İsraildə azərbaycanlıdan kimlər rüşvət tələb etdi? – Şok təfərrüat
Bizi izləyin

Kriminal

İsraildə azərbaycanlıdan kimlər rüşvət tələb etdi? – Şok təfərrüat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri Oruc Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində keçmiş baş mütəxəssisi Münəvvər Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az">Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Oruc Məmmədov əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktı tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Münəvvər Cabbarova vasitəsilə 7 oktyabr 2020-ci ildə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci ildə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat rüşvət alıb.

İstintaq orqanı tərəfindən Oruc Məmmədovun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma), 312-1.1-ci (şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi), Münəvvər Cabbarova isə 32.5, 311.1-ci (iştirakçılıq, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.

“Əlilik dərəcəsi təyin etdik”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Oruc Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 12 oktyabr 2015-ci ildən 26 oktyabr 2020-ci ilə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının (Abşeron və Xızı rayonları üzrə) sədri vəzifəsində işləyib:

“Vüqarı tanıyırdım, münasibətimiz yaxşı idi. Heç bir düşmənçiliyimiz və ya ədavətimiz olmayıb. Təxminən 2020-ci ilin sentyabrın sonlarında Vüqar əlillik dərəcəsinin təyin edilməsi üçün sədri olduğum Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına gəldi. Həmin vaxt mən və komissiyanın digər üzvləri onu qəbul etdik. Vüqar əlil arabasında idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ali nəzarət komissiyasından imtina aldığını bildirdi. Biz komissiyanın üzvləri ilə birlikdə Vüqarın sənədlərinə baxdıq və ciddi xəsarətlərinin olduğunu gördük.

Həmin sənədlərə baxış keçirdikdən və Vüqarı müayinə etdikdən sonra əyani müayinə aktı yazmağı qərara aldıq. Vüqara 1-ci dərəcəli əlillik təyin etdik”.

“2000 manatın 200 manatını özünə götürdü”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra yazmış olduqları əyani müayinə aktını baxılması və müvafiq qərar qəbul olunması üçün onlayn qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriblər:

“Bizim bu işi görməyimiz üçün Vüqar təkidlə mənə pul verməyi təklif edirdi. Lakin pul almadıq. Bundan təxminən 1 ay sonra tanışım olan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Münəvvər Cabbarova mənə yaxınlaşaraq Vüqarın qohumu olduğunu bildirdi və məndən əlillik almaq üçün köməklik etməyimi xahiş etdi. Mən isə Vüqarın əyani müayinə aktını onlayn qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərdiyimizi, hələ cavabın gəlmədiyini bildirdim.

Həmin vaxt Münəvvər dəfələrlə təkid edərək Vüqara əlilliyinin alınması üçün pul da təklif edirdi. Lakin həmişə Münəvvərin pul təklifini qəbul etmirdim. Münəvvər bundan sonra bir neçə dəfə də yanıma gəldi və Vüqarın əlilliyə görə pul vermək istədiyini dedi, mənə kağıza bükülü formada 2.000 manat verdi. Həmin vaxt Münəvvər puldan 200 manatı da özünə götürdü”.

“500 manatı avtomobilinə qoydu”

Oruc Məmmədov qeyd edib ki, 2020-ci ilin oktyabrın 26-da onu vəzifəsindən azad ediblər:

“Vüqar isə bundan sonra yenə dəfələrlə mənimlə əlaqə saxlayaraq agentlikdən cavabın gəlib-gəlmədiyini soruşurdu. Mən Vüqara hələ cavabın gəlmədiyini bildirirdim.

Təxminən 2020-ci ilin dekabrın əvvəllərində Vüqar agentlikdən 1-ci qrup əlilliyin verilməsi haqqında müsbət cavab gəldi. Həmin cavabı əvvəl işlədiyim komissiyada Sevil adlı qeydiyyatçıdan götürdüm və Vüqarla Xırdalan şəhərində görüşərək ona verdim. Həmin vaxt Vüqar mənə minnətdarlığını bildirdi və 500 manat pulu da mənə təqdim etdi. Pulu götürmək istəməsəm də, Vüqar israrla pulu vermək istədiyini bildirdi.

Bundan sonra Vüqara pulu idarə etdiyim “Lexus ES 250” markalı avtomobilə qoymasını bildirdim. O da 500 manatı avtomobilə qoyduqdan sonra getdi”.

“6.000 manat istənildiyini dedi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dekabrın 13-də Vüqar ona zəng edib: “Vüqar yaxın qohumu Hüsniyyənin COVİD-19 xəstəliyinə tutulduğunu və həmin xəstəliklə mübarizə sahəsində ixtisaslaşmış xəstəxanalardan birinə stasionar müalicə üçün yerləşdirilməsinə köməklik etməyimi xahiş etdi.

Vüqar həmin vaxt Hüsniyyənin ona çox kömək etdiyini, bu səbəbdən həmin şəxsin xahişini etdiyini, həmçinin heç bir xəstəxananın Hüsniyyəni götürmədiyini, yerləşdirmə üçün 6.000 manat istənildiyini dedi. Vüqar Hüsniyyənin Zığda yerləşən xəstəxanaya yerləşdirilməsini xahiş etdi və 4.000 manatın olduğunu söylədi.

Bundan sonra qudam, Səhiyyə Nazirliyi Tibb Universitetinin Mərkəzi Elmi Tədqiqat Laborotoriyasının direktoru Qalibə müraciət etdim. Bilirdim ki, Qalibin tanışları TƏBİB-də vəzifəli şəxslərdir. Qalib öz tanışları vasitəsilə Hüsniyyəyə FHN-nin Zığdakı xəstəxanasına yerləşdirmək imkanının olduğunu bildirdikdən sonra bu barədə Vüqara xəbər verdim”.

Oruc Məmmədov deyib ki, dekabrın 15-də axşam saatlarında Vüqar onunla əlaqə saxlayıb və görüşmək istədiyini bildirib:

“Bundan sonra Vüqarla Bakı şəhəri, Babək prospektində yerləşən “Azpterol” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşdük. Görüş zamanı o, Hüsniyyənin işinin həll olunduğunu və Zığdakı xəstəxanaya yerləşdirləcəyini bildirdi, mənə minnətdarlıq etdi. Həmçinin 4.000 manatı da mənə verdi”.

“Qızımın sinif yoldaşı olub”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Münəvvər Cabbarova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 1989-cu ildən DSMF-də müxtəlif vəzifələrdə işləyib: “2020-ci ilin avqust ayından isə Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayonu 8 saylı sosial xidmət agentliyinin baş mütəxəssisi vəzifəsində işləyirəm. Vüqarı təxminən 20 ilə yaxındır tanıyıram, kiçik qızım Səkinənin sinif yoldaşı olub.

2020-ci il sentyabrın əvvəllərində işdə olduğum zaman Vüqar mənə zəng vuraraq Abşeron rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Oruc Məmmədovun yanına getdiyini, lakin orada əlillik ala bilmədiyini bildirdi və məndən köməklik istədi. Əlilliyin təyin olunmasının səlahiyyətimdə olmadığını bildirdim və yenidən Vüqarı Abşeron rayon TSEK-inə yönləndirdim”.

Münəvvər Cabbarovanın sözlərinə görə, bundan təxminən 20 gün sonra Oruc Məmmədov onunla əlaqə saxlayıb:

“Vüqarın ona mənim adımdan yaxınlaşdığını və 1-ci qrup əlillik verilməsi üçün müraciət etdiyini dedi. Oruc məndən Vüqarı necə tanıdığımı soruşdu. Mən isə Vüqarı qızımın sinif yoldaşı kimi tanıdığımı və başqa hər hansı formada tanımadığımı bildirdim.

Bundan sonra Oruc Vüqara əlilliyin alınması üçün 2500 manat rüşvət müqabilində razılaşdığını bildirdi. Məndən Vüqarla görüşməyimi və həmin pulu Vüqardan götürməyimi xahiş etdi. Mən də Orucla razılaşdım və Vüqardan həmin pulu götürə biləcəyimi bildirdim”.

“Pulu götürməyimi təkid etdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 7-də Vüqar onunla əlaqə saxlayıb və Oruca çatmalı olan 2500 manat pul vəsaitini ona vermək istədiyini bildirib:

“Biz günorta saatlarında işlədiyim binanın yaxınlığında görüşdük. Həmin vaxt Vüqar mənə yaxınlaşdı, ağ vərəqin içərisində pul vəsaitini mənə uzatdı. Pulu qorxduğum üçün götürmək istəmirdim. Lakin Vüqar təkidlə pulu verdi və mən də götürdüm. 2000 manatı götürüb Orucun otağına getdim. Pulu ona verdim.

Oruc Vüqarın sənədlərini göndərdiyini və tez bir zamanda Vüqara əlilliyin veriləcəyini bildirdi. O, pulu saydı, üzərindən 200 manat ayırıb mənə uzatdı. Lakin pulu yenə götürmək istəmirdim. Oruc çox təkid etdi. Təkiddən sonra 200 manatı götürdüm”.

Münəvvər Cabbarova deyib ki, təxminən 2020-ci ilin dekabrın əvvəlində Oruc onunla əlaqə saxlayıb və Vüqarın tez-tez zəng vurduğunu bildirib: “Həmçinin, Vüqarın işinin tezliklə həll olunacağını dedi. Bir neçə gün sonra Oruc yenə əlaqə saxladı, mesaj gəldiyini və Vüqara əlillik dərəcəsinin təyin olunduğunu bildirdi”.

Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, ahıl yaşda və qadın olmasını nəzərə alınmasını istəyib.

“İsraildə terror aktında xəsarət aldım”

Şahid qismində ifadə verən Vüqarın sözlərinə görə, 2017-ci ildə İsrail Respublikasının Aşdod şəhərində yerləşən mağazada mühafizəçi işləyən zaman terror aktı baş verib və o, bədəninin müxtəlif nahiyələrindən 4 güllə yarası alıb:

“Aldığım xəsarətlərlə bağlı 1 il 9 ay müddətində İsrail Respublikasında müalicə aldım və 2018-ci ilin sonlarında Azərbaycana qayıtdım. Uzun müddət müalicə olunmağıma baxmayaraq hərəkət etmək imkanından məhrum oldum, yəni yeriyə bilmədiyimdən hazırda əlil arabasından istifadə edirəm”.

“Əlillik vermədilər”

Vüqar qeyd edib ki, 2020-ci ilin əvvəllərində əlillik almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı qaynar xəttinə zəng edib, İsrail Respublikasında yaralandığını və əlillik almaq istədiyini bildirib: “Oradan mənə yaşadığım yerin poliklinikasının sahə həkiminə müraciət etməyi bildirdilər. Təxminən aprel ayında Abşeron rayon poliklinikasının sahə həkimi Ləman həkimə müraciət etdim.

O, məni müayinə edərək nevropatoloq Leyla xanımın qəbuluna göndərdi. Leyla həkim də məni müayinə edərək Mirqasımov adına Respublika xəstəxanasında stasionar müalicə almalı olduğumu dedi.

10 gün xəstəxanada stansionar müalicə aldım, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hospitalına müraciət etdim və orada müayinələrindən keçdim”.

Vüqarın sözlərinə görə, Abşeron rayon poliklinikasında həkim məsləhət komissiyasının həkimləri onu müayinə ediblər və barəsində "Forma 88" tərtib edilib: “Həmin göndəriş 15 sentyabr 2020-ci ildə elektron qaydada Tibbi sosial ekspert komissiyasına göndərildi. Lakin 21 sentyabr 2020-ci ildə imtina cavabı gəldi və əlavə müalicəyə ehtiyacın olduğu bildirildi”.

Vüqar deyib ki, Abşeron rayonu Saray qəsəbə xəstəxanasının baş həkimi Natiq Əliyevin qəbuluna gedib: “Natiq həkim mənə xəstəxanada yer olmadığını bildirdi və məndən 200 manat tələb etdi. Guya 15 gün stasionar müalicə olunacaqdım. Həmin vaxtı Natiq həkimlə danışığımı öz mobil telefonumda qeyd etdim.

Bundan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinə müraciət etdim”.

“Pulun məbləğini deyəcəyini bildirdi”

Vüqar bildirib ki, 28 sentyabr 2020-ci ildə tibbi sənədlərini və imtina cavabını götürərək Abşeron rayon Tibbi sosial ekspert komissiyasının sədri Oruc Məmmədovun qəbuluna gedib: “Oruc həkimlə söhbət zamanı ondan kömək etməsini xahiş etdim. Həmçinin sinif yoldaşım Səkinənin anası Münəvvər xanımın tanışı olduğumu bildirdim.

Oruc həkim mənə köməklik edə biləcəyini bildirdi, ancaq rəhbərliyə hörmət etməli olduğumu dedi. Onunla danışığımı da telefonda qeydə aldım. Oruc həkimdən hansı məbləğdə pulun qarşılığında mənə əlillik veriləcəyini soruşdum. Oruc pulun məbləğini Münəvvər xanıma deyəcəyini bildirdi”.

Vüqarın sözlərinə görə, səhəri gün Münəvvər xanım ona zəng edib və Oruc həkimin 2500 manat istədiyini, həmçinin Münəvvərə də 500 manat hörmət etməli olduğunu deyib. O, ifadəsində rüşvət verməsindən, həmçinin bununla bağlı Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinə məlumat verməyindən danıb.

Oruc Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Münəvvər Cabbarovanın barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 4 il şərti cəza təyin olunub.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm