Bu dəblə ayaqlaşmaq üçün çılğın olmaq lazımdır – FOTOLAR
Bizi izləyin

Dəb

Bu dəblə ayaqlaşmaq üçün çılğın olmaq lazımdır – FOTOLAR

Bu il qış fəslinin çox sərt keçəcəyi yəqin ki, çoxunuza məlumdur. Ona görə də, kürklərin mövsümün ən aktual trendi olması ilə razılaşmamaq çətindir.

Dizaynerlər bu il kürkləri ənənəvi deyil, tamamilə gözlənilməz rənglərdə təqdim ediblər. Dəb tənqidçilərinin fikrincə, yeni tendensiya əsasən çılğın xanımların ürəyincə olacaq. Təsadüfi deyil ki, Rihanna və Ledi Qaqa seçilmək istədikdə məhz rəngli kürklərə üstünlük verirlər.

Xatırladaq ki, rəngli kürkləri dəbə ilk dəfə 1970-ci ildə İv Sen Loran gətirib. O vaxt yeni tendensiya dünya şöhrətli ulduzlar üçün nadir tapıntı idi. Bu gün isə rəngli kürklər istənilən modapərəstin qarderobunu bəzəyə bilər. Üstəlik, o, təbii xəzdən olmaq məcburiyyətində deyil.

Odur ki, rəng çeşidlərinin çoxluğu ilə fərqlənən kürk tendensiyası ilə ayaqlaşmağa cəhd göstərməmək bağışlanmaz dəb xətası olardı. Bu material demək olar ki, hər moda evinin payız-qış kolleksiyasında nəzərə çarpır.

Onu da qeyd edək ki, rəngarəngliyinə görə fərqlənən kürkləri dəb tənqidçiləri “dəlisov xəz” adlandırıblar.

Qırmızı kürklər kolleksiyalarda ən çox rast gəlinən rənglərdən biridir. Bunun izahı çox sadədir. Bu gün qırmızı və onun çalarları dəbdədir. Qırmızı kürklərə əsasən, “Anna- Sui”,” Prada”, “Balmain” və.s moda evlərinin kolleksiyalarında rast gəlmək olar. Artıq çəki problemi olan xanımlara isə qırmızı rənglə ehtiyatlı davranmaları tövsiyə olunur.

Qırmızı kürklər qara, boz və ağ kimi eyni tonlu geyimlərlə birləşdirilməlidir. Bununla belə, başdan ayağa qırmızıya bürünərək də çox effektli görünmək olar.

Narıncı və sarı kürklər tutqun qış günlərində sizi depressiyaya düşməyə imkan verməyəcək. Bu rəng obraza parlaqlıq və gözəllik verir. Onu da qeyd edək ki, bu rəng kürklər sarışın və kürən xanımlara çox yaraşır. Əgər belə parlaq kürk geyinməyə ürək etmirsinizsə, sarı xəzlə bəzədilmiş hər hansı aksessuar seçmək olar.

Sarı və narıncı kürkləri “Emilio Pucci”, “Balmain”, eləcə də “Iceberg” kimi moda evləri öz kolleksiyalarında nümayiş etdirib. Bu rəng kürklər qəhvəyi və onun müxtəlif çalarları ilə əla uyğunlaşır.

Yaşıl kürklər qışın ən orijinal trendlərdən biridir. Belə rəngli kürkləri əsasən, “Elie Saab”, “Dior”, “Anna- Sui” moda evləri təklif edib. Yaşılı təzadlı rənglərlə birləşdirmək parlaq fikir deyil. Bu rəngli kürk obrazda əsas rol oynadığı üçün eyni çalarlarla, yaxud sarı və göylə yaxşı görünür.

Mavi və göy istənilən rənglə əla uzlaşır. Belə kürklərin cinslərlə dueti lap gözəl alınır. Göy kürklərə “Paul & Joe” və “Carolina Herrera” moda evlərinin kolleksiyalarında yer verilib.

Bənövşəyi rəng hər zaman üçün uğurlu variantdır. Bu rəngin ən xoş ahəngi gavalı, boğuq yaşıl, çəhrayı tonlarladır.

Payız-qış kolleksiyalarının nümayişindən sonra bu rəng, demək olar ki, bütün xanımların qarderobuna yol tapıb. Açıq çəhrayı kürklər göy, bənövşəyi və yaşıl ilə əla uzlaşır.

Dizaynerlər birrəngli kürklərdən başqa, rəng bloku tərzində hazırlanmış kürklər də təklif edirlər. Rəng bloku zolaqlı, rəngli ləkələr, ziqzaqlar və kvadratlar formasında özünü göstərir. Bu tərz kürkləri “Topshop Unique” , “J.Mendel” və başqa moda evlərinin kolleksiyalarında görmək olar!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm