Bakıdakı qanlı cinayətin təfərrüatı - Qeyri-rəsmi yaşadığım Günayla...
Bizi izləyin

Kriminal

Bakıdakı qanlı cinayətin təfərrüatı - Qeyri-rəsmi yaşadığım Günayla...

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Rauf Sadıqov 1990-cı il təvəllüdlü tanışı Röyyal Bayramovun məlum hadisədən bir neçə gün əvvəl barəsində guya NZS qəsəbəsində yaşadığı evində əxlaqsızlıq yuvası və tiryəkxana təşkil etməsi kimi ifadələr səsləndirməsini bəhanə gətirib, ona qarşı zor tətbiq edib.

Rauf Sadıqov 18 aprel 2020-ci il tarixdə, saat 17 radələrində Röyyal Bayramovu evinə dəvət edib. O, evdə olan kənar şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan Röyyal Bayramovu bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Rauf Sadıqovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf Sadıqov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, heç bir yerdə işləmir, Beyləqan rayonu, Eyvazlılar kəndində qeydiyyatdadır: “Təxminən 1 il 2 aya yaxındır ki, valideynlərimə məxsus NZS qəsəbəsindəki evdə Günayla qeyri-rəsmi şəkildə birgə yaşayırıq. Röyyalı təxminən 1 ilə yaxındır tanıyıram. Tanışlığlmız NZS qəsəbəsində təsadüf nəticəsində olub. Son hadisəyədək münasibətlərimiz normal idi. Hər hansı ədavət və ya düşmənçiliyimiz olmayıb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci ilin aprel ayının əvvəllərində NZS qəsəbəsindən Cəlal adlı dostu ona müraciət edib: “Cəlal kirayə pulunu ödəməkdə çətinlik çəkdiyi üçün yaşadığı mənzilindən çıxarıldığını, bu səbəbdən ona müvəqqəti sığınacaq yeri verməyimi xahiş etdi. Cəlalla dostluq münasibətim olduğu üçün onun vəziyyətinə acıdım, yaşadığım evdə müvəqqəti olaraq məskunlaşmağı təklif etdim. Cəlalla razılaşdıq, mən mənzili tərk edərək Günayın valideynlərinin yaşadığı Sabunçu rayonunda nömrəsiz evə köçdüm.

Həmin vaxtdan Cəlal qeyri-rəsmi münasibətdə olduğu Mehriban adlı qadınla mənim evimdə yaşamağa başladı. Cəlalla Röyyalın münasibətləri o qədər də yaxşı deyildi”.

Rauf Sadıqov qeyd edib ki, Cəlalla Mehriban ona zəng vurub, gecə saatlarında Röyyalın ora gəldiyini, hasardan həyətə tullanaraq Cəlalı çölə söhbətə çağırdığını, onun ünvanına təhqiramiz ifadələr işlətdiyini bildiriblər: “Röyyala zəng vurdum, düzgün hərəkət etmədiyini bildirdim, evimə gələrək səs-küy salmamağı tapşırdım və ona üzbəüz görüşərək danışmağı təklif etdim.

Həmin gün günorta saatlarında Cəlalla Röyyal arasında baş verənlər barədə məlumat almaq məqsədi ilə evimin yaxınlığına getdim. Bir neçə tanışımla da görüşdüm, söhbətləşdiyim zaman onlardan Röyyalın evimi əxlaqsızlıq və narkomanlar yuvası adlandırması barədə məlumat aldım.

Həmin evdə Günayla yaşadığım üçün Röyyalın bu hərəkəti mənə çox pis təsir etdi. Cəlalın əvvəllər narkotik vasitə istifadəçisi olduğunu bilirdim. Lakin onun narkotik vasitə satmasından xəbərsiz idim. Yaşadığım evə gedib, Cəlalla Röyyal arasındakı məsələ ilə bağlı söhbətləşdikdə o, heç vaxt narkotik vasitə satmadığını, bu barədə deyilənlərin yalan olduğunu bildirdi. Bununla belə Röyyalın məni tanıya-tanıya evimə gələrək narahatçılıq yaratması, tanışlarımın yanında evimi əxlaqsızlıq və narkoman yuvası adlandırması mənə toxunduğu üçün ona zəng edib, danışığa dəvət etdim. Lakin həmin gün Röyyalı gözləsəm də, o görüşə gəlmədi”.

Rauf Sadıqov qeyd edib ki, səhər saatlarında Röyyalla görüşüb və baş verənləri aydınlaşdırmaq məqsədi ilə Günayla birgə təkrarən evinə gedib: “Cəlal və Mehriban da evdə idi. Röyyalın gəlişini gözlədiyim ərəfədə onun birgə tanışlarımız Niyaməddin, İsi və Sadiq adlı şəxslər də evə gəldi. Artıq saat 17 radələrində Röyyal adlarını bilmədiyim 2 tanışı ilə birgə yaşadığım evə gəldi.

Röyyalla gəlmiş həmin 2 nəfərin evə daxil olub-olmadığını xatırlamıram. Röyyal evinə gəlib, masa arxasındakı oturacaqda əyləşdikdən sonra söhbət əsnasında söyüş söydüyü üçün tutaşdıq. Bir-birimizə əl-qol atdıq və daha sonra ona bıçaqla xəsarət yetirdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Röyyal Bayramov bildirib ki, 2020-ci ilin aprel ayının əvvəllərində NZS qəsəbəsində hazırda adları yadında qalmayan şəxslərlə söhbət zamanı Cəlal adlı şəxsin qəsəbə ərazisində narkotik satdığı barədə eşidib: “Narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı nifrətim olduğundan həmin məlumatı dəqiqləşdirmək üçün Cəlalla şəxsən görüşüb, bu məsələyə aydınlıq gətirmək qərarına gəldim.

Cəlalın yaşadığı ünvan barədə tanışlarımdan məlumat aldıqda onun müvəqqəti olaraq tanışı Raufa məxsus evdə məskunlaşdığını öyrəndim. Raufla münasibətim olmasına baxmayaraq onun evində yaşayan Cəlalın narkotik vasitələrin satışını həyata keçirib-keçirmədiyini dəqiq bilmədiyim üçün bu barədə ona heç bir məlumat vermədim, ilk əvvəl məsələni özüm aydınlaşdırmaq istədim”.

Zərərçəkmişin ifadəsinə görə, Cəlalın yaşadığı ünvana yollanıb və ondan narkotik satışı barədə soruşub: “Cəlal evin pəncərəsindən ünvanıma nalayiq ifadələr səsləndirməyə başladı və aramızda sözlə mübahisə yarandı. Mübahisəmiz səs-küyə səbəb olduğu üçün oranı tərk edərək yaşadığım evə gəldim. Ertəsi gün, səhər satlarında Rauf mənə zəng vurdu, Cəlalı axtardığım barədə məlumat aldığını, görüşüb yaranmış narazılığı aradan qaldırmağı təklif etdi. Raufla münasibətim olduğundan onun təklifinə etiraz etmədim.

Raufun dəvəti ilə onun evinə gəldim. Evə daxil olduğum zaman evdə Cəlal, Mehriban adlı qadın, həmçinin Raufla birgə Günay adlı qadının da olduğunu gördüm. Biz qonaq otağındakı masanın arxasında oturduq.

Rauf su içmək istədiyini deyərək evin mətbəxinə keçdi. Masa arxasında tanıdığım Niyamədin və qeyriləri ilə hal-əhval tutduğum ərəfədə Rauf heç bir səbəb olmadan arxa tərəfdən mənə yaxınlaşaraq, qəflətən əlindəki bıçaqla bədənimin müxtəlif nahiyələrinə ardıcıl bir neçə zərbə vurmağa başladı.

Masadan qalxaraq əllərimi qarşıya verdim, özümü bıçaq zərbələrindən müdafiə etməyə çalışdım. Bu zaman Günay araya girdi, Raufu kənara çəkdi. Fürsətdən istifadə edərək evi tərk etdim. Çöldə məni gözləyən Nihad və Elgünə yaxınlaşaraq, Raufun tərəfindən bıçaqladığımı dedim, köməklik etmələrini xahiş etdim. Elgün dərhal atama zəng vurdu. Atam bir neçə dəqiqə sonra NZS qəsəbəsinə gəldi. Məni 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirdi. Müalicə almışam, hazırda təqsirləkdirilən şəxslə barışmışam, ona qarşı şikayətim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasın sonda təqsirləndirilən şəxsə hökm oxunub.

Rauf Sadiqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm