Bakıda DƏHŞƏTLİ QƏTL: Emil 2 yaşlı oğlunun boğazını niyə kəsib?
Bizi izləyin

Kriminal

Bakıda DƏHŞƏTLİ QƏTL: Emil 2 yaşlı oğlunun boğazını niyə kəsib?

Bakıda ötən ilin avqustunda baş vermiş ailə dramı və atanın bu dram fonunda törətdiyi dəhşətli cinayət əməli üzrə məhkəmə prosesi başlayıb. Belə ki, Bakı şəhər sakini, 51 yaşlı Emil Kazıyev “ailə münaqişəsi” səbəbindən onu tərk etmiş qeyri-rəsmi arvadından qisas almaq üçün 2 yaşlı oğlunun boğazını kəsib. Uşağın həyatını xilas etmək mümkün olub, öz övladını öldürməyə cəhd edən ata isə hakim qarşısına çıxarılıb.

Emil Kaziyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası artıq keçirilib.

Publika.az xəbər verir ki, hadisə ötən il avqustun 5-də paytaxtın Səbail rayonu Şahlar Allahverdiyev küçəsi, ev 67 ünvanında baş verib. Emil Kaziyev 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaqla xəsarət yetirib, körpənin boğazını kəsərək onu qəsdən öldürmək istəyib. Sonra isə öz bədəninin müxtəlif nahiyyələrinə də xəsarət yetirib. E.Kaziyevin xəstəxanada stasionar müalicəsi başa çatdıqdan sonra ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, Sabail rayon məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

3 uşaq atasının 16 yaşlı kimsəsiz qıza “vurulması”

İstintaqla müəyyən edilib ki, üç uşaq atası olan Emil Kaziyev özündən yaşca kiçik Aysel Şabanova ilə yaxın münasibət qurub. 2018-ci ildə qeyri-rəsmi nikahdan Ömər adlı övladları dünyaya gəlib. Ötən ilin iyulunda Emildən ayrılıan Aysel oğlu Öməri də özüylə aparıb. Lakin hadisədən bir neçə gün öncə Emil Öməri yaşadığı evə gətirib. Həmçinin, Ayselə zəng vurub yenidən bir yerdə yaşamağı təklif edib, dil töküb, amma sonuncu razılaşmayıb. Belə olanda Ayseldən tələb edib ki, gəlib Öməri aparsın, əks halda uşağı öldürəcəyini bildirib. Aysel cavabında “səndən qorxuram, evə gəlsəm polislə gələcəyəm” deyib. Emil isə Ayseldən qisas almaq üçün bıçaqla balaca Ömərin boğazını kəsib, uşağın qanlı vəziyyətdə şəklini çəkərək Ayselə yollayıb.

Təqsirləndirilən Emil Kaziyev ifadəsində göstərib ki, birinci dəfə 2006-ci ildə ailə həyatı qurub. Tikintidə usta işləməklə ailəsini dolandırıb. Təxminən 2015-ci ildə ticarət obyektində fəhlə işləyən 16 yaşlı Aysellə tanış olub. Aralarında sevgi münasibətləri yaranıb. Həm Ayseli sevdiyindən, həm də ona yazığı gəldiyindən kirayə mənzil tutub, orada yaşaması üçün şərait yaradıb. Üç il davam edən qeyri-rəsmi münasibətdən Ömər adlı övladları olub. Emilin qanuni arvadı ərinin başqa qadından uşağı olduğunu öyrənincə övladlarını da özüylə götürərək ər evini birdəfəlik tərk edib.

Bir müddət sonra isə məhkəməyə müraciət edərək Emildən rəsmi qaydada boşanıb. Arvadı boşandıqdan sonra Emil Ayseli və balaca Öməri evə gətirib. İlk olaraq onların gəlişinə Emilin anası narazılıq edib, onu oğlunun ailəsini dağıtmaqda ittiham edib. Ümumiyyətlə, Emilgilin evində kimsə nə Ayseli, nə də Öməri istəmirdi. Bir aya yaxın qayınanasının yanında qalan Aysel evdə narazılıq yarandığından yenidən kirayə mənzilə köçüb.

“Tez-tez küsüb barışırdıq…”

“Aramızda hərdən söz-söhbət olurdu, tez-tez küsüb barışırdıq. Amma Aysel Öməri mənim yanıma gətirirdi, uşaq həftələrlə bizdə qalırdı. Bəzən uşağı Ayselə vermək istəmirdim. Növbəti dəfə iyulda Ayseldən uşağı bizə gətirməsini, ailə kimi bir yerdə yaşamağı təklif etdim. Aysel isə onu incitməyimi bəhanə edərək məndən uzaq gəzirdi. Onun həyatında başqası olduğunu düşünürdüm. Bu şübhələr məni çox narahat edirdi. Mən Öməri həyatda hər kəsdən çox istəyirdim. İstəyirdim mənim oğlum atalı-analı böyüsün. Lakin Aysel arzumu həyata keçirməyə imkan vermirdi. Hərdən də uşaq ağlayır, anasını istəyirdi, onu sakitləşdirə bilmirdim. Ayselə zəng vururdum ki, gəl uşağı apar, amma gəlib götürmürdü”- təqsirləndirilən şəxs belə deyib.

E.Kazıyevin ifadəsinə görə, hadisə baş verən gün Ayselə zəng vurub, uşağı gəlib götürməsini bildirib. Aysel isə gəlməkdən imtina edib: “Qəti qərara gəlmişdim ki, Ayseli evə gətizdirim, ailə kimi bir yerdə yaşayaq. Bıçaqla boynuma, hər iki qollarıma, qarnıma xəsarət yetirdim. Ayselə zəng vurub bu haqda deyəndə sözlərimi ciddiyə almadı. Özümü çox pis hiss edirdim. Heç nə düşünüb dərk edə bilmirdim. Ayselə bərk əsəbləşmişdim. Oğlumun boğazını kəsməyimi və ondan sonra olanları xatırlamıram. Polislər evə gəldilər, müvazinətimi saxlaya bilməyib yerə yıxıldım. Ömərlə məni xəstəxanaya apardılar. Əməlimdən çox peşmanam. Oğlumu öldürmək istəməmişəm. Psixoloji durumum yerində olmayıb”.

Ayselə gəldikdə, valideyn qayğısından uzaq, kimsəsiz, sığınacaqlarda və himayələrdə qalmaqla böyüyən qadın son ümid yeri kimi sosial şəbəkələrə üz tutub. İki il öncə sosial şəbəkələrdə Aysel Şabanovanın 9 aylıq körpəsi ilə birgə ehtiyac içərisində yaşaması barədə məlumatlar yayılıb. Həmin məlumatlar əsasında uşaq hüquqları müdafiə komitəsindən Ayselə övladı ilə birgə müvəqqəti sığınacağa yerləşdirilmələri təklif olunub. Aysel uşağı olmadan qala bilməyəcəyini deyib və imtina edib. Onun düzgün həyat tərzi sürməməsi, spirtli içkiyə qurşanması diqqətdən yayınmayıb. Bununla belə Ayselə maddi yardım göstərilib.

“Qeyri-adekvat” Emil əvvəl dil töküb, sonra hədələyib…

Zərərçəkmiş Aysel Şabanova ifadəsində Emilin özünü qeyri-adekvat aparmasına görə münasibətlərinin pozulduğunu, oğlu ilə birgə kirayəyə köçdüyünü, ara-sıra atasının uşağı özü ilə aparıb saxlamasına icazə verdiyini göstərib: “Bir həftə idi zəng vururdu ki, ver Öməri aparım. Mən də uşağı verdim ki, bir neçə gün atası ilə qalsın. Uşağı aparandan sonra zəng vurub onu bağışlamağımı xahiş edir, şirin dilə tutur, evə çağırırdı. Ona qəti olaraq dedim ki, sənin yaşadığın evə gəlməyəcəyəm”.

Şirin dilinin işə yaramadığını görüncə Emil hədə-qorxuya keçib. O, Ayselə “sən Öməri gəlib evdən özün götürməsən peşman olacaqsan” deyib: “Dedim sizə gəlsəm ancaq polislə gələcəyəm. Emil də dedi ki, mən polisdən qorxmuram, onsuz da itirəcəyim bir şey yoxdur, əgər gəlməsən Öməri öldürəcəyəm. Ertəsi gün günorta saatlarında “WhatsApp”dan Ömərin boğazının kəsilmiş, yerdə qan içində oturmuş vəziyyətdə şəklini göndərdi. Sonra isə səs yolladı ki, “fsyo, rebyonok umer, şirin”. Tez polisə gedib məlumat verdim. Polislərlə birgə Emilin yaşadığı evə gəldik. Məni polislər evə keçməyə qoymadılar. Sonradan bildim ki, Emil Ömərin boğazını kəsəndən sonra özünə də bıçaqla xəsarət yetirib”.

Beləliklə, həyatın dibinə yuvarlanmış bu şəxslərin “sevgi” adını verdikləri anlaşılmaz münasibətlər sonda 2 yaşlı günahsız körpənin qana bulanması ilə nəticələnib. İndi törətdiyi əmələ görə Emili ağır cəza gözləyir… / Virtualaz.org

Oxumağa davam et
Reklam
Reklam

Gündəm