidov isə ofisiant işləyib. Klub hər gün saat 13.00-da açılıb, 21.00-da isə bağlanıb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, martın 24-də, saat 13 radələrində klubu açıb, bir qədər sonra işçilər gəlib və öz işlərinə başlayıblar: “Yaxınlıqda yerləşən “Niaqara” kafesində nahar etdim və yenidən kluba qayıtdım. Kluba daxil olarkən barın qarşısındakı stol arxasında müştəri kimi tanıdığım Telman və Rahil adlı şəxslərin pivə içdiklərini gördüm. Rahil kluba tez-tez gəlib, Telman isə arada bir gəldiyindən sonuncunu yaxından tanımamışam. Əvvəllər Telmanla Rahil klubda içki içib, səs-küy salsalar da, münaqişə yaratmayıblar. Onların davranışlarından həmişə narkotik vasitələrin təsiri altında olduqlarını hiss etmişəm”.

“Var-yoxumu söydü”

Fərhad Musayev qeyd edib ki, hadisə günü yaxınlaşaraq Rahil və Telmanla görüşüb, bu zaman onların sərxoş olduqlarını görüb: “Az sonra küçəyə çıxdım. Bir qədər küçədə gəzişdim. Təxminən saat 15.30-da kluba qayıtdım. Bu zaman Telmanın barın qarşısındakı stulu qaldıraraq bara vurmaq istədiyini və söyüş söydüyünü gördüm. Qolundan tutaraq stulu onun əlindən aldım. Telman mənə və ailəmə qarşı nalayiq ifadələr işlətdi, var-yoxumu söydü və qarşısına heç kimin çıxa bilməyəcəyini, içdikləri içkiyə görə də pul verməyəcəklərini bildirdi. Həmin vaxt Rahil də Telmana qoşularaq məni söydü. Onlar bir həftə əvvəl Sumqayıtda restoranlardan birini dağıtdıqlarını, lazım gəlsə, mənim də klubumu da dağıdacaqlarını dedilər. Mübahisənin böyüdüyünü gördüm. Buna görə də Telmanla Rahili klubdan çıxartmaq məqsədilə onları çölə çağırdım. Lakin sonuncular məni eşitmədilər. Odur ki, qayıdaraq, onları qapıya tərəf aparmağa başladım. Bu zaman Telman yenidən söyüş söydüyünə görə mübahisəmiz düşdü”.

“Narkotik vasitələrin təsiri altında olduğunu bildirdi”

Fərhad Musayev qeyd edib ki, onlar daha sonra mübahisələrini barın dəhlizində olan tualetin qarşısında ediblər: “Orada Rahildən hər dəfə kluba gələndə problem yaratmasının səbəbini soruşdum. Telman söhbətə müdaxilə etdi, məni yenidən təhqir edərək söyməyə başladı. Buna görə də Telmanla Rahili klubdan çıxartmaq istədim. Bu vaxt Telman əynimdəki jaketimi dartaraq cırdı və arxadan kürəyimə yumruqla vurdu. Çevrilərək əlimin içi ilə Telmanın sifətindən itələdim. Tualetin döşəməsi sulu olduğundan və həm də Telman sərxoş olduğundan müvazinətini saxlaya bilmədi, arxası üstə döşəməyə yıxıldı. Onun başı metlax döşəməyə dəydi. Telmanın burnundan qan açıldı. Odur ki, Telmanı yerdən qaldıraraq əl-üzünü yuduq və ona içməyə su verdik. Klubun işçiləri Telmanı dincəlməsi üçün klubdakı otaqların birində apardı, onu divanda uzandırdılar. Telmana həkim çağırmağı, xəstəxanaya getməyi təklif etsəm də, sonuncu “dərmanlı”, yəni narkotik vasitələrin təsiri altında olduğunu bildirdi. Rahil də “dərmanlı” olduqlarını təsdiqlədi, xəstəxanaya getmək istəmədiklərini söylədilər”.

“Telmanın halsız olduğunu gördüm”

Fərhad Musayevin ifadəsinə görə, Telman təxminən iki saat yatıb dincəlib: “Bu vaxt ərzində Rahil klubda içki içib, əyləndi. Telman dincəldikdən sonra Rahillə birlikdə klubdan getdilər. Bir neçə dəqiqdən sonra klubdan çıxarkən Telmanla Rahilin yaxınlıqdakı çay evinə girdiklərini gördüm. Sonuncuların arxasınca çay evinə getdim. Orada Telmanın halsız olduğunu gördüm. Rahilə təklif etdim ki, Telmanı həkimə aparsın. Sonuncu israrla həkimə getmək istəmədiyini bildirdi Rahil də həkim lazım olmadığını, Telmanın evə getmək istədiyini dedi. Bundan sonra Rahillə Telman çayxanadan çıxıb, taksiyə əyləşərək getdilər. Telmanı itələdikdən sonra Rahilə, kimsə soruşsa Telmanın özünün yıxıldığını deməsini tapşırmamışam. Telmanın sifətinə yumruqla vurmamışam, yalnız onu sakitləşdirmək məqsədilə əlimin içi ilə sifətindən itələmişəm”.

9 il 6 ay həbs

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Fərhad Musayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bu hökmdən narazı qalan Fərhad Musayev apelyasiya şikayəti verib. O, şikayətində əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Fərhad Musayevin şikayətinə bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim heyəti onun şikayətini təmin etməyib. Bu səbəbdən o, kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada Fərhad Musayevin şikayəti qismən təmin edilib.

Bakı Apelyasiya Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ləğv edilib. İşin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar verilib.

Cəza 2 il 6 aya endirildi

Fərhad Musayevin şikayətinə bu dəfə Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayətini araşdıran hakim heyəti öz qərarını açıqlayıb. Qərara görə, Fərhad Musayevin apelyasiya şikayəti təmin edilib.

Məhkəmə onun əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib. Onun cəzası 2 il 6 aya endirilib, cəzasını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən ağırlaşdırıcı halların müəyən olunması üçün apelyasiya instansiyasında araşdırılmasını, Fərhad Musayevə birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın yenidən verilməsini istəyib.

Həmçinin mərhumun hüquqi varisi də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya protesti və şikayətini araşdıran hakim heyəti sonda qərarı elan edib. Qərara görə, həm prokurorun protesti, həm də zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.

İlkin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm