Stil ikonasından bənzərsiz palto dəbi – FOTOLAR
Bizi izləyin

Dəb

Stil ikonasından bənzərsiz palto dəbi – FOTOLAR

Stil ikonaları geyim məsələsində bizim üçün ən yaxşı nümunədir. Məsələn, trendləri müəyyən edən dəb ilahəsi Miroslava Duma isti və yun paltoları, rahat ponçoları, o cümlədən, plaş və kürkləri necə geyinmək lazım olduğunu öz ifasında ən yaxşı şəkildə nümayiş edir.

Publika.az bu yazıda Miroslava Dumanın palto dəbi haqqında bəhs edib.

Gözlənilməz eksperimentlər və bənzərsiz zövq duyumu sayəsində Miroslava Duma bir neçə üslubu məharətlə birləşdirir. Bu bacarığına görə miniatür xanım dəb dünyasında stil ikonası statusuna və “mix master” (müxtəlif üslubları ustalıqla birləşdirməyi bacaran insan ) ləqəbinə layiq görülüb.

Miroslavanın üslubu cəlbedici, cəsarətli və individualdır. Bu səbəbdən, onun geyimləri hər zaman çoxlu mübahisələr doğurur. Bir qrup onun təkrarolunmaz zövq duyumuna malik olduğunu etiraf edir, digərləri isə təzad təşkil edən geyimləri birləşdirməkdə günahlandırır. Hər halda onun moda dünyasına verdiyi töhfələri danmaq olmaz. Artıq neçə ildir ki, bu miniatür xanım ardıcıl olaraq, dəb jurnallarını üslubu ilə fəth edir. O, ən son dəb tendensiyalarını izləyir və tez-tez klassik çərçivədən kənara çıxır. Bu da bütün dəb tənqidçilərini cəlb edir.

Stil ikonası trendlərə kor-koranə əməl etmir. Miroslava Duma istənilən halda kütləni yeni ideyalarla təəccübləndirməyi bacarır. Hətta moda həftələrində fotoqraflar onun qeyri-adi obrazlarını çəkmək üçün növbəyə düzülür. Onun bəzək-düzək sahəsində böyük təcrübəsi var və o, demək olar ki, istənilən obrazı yarada bilər. Dumanın bəzək əşyaları hər zövqə xitab edir. Bu, parıltılı muncuqlar, yaxud rəngarəng saç lentləri ola bilər. Modapərəst xanım yeni bənzərsiz obrazlar yaratmaqdan qorxmur. Miroslava Duma geniş və rəngarəng qarderob sahibidir.

Palto və plaşlar isə onun qarderobunun ayrılmaz hissəsidir. Dəb ilahəsinin hər rəngdə palto və plaşları var. Lakin bej və pastel rəngin müxtəlif çalarlarına daha çox rast gəlinir. Onun qarderobunda bu üst geyimin ən rəngbərəng və müxtəlif fasonlarına rast gələ bilərik. Miroslava lakonik və təkrəng paltolarına yaxa sancaqları və ya kəmərlə bəzək vurur. Kəşmir və ya yun paltoları adətən dəri kəmərlə, plaş və dəri üst geyimlərini isə metal kəmərlə uzlaşdırır. Bu zaman onun obrazı effektli alınır.

Kiçikboylu qızlara uzun geyimlərin başucalığı gətirmədiyi deyilsə də, dəb ilahəsi öz timsalında bunun tamamilə əksini sübut edir. Uzun paltoları dikdaban ayaqqabılarla birləşdirib özünə yaraşdırır.

Miroslava ponçoların da böyük pərəstişkarıdır. Ulduz modapərəst müxtəlif fasonlu ponçoları öz çiyinlərinə saymazyana atır. Ponçolar sadə geyim olsa da, çox gözəl təsir bağışlayır. Avropa ailələrinin padşahları əbəs yerə ponçoları sevmirdi ki...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm