Kraliçasayağı ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Dəb

Kraliçasayağı ziyafət libasları - FOTOLAR

Məxmər parçalar sonuncu dəfə ötən əsrin 50-ci illəri üçün xarakterik idi. Bu mövsüm məxmər parçalar dəb kürsüsünə yenidən təntənəli şəkildə qayıdıblar. Publika.az xəbər verir ki, dizaynerlərə görə, məxmər parçalar payız-qış mövsümünün ən dəbdə olan materiallarından biridir. Onun müasir dəbə qayıdışı qəribə deyil. Çünki keçmiş dəbin motivləri həmişə aydın şəkildə hiss olunub.

Romantik toxunuşlu məxmər parçalar bu il isti rənglərdə təklif edirlir. Bu mövsüm üçün dizaynerlər zümrüd, yaqut, xardal, şərab, boz, bənövşəyinin solğun çalarlarını və əlbəttə ki, klassik qaranı təklif edirlər.

Paltar, şalvar, pencək və ətək kimi geyimlərlə yanaşı, ayaqqabılarda da məxmərin cazibəsi önə keçir. Bir çox hallarda, məxmər parçalar minimalizm, estetik barokko, qotik və viktorian üslubunda özünü göstərir. Yeri gəlmişkən, qeyd edək ki, ötən əsrlərdə zənginlik əlaməti olan məxmər parçadan yalnız adlı-sanlı xanımlar istifadə edirdi. Məxmər paltarlar yaşlı qadınlarla da assosiasiya olunur. Buna görə də, gənc qızlar onu özlərinə yaraşdırmır. Lakin bu fikir öz əhəmiyyətini çoxdan itirib. Belə hesab olunur ki, hər bir dəbpərəstin qarderobunda məxmərdən tikilən, heç olmasa, bir libası olmalıdır.

Məxmər çətin parça olsa da, onu krujeva ilə kombin etmək olar. Bəbir və gül naxışları isə məxmərlə nadir hallarda dostluq edirlər. Bundan başqa, məxmər libas geyinərkən aksessuar seçimi mütləq nəzərə alınmalıdır. Çünki məxmər parçalar bərbəzəyə dözmür. Demək olar ki, məxmərdə hər bir dekor (tikmələr, strazlar, süni daşlar, xəz) onu həddən artıq yöndəmsiz və ucuz göstərir.

Məxmər parça hətta ən sadə formanı da təmtəraqlı göstərməyə qadirdir. Əgər siz yaddaqalan obraz yaratmaq istəyirsinizsə, o halda orta uzunluqda dərin sinə dekoltesi olan don seçin, boynunuza incə boyunbağı taxın. Yaxud da yerə qədər uzanan və ayağında böyük bir yarıq olan paltar seçin. Bu iddialı model sizi gecənin ulduzu etməyə qadirdir.

Onu da qeyd edək ki, məxmər çətin parça olduğu üçün onu geyinmədən almaq doğru deyil. Bir də, sizə yaraşan rəngi seçin. Məlum məsələdir ki, qara bütün dəri rənginə uyğun gəlir. Sarışın və kürən qızlara qəhvəyi, bənövşəyi və yaşılı, qarabuğdayılara qırmızı və göy məxmərin bütün çalarları tövsiyə edilir.

Məxmər geyimlər artıq gündəlikdə də istifadə olunur. Məsələn, məxmər pencəklə cinsin vəhdəti hər zaman mükəmməl alınır.

Diqqət çəkmək istəməyənlər obrazını məxmər abadok, ayaqqabı və ya çanta ilə tamamlayaraq mövsüm dəbi ilə ayaqlaşa bilərlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm