Şağanda qisas cinayəti: "Dedim, atma, dördüncü atəşi də açdı..." - ŞOK DETALLAR
Bizi izləyin

Kriminal

Şağanda qisas cinayəti: "Dedim, atma, dördüncü atəşi də açdı..." - ŞOK DETALLAR

Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində münaqişə zamanı tanışı Elvini (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Publika.az teleqraf.com-a istinadən bildirir ki, Elçin 2010-cu ildə böyük qardaşı Vəlini öldürmüş Elvinin cəzasını çəkərək azadlığa çıxmasından sonra ondan qisas almaq məqsədilə öldürmək qərarına gəlib. Ov tüfəngi əldə edən Elçin niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləyib.

İttihama görə, o, Elvinin yaşadığı yerin yaxınlığındakı yas mərasimində olduğunu görüb, avtomobili ilə yaşadığı evə gedib və ov tüfəngini götürərək atəşə hazır vəziyyətə gətirib.

Daha sonra yas mərasiminin yaxınlığına qayıdıb, Elvinin Şağan qəsəbəsi, Qazmaçılar küçəsindəki evinə doğru piyada getdiyini görüb. O, yaşadığı evinə yaxınlaşan Elvinin maşınla qarşısını kəsib. Aşağı düşüb və Elvinə dörd dəfə atəş açıb.

Xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün Elvinin həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elvini uşaq vaxtlarından tanıyır: "Elvin mərhum qardaşım Vəli ilə dost idi. O, qardaşımdan 10-12 yaş böyükdür, kənd adamları kimi bir-biri ilə münasibətləri yaxşı idi. Sonradan münasibətləri pozuldu. 2010-cu ildə Elvin bıçaqla Vəliyə çoxsaylı xəsarətlər yetirdi və qardaşım bıçaq zərbələrindən xəstəxanada öldü.

Qardaşımı öldürdüyünə görə Elvin doqquz il azadlıqdan məhrum edildi. Bir il əvvəl Elvin azadlığa çıxdı. Azadlığa çıxdıqdan sonra Elvini bir neçə dəfə digər şəxslərin yanında gördüm. Ondan qisas almaq niyyətinə gəldim. Belə bir niyyətimin barədə də heç kimə bir söz deməmişəm".

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu ilin mayında özünə 12 kalibrli, "Özkan-arms" markalı ov silahı alıb və həmin silaha dair ona Daxili İşlər Nazirliyindən sənəd verilib: "Silahı əvvəlcə ov məqsədi ilə almışdım. Çünki ovçuluğa marağım vardı. Həmçinin, silahı alarkən Elvini öldürməyi də düşünürdüm. Silahdan arada bir həyətdə quş vurmaq üçün istifadə etmişəm".

Elcinin ifadəsinə görə, özünə məxsus "VAZ 2106" markalı avtomaşınla kəndin içində hərəkət edərkən Elvini yaxınlıqdakı yas mərasimində görüb: "Oradan evə getdim. Silahı qutuda qalan dörd patronla dolduraraq evdən çıxdım. Qardaşım Anar evdə yatmışdı, anam isə mətbəxdə idi, onlar mənim evdən silahla çıxdığımı görmədilər.

Maşınla yas mərasiminin yaxın olduğu yerə gəldim. Bir müddət sonra Elvinin evinə doğru dalan istiqamətində getdiyini gördüm. Onun arxasınca düşdüm. Maşının sürətinı artıraraq qəflətən Elvinin qabağını kəsdim. Maşından düşdüm, bu zaman Elvin evlərinə tərəf qaçmağa başladı. Silahı götürərək maşından çıxdım və onun arxasınca qaçdım. İki dəfə ardıcıl atəş açdım. Ancaq heç biri Elvinə dəymədi.

Elvin artıq dalana dönmüşdü və evlərinə təxminən 30-40 metr məsafə qalmışdı. Həmin dalana çatan kimi nişan alaraq 3-cü atəşi açdım. Atəş zərbəsinin Elvinin harasına dəydiyini görə bilmədim. Ancaq dəydiyini anladım. Çünki həmin an Elvin qışqırmağa başladı. İlk öncə hasara sürtündü, sonra isə arxası üstə yerə yıxıldı. Yerdə olarkən Eıvin "gəl söhbət edək, belə hərəkət etmə" ifadələrini işlətdi. Ancaq ona qulaq asmadan dördüncü və sonuncu atəşi açdım. Atəşin Elvinə dəyib-dəymədiyini bilmədim. Elvinin səsi kəsildi. Onun öldüyünü düşündüm.

Dərhal maşınıma oturub evə qayıtdım. Anam və qardaşıma hadisəni danışdım. Təxminən 5-10 dəqiqə sonra həyətimizə polis əməkdaşı gəldi. Törətdiyim cinayəti etiraf etdim, silahı polis əməkdaşına təhvil verdim. Məni 1-ci polis şöbəsinə apardılar".

Elcin bildirib ki, Elvinə öldürmək niyyəti ilə atəş açıb, ancaq şöbədə olarkən onun ölmədiyini və xəstəxanada olduğunu eşidib.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Elvinin sözlərinə görə, Elçinin böyük qardaşı Vəli ilə kənd adamı kimi münasibətləri olub: "Ancaq sonradan münasibətlərimiz pozuldu. Çünki Vəli sanki hər bir məsələni kənddə nəzarətdə saxlamağa çalışırdı, mən də Vəliyə düzgün hərəkət etmədiyini dedikdə, məni döydü. Ancaq heç bir yerə şikayət etmədim.

Təxminən 2 ay sonra Vəlidən məni döyməsinin səbəbini aydınlaşdırmaq üçün onunla görüşən zaman düzgün hərəkət etdiyini bildirdi. Mübahisə zamanı əsəbləşdiyimdən üzərimdə olan açılıb qatlanan bıçaqla Vəlini qətlə yetirdim. Həmin cinayət hadisəsinə görə doqquz il cəzaya məhkum olundum".

Zərərçəkmiş bildirib ki, 2019-cu il tarixdə azadlığa çıxıb: "Evə qayıtdıqdan sonra demək olar ki, heç bir yerə çıxmırdım. Vəlinin ailəsi məndən qisas alacaq deyə atam evdən çıxmağıma icazə vermirdi.

Hadisə günü saat 15 radələrində qonşuluqda olan yas mərasimindən yaşadığım evə doğru gəlirdim. Qəflətən qarşımdan "VAZ 2106" markalı avtomaşın keçdi və mənim sağ tərəfimdə saxladı. Maşından cavan oğlan düşdü, əlində odlu silah vardı. O, silahı mənə tərəf doğruldaraq atəş açdı. Ancaq mənə dəymədi. Artıq dalana çatmışdım və dərhal ev istiqamətində qaçmağa başladım. Həmin şəxs heç nə demədi, sadəcə qışqırdı və ikinci atəşi açdı. Ancaq o da dəymədi.

Evə doğru 5-6 metr irəlilədikdən sonra üçüncü atəşi açıldı. Hər iki ayağımın yuxarı nahiyələrindən yaralandım. Atəş zərbəsindən ilk olaraq hasara sürtündüm, sonra isə arxası üstə yerə yıxıldım".

Elvinin ifadəsinə görə, atəş açan şəxsə belə hərəkət etməməyi desə də, o, dördüncü atəşi açıb: "Güllənin başımın üstündən keçdiyini hiss etdim. Bir neçə saniyə səssiz qaldıqdan sonra yerdə ağrıdan qışqırmağa başladım. Qışqırıq səsimə atam və qonşularımız gəldilər. Məni xəstəxanaya apardılar".

Zərərçəkmiş qeyd edib ki, ona atəş açanın Vəlinin kiçik qardaşı Elçinin olduğunu eşidib: "Elçini uşaq yaşlarında görmüşdüm. Azadlığa çıxdıqdan sonra görmədiyim üçün hadisə vaxtı onu tanımamışam".

Elçin 10 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm