• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

Azərbaycanda DƏHŞƏTLİ OLAY: sevgilisi ilə birləşib dostu ilə görüşdü, sonra...

  • Kriminal
  • 19 Oktyabr 2019 14:53
  • 1 999 Baxış
Azərbaycanda DƏHŞƏTLİ OLAY: sevgilisi ilə birləşib dostu ilə görüşdü, sonra...

Qubada qətl törətməkdə təqsirli bilinən Qusar rayon sakini, 1987-ci il təvəllüdlü Ramella Əlimuradova və onun sevgilisi Eşqin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Ramella Əlimuradovanın qeyri-rəsmi əri olduğu və birgə yaşadığı Eşqin Rəsulov 24 noyabr 2017-ci ildə, saat 22.15-də həmkəndlisi Anar Balayev ilə birlikdə Quba rayonu, Alpan kəndindəki ərzaq mağazasından spirtli içki, pivə, enerji içkisi, bir qutu “Prima” siqareti və bir paket “Patron” günəbaxan tumu alıblar.

İçki məclisi

Daha sonra onlar rayonunun Alpan kəndindəki evinə gəliblər. Orada Eşqin Rəsulov Anar Balayev ilə yemək yeyib, aldıqları spirtli içkiləri qəbul etdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində gecə yarısı qumar oynamağa başlayıblar.

Eşqin Rəsulov Anar Balayevin qumar oyunu ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı ünvanına söyüş söydüyünə görə qisas almaq məqsədilə sonuncunu qəsdən öldürmək qərarına gəlib.

Eşqin Rəsulov bu niyyətini həyata keçirmək məqsədilə Anar Balayevin sifət nahiyəsindən yumruqla vurub. Sonra onu döşəmənin üzərinə yerə yıxıb, sonra yerdə kürəyi üstə uzanıqlı vəziyyətdə olan Anar Balayevin baş və bədəninin müxtəlif nahiyələrindən yumruq, təpik zərbələri ilə vurmağa başlayıb.

Söyüş və qətl

Anar Balayev onun zərbələrindən özünü müdafiə edərək əlləri və ayaqları ilə fəal müqavimət göstərib. Eşqin Rəsulov Anar Balayevi öldürmək niyyətini açıqlayaraq sonuncunun əl-qolunu və ayaqlarını bağlamaq üçün Ramella Əlimuradovadan ip gətirməsini tapşırıb.

Ramella Əlimuradova Eşqin Rəsulovun niyyətini həyata keçirmək üçün polietilen materialdan hazırlanmış sintetik ip gətirib. Eşqin Rəsulov Anar Balayevin əl-qolunu tutaraq, o isə iplə sonuncunun əl-qolunu və ayaqlarını bağlayıb, birlikdə müqavimətini qıraraq onu köməksiz vəziyyətə salıblar.

Daha sonra Eşqin Rəsulov yerdə uzanmış Anar Balayevin köməksiz vəziyyətindən istifadə etməklə yumruq və təpikləri ilə zərbələr endirməyə davam edib. Anar Balayevin yalvarışlarına əhəmiyyət verməyib. Anar Balayev aldığı xəsarətdən ölüb.

Zorlama ittihamı

Bundan sonra Ramella Əlimuradova törətdikləri cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə Eşqin Rəsulov ilə birlikdə aidiyyəti hüquq mühafizə orqanlarına Anar Balayevin guya hadisədən əvvəl zor tətbiq etməklə və zor tətbiq edəcəyi hədəsi ilə onu zorlamağa cəhd etməsi barədə məlumat verib, Anar Balayevi ağır cinayət törətməkdə ittiham etmək və süni ittiham sübutları yaratmaq barədə razılığa gəliblər.

Eşqin Rəsulov istifadəsində olan mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, bir nəfər şəxsin arvadını zorlamağa cəhd etməsi və həmin şəxsi tutaraq əl-qolunu bağlaması barədə məlumat verib.

Cinayətin izi itirilmədi

Daha sonra isə Ramella Əlimuradova noyabrın 25-də şifahi ərizə protokolu ilə Quba rayon prokurorluğuna müraciət edib, Anar Balayevin ona qarşı ağır cinayət törətməkdə ittiham edərək əlindəki bıçaqla zor tətbiq edəcəyi hədəsi ilə onu zorlamağa cəhd etməsi, bunun üçün süni sübutlar yaradaraq əynindəki donun aşağı hissəsini kəsərək, guya paltarın Anar Balayev tərəfindən kəsilməsi görüntüsünü yaradıb.

Anar Balayevin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik edib.

Sevgililərə 4 maddə ilə cinayət işi

İstintaq orqanı tərəfindən Ramella Əlimuradova və Eşqin Rəsulovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham elan edilib.

“Birlikdə domino oynadıq”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eşqin Rəsulov ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, 2017-ci ilin aprel ayından Qusar rayonu, Mucuq kənd sakini Ramella Əlimuradova ilə qeyri-rəsmi ailə həyatı qurub və birlikdə Quba rayonu, Alpan kəndində yaşayıblar: “Fərdi qaydada fəhləliklə məşğul olmuşam. Mərhum Anar Balayev həmkəndlimdir, sonuncu ilə yaxşı münasibətlərim olub. Noyabrın 24-də saat 17 radələrində evdən çıxdım və Söhbət adlı kənd sakinin işlətdiyi çayxanaya getdim. Orada Əfsun, Zəfər və Hikmətin əyləşdiyi stola yaxınlaşdım, onlarla domino oynadım. Təxminən saat 19-20 radələrində çayxanadan çıxdım və yaxınlıqda olan Sahib adlı kənd sakininə məxsus çayxanaya getdim. Orada həmkəndlilərim Anar Balayev, Şahin, Balabəy, Natiq və Vurğunla birlikdə domino oynadım”.

“Pulun mənə çatacağını bildirdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Anarla birlikdə çayxananın yanında yerləşən Samir adlı kənd sakininin mağazasına getdiblər: “Mağazadan araq, ərzaq aldıq. Anarı araq içmək üçün öz evimə apardım, evdə tək olan arvadım Ramellaya yemək hazırlamasını tapşırdım. Ramella bizə yemək gətirdikdən sonra yanımda əyləşdi. Mən Anarla araq içdim. Yemək yeyib araq içdikdən sonra Anarla pulla qumar oynamağa başladıq. Anar həddindən artıq sərxoş olduğundan əlindəki xalı mənə göstərmədən stolun üstündəki pulu qəflətən götürdü. Mən də əlimdəki kartları göstərərək pulun mənə çatacağını bildirdim”.

“Ramellaya “ipi gətir bu oğraşın əlini bağlayıb öldürəcəm” dedim”

Eşqin Rəsulov qeyd edib ki, bundan sonra Anar ona qarşı ana-bacı söyüşləri söyərək təhqir edib: “Mən də sağ əlim ilə onun üzünə şillə vurdum. Sonra onu vuraraq döşəmənin üzərinə yıxdım. Yerdə onun sifət və bədəninin müxtəlif nahiyələrinə ardıcıl formada yumruq və təpiklərlə zərbələr yetirdim. Anar kürəyi üstdə məni söyməkdə davam etdi, mənə qarşı əl-qolu ilə müqavimət göstərdi. Anarın müqavimətini qıra bilmədiyim üçün onun sifətindən və başından yenə yumruqla iki-üç dəfə zərbə vurdum. Ramellaya “ipi gətir bu oğraşın əlini bağlayıb öldürəcəm” dedim. Ramella da Anarın ona əl-qol atdığını görərək mətbəxdən tikintidə istifadə olunan ipi gətirdi. Ramellaya Anarın əllərini bağlamasını dedim. Sonra Anarın əllərini sinəsində birləşdirdim. Ramella isə Anarın əllərini iplə bağladı”.

“Arvadımı zorlaması barədə məlumat verdim”

Eşqin Rəsulovun sözlərinə görə, əllərini bağlamasına baxmayaraq Anar ona qarşı yenə nalayiq ifadələr işlədib və yerində çırpınıb: “Anarı yerdə döydüyüm zaman sonuncu əlimdən çıxmaq üçün evin ortasında arxası üstə müxtəlif tərəflərə sürünüb. Anarın sifətindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq sonuncunu ölümcül hala saldım. Anar artıq xırıldamağa başlayanda onun öldüyünü bildik. Bu zaman Ramella ilə nə edəcəyimizi düşünərək, polisə guya ki, Anarın evə girib, Ramellanı zorlamaq istədiyini, bu zaman mənim evə gələrək Anarı döydüyümü və əl-qolunu bağlamasını demək barədə razılığa gəldik. Bundan sonra Quba rayon polis şöbəsində təhqiqatçı vəzifəsində işləyən Namik müəllimə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək evimə tanımadığım şəxsin gəldiyini, arvadım Ramellanı zorlamaq istəyən zaman həmin şəxsi tutaraq döydüyümü və əl-qolunu bağlamağım barədə məlumat verdim. 102 xidməti ilə danışan zaman yerdə əli-qolu bağlı vəziyyətdə uzanmış Anarı yumruğum ilə vurdum. Anar isə yerdə mənə qarşı nalayiq söyüşlər söydi, buraxılmasını istədi. Anarın hələ ölmədiyini, Ramellanın yanında mənə qarşı söyüşlər söyməkdə davam etdiyini gördüm”.

“Həyətdə gözləməsini söylədim”

Eşqin Rəsulov bildirib ki, Anarın söyüşlərinə dözə bilməyərək tam əsəbləşib və dayanmadan təxminən 10-15 dəfə var gücü ilə Anarın sifətindən, başından yumruğu ilə zərbələr vurub: “Bu zaman Anarın səsi kəsildi və xırıldamağa başlayaraq ağzından qan gəldi. Anarın artıq can verdiyini gördüm. Təxminən 5 dəqiqədən sonra yenə “102” xidmətinə zəng elədim. Artıq arvadım Ramella ilə hadisəni polislərə necə deyəcəyimizi tam düşünmüşdük. Ramellaya əynindəki xalatın ətək hissəsindən bir neçə yerdən cırmasını, polislər gələndə, polislərə guya ki, Anarın onu zorlamaq istəyən zaman bıçaqla xalatını cırdığın bildirməsini dedim. Ramella da mənimlə razılaşaraq əli ilə xalatının ətəyini bir neçə yerdən cırdı. Bir neçə dəqiqə sonra mənə polisdən zəng gəldi. Polis mənə yola qabaqlarına çıxmağı dedi. Bundan sonra Ramella ilə birlikdə Anarın can verən, ölümcül vəziyyətdə olan bədənini dəhlizə qapının ağzına qoymuşduq. Anarın ağzının qanını yumaq üçün ağzına su tökdüm. Ramellaya həyətdə gözləməsini söylədim. Özüm isə polislərin qabağına getdim. Polis əməkdaşları gələn zaman Anarın arvadımı zorlamaq istəyini və onu döyərək əl-qolunu bağladığımı bildirdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eşqin Rəsulov 18 il, Ramella Əlimuradova isə 17 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Ramella Əlimuradova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Ramella Əlimuradovanın şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Ramella Əlimuradovanın apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ona aid hissədə dəyişdirilib.

Ramella Əlimuradovanın cəzası 16 ilə endirilib.

İlkin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR