Vaşintqon-Pxenyan sazişi TƏHDİD ALTINDA – Rusiya üçün ƏLVERİŞLİ AN
Bizi izləyin

Digər

Vaşintqon-Pxenyan sazişi TƏHDİD ALTINDA – Rusiya üçün ƏLVERİŞLİ AN

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In və ABŞ prezidenti Donald Trampın planlaşdırılan görüşü baş tutmaya bilər. Ötən həftə Tramp KXDR-in lideri ilə görüşünün tarixi və yerini açıqlamış, görüşün iyunun 12-də Sinqapurda olacağını bildirmişdi.

Pxenyan isə mayın 15-də Vaşinqtonu ABŞ-KXDR sammitini ləğv etməklə hədələdi. Sammitdən imtinaya səbəb kimi Seul və Vaşinqtonun birgə hərbi təlimləri göstərilir. KXDR həmçinin bildirdi ki, Pxenyan mayın 16-da Cənubi Koreya ilə keçirilməsi planlaşdırılan yüksək səviyyədə danışıqları ləğv edir.

Ekspertlər hesab edirlər ki, sammitin baş tutmaması riski Vaşinqtonun danışıqlarda çox sərt ton götürməsi ilə bağlıdır. Pxenyanda hesab edirlər ki, amerikalılar Şimali Koreyanın birtərəfli silahsızlaşmasına nail olmaq istəyirlər və güzəştlərə hazır deyillər. Rusiyada isə bu fikirdədirlər ki, danışıqların baş tutmaması Moskvaya vasitəçi rolunda çıxış etməyə imkan verə bilər.

Pxenyan ABŞ-la əlverişli sazişə bel bağlayır. Daha əvvəl Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə etdi ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.

Pxenyanda hesab edirlər ki, danışıqların nəticələri Şimali Koreya iqtisadiyyatının inkişafına impuls verməlidir. Eyni zamanda, Kim Çen In böyük risk qarşısındadır. Axı hərbçilər nüvə proqramından imtinanı məğlubiyyətə bərabər hesab edəcəklər və bu, onun nüfuzunda mütləq təsir edəcək.

Buna görə də Şimali Koreyanın Xarici İşlər Nazirliyi xəbərdarlıq edir: “Ağ Ev bizi küncə sıxışdırmağa çalışacaqsa, biz danışıqlara marağı itirəcəyik”.

Silah lobbisinə qarşı

Trampın məsləhətçiləri, xüsusən Con Bolton ABŞ-KXDR sazişini şüurlu olaraq əngəlləyir.

Publika.az xəbər verir ki, bu fikirlə “RİA-Novosti” agentliyinə şərhində Rusiyanın Strateji Kommunikasiyalar Mərkəzinin vitse-prezidenti Dmitri Abzalov çıxış edib.

“Əgər Koreya Xalq Demokratik Respublikası nüvə silahından imtina edərsə, Sakit okeanı regionunda ABŞ-ın əhəmiyyətli layihələri lazım olmaya bilər. Hər şeydən əvvəl Cənubi Koreya və Yaponiyadakı hava hücumundan müdafiə sistemindən söhbət gedir. Bu müdafiə komplekslərinin qiyməti milyardlarla dollarla ölçülür. Onun alınmasını Pxenyan tərəfindən təhdidlə izah edirlər. Burada Amerika biznesmenlərinin - Respublika Partiyasının sponsorları ciddi maliyyə xeyrindən söhbət gedir”, - ekspert deyib.

Onun fikrincə, Tramp administrasiyasında sazişi dəstəkləyən dövlət katibi Maykl Pompeo və “müharibə partiyası”nın üzvlərindən olan milli təhlükəsizlik üzrə məsləhətçi Con Bolton arasında qarşıdurma var.

“Amerika lideri kimin tərəfindən dayanacağı barədə qərar verməlidir”, - Abzalov qeyd edib.

Onun sözlərinə görə, qərara geostrateji faktor təsir edə bilər. Məsələ bundadır ki, Cənubi Koreyada və Yaponiyada hava hücumundan müdafiə sisteminin olması ABŞ-a sərfəlidir. Çünki, ondan Çinə qarşı istifadə edə bilər. Buna görə də Vaşinqton Pxenyandan qeyd-şərtsiz güzəştlər istəyir.

Parçalanmış Qəddafinin kölgəsi

Ancaq Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Koreya və Monqolustan bölməsinin əməkdaşı Aleksandr Vorontsov hesab edir ki, Vaşinqton Pxenyana çox güclü təzyiqi göstərərək sərhədləri keçir.

“Vaşinqtonun mövqeyini belə xülasə etmək olar: əvvəlcə siz tamamilə silahsızlaşacaqsınız və sonra biz sizə nə təklif edəcəyimizə baxacağıq. Şimali Koreya təhlükəsizlik zəmanətlərini istəyir və hesab edir ki, əgər öz nüvə proqramını satacaqsa, bunu baha qiymətə edəcək. Silahların sadə təslim edilməsi Pxenyan qane etmir. Kim Çen In və onun ətarfını vaxtilə nüvə proqramından imtina etmiş Liviya lideri Müəmmər Qəddafinin taleyini xatırlayır. Şimali Koreyada heç kim onun yolu ilə getmək istəmir”, - mütəxəssis vurğulayıb.

Ekspert xatırladır ki, Pxenyan Vaşinqtonu ciddi hərbi təhlükə kimi qiymətləndirir: “Birgə Amerika-Cənubi Koreya manevrlərinə üç yüz mindən çox insan çox cəlb edilib. Manevrlər şimali koreyalılarda qorxu və etibarsızlığa səbəb olur. Qərb KİV-i bu amilə diqqət yetirmir. Ancaq xatırlayın, onlar Rusiyanın Belarusla keçirdiyi birgə təlimlərə necə reaksiya verdilər. Halbuki, bu təlimlərdə iştirak edən hərbçilərin sayı ən azı on dəfədən də az idi”.

Rusiya oyuna daxil olur

Əgər Pxenyanın davranışında şübhəli əhval-ruhiyyələr üstün gələrsə, nüvə silahından imtina haqqında danışıqlar dayanmayacaq, ancaq danışıqlarda ABŞ rolu azalacaq. Dmitri Abzalovun fikrincə, belə şəraitdə Rusiya Cənubi Koreya, Yaponiya və Çinlə yanaşı vasitəçi rolunda çıxış edə, ikitərəfli əlaqələr çoxsəviyyəli formatla əvəzlənə bilər: “Əgər Şimali Koreya amerikalılarla deyil, Çin, Cənubi Koreya və Rusiya ilə denuklearizasiya haqqında razılaşarsa, Rusiya üçün mükəmməl vəziyyət yaranacaq”.

O vurğulayır ki, danışıqların indiki formatı Moskva yanından keçən qeyri-rəsmi sazişdir.

“Bu vəziyyətdə Trampın diplomatik uğursuzluğu işlərin durumunu dəyişdirə bilərdi”, - ekspert yekunlaşdırıb.

Həll, yoxsa Rusiya üçün yeni münaqişə ocağı?

Koreya böhranın həllində Rusiyanın rolunun artacağı barədə ekspertlərin proqnozları fonunda Ukraynanın milli təhlükəsizlik məsələləri üzrə ekspert Taras Jovtenko bir neçə gün əvvəl söylədiyi fikirlər yada düşür. “ObozTV”-nin efirində danışan ekspert bildirib ki, Rusiya Ukrayna və Suriyada münaqişələri alovlandıraraq Qərbi dünyanın yenidən nüfuz dairələrinə bölünməsi haqqında danışıqlar stoluna oturmağa məcbur edəcəyinə ümid edirdi. Onun sözlərinə görə, bu cəhdlər müvəffəqiyyətsizliyə uğradıqdan sonra Kreml ehtiyat planını işə salmaq qərarına gəldi.

“Rusiya Ukraynada qarşısına qoyduğu siyasi və geosiyasi hədəflərə nail ola bilmədi. Moskva Ukrayna münaqişəsi çərçivəsində NATO və Avropa İttifaqında stabilliyi pozmaq, beləliklə, ABŞ-ı Rusiyanın superdövlət statusunun tanınması üzrə danışıqlara məcbur etmək istəyirdi. Ukraynada uğursuzluqdan sonra Rusiya hansısa bir alternativ tapmağa cəhd etdi və beləliklə, rusiyalılar Suriyada ortaya çıxdılar. Amma biz görürük ki, Rusiyanın Suriya macərası da bu gün uğursuzluğa düçar olur. Ukrayna və Suriya ssenarisinin uğursuzluğu halında Rusiyada ehtiyat variant var idi. Bu, Şimali Koreyadır”.

Görünür, Ukrayna və Suriyada Qərbi danışıqlar stoluna əyləşməyə məcbur edə bilməyən Rusiya Koreya böhranının həllində bunu etmək istəyir. Bu ayın əvvəlində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Panorama” jurnalına müsahibəsində söylədiyi fikirlər də bunu açıq şəkildə göstərir.

“Dünyada çoxlu məsələ yığılıb və onları Moskva ilə Vaşinqtonun əməkdaşlığı olmadan həll etmək mümkün deyil”, - Lavrov Koreya üzrə danışıqlardan kənarda qalmasına görə narazılığını gizlətməmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm